“Eurovision” müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq, Bakı bulvarında çoxlu sayda xarici turistlərə rast gəlinir. Əksər turistlər ilk dəfədir Bakıda olurlar və şəhərimiz onlarda müxtəlif təəssüratlar yaradıb. Maraqlıdır, əcnəbi tuistlər ölkəmiz haqqında nə düşünürlər? Modern.az əməkdaşları turistlərin ölkəmizə münasibətini öyrənib. İlk müsahibimiz əslən Avstraliyadan olan, hal-hazırda Londonda yaşayan dizayner Lisadır.
- Bakı sizə necə təsir bağışladı?
- Bir həftədir ki, paytaxtınızın qonağıyıq. Bakı olduqca gözəl və heyrətamiz şəhərdir. İnsanları çox mehriban, dostcanlı və qonaqpərvərdilər. Biz bu müddət ərzində Qız Qalasında, İçərişəhərdə, bulvarda və digər maraqlı yerlərdə olduq. Bir sözlə Bakını sevdik.
- Artıq gəldiyiniz bir həftədir. Bu müddət ərzində harada qalırsınız?
-Biz çox varlı insanlar deyilik. Uçuş bileti çox baha olduğu üçün, xərcimiz çox çıxdı. Pulumuz da az olduğundan məcbur olduq ki, ucuz otellərdə qalaq.
- Azərbaycanın mətbəxi haqqında nə deyə bilərsiz?
- Restoranlarda oturmağa çox da vaxtımız olmadı. Ona görə də mətbəxiniz haqqında geniş danışa bilmərəm. Amma kababı və şirniyyatınız olan paxlavanı bəyəndik. Doğurdan da paxlavanız çox dadlıdır.
- Hanıs ölkələri favorit görürsünüz?
-Təbii ki, birinci növbədə İrlandiya. Daha sonra Azərbaycan, Ruminiya, İslandiya, Almaniya və İsveçrə. Sizin təmsilçiniz gözəl xanımdır. Mahnı da gözəldir.
- Azərbayacana gəlmədən öncə, ölkəmiz haqqında nə eşitmişdiniz?
- Azərbaycan deyəndə, ilk növbədə bizim yadımıza neft düşür. Sizin çox qədim və əvəzolunmaz xalçalarınız haqqında çox eşitmişəm. Amma yenə də deyim ki, neftiniz haqqında xaricilər çox bilir.
- Bizim Qarabağ problemimiz var. Bu barədə nə bilirsiniz?
- Sizin nə probleminiz var ki? Hə, siz ermənilərlə olan problemdən danışırsınız.. İndi xatırladım. Elə buna gorə də ermənilər Azərbaycana gəlməkdən imtina etdilər. Amma qəribədir ki, ermənilər nəyə görə, bu hərəkəti etdilər? Bu siyası bir yarışma deyil, bu bir musiqi yarışmasıdır. Müharibə, dava-dalaş nəyə lazım axı? İnsanlar bir olmalı, bir-birlərinin mədəniyyətini, xasiyyətini öyrənməlidir. Necə ki, biz indi bura gəlmişik, sizin insanların xarici qonaqlara necə xoş münasibət bəslədiyinin şahidi oluruq. Ümid edirəm ki, gələn il İrlandiyada görüşəciyik, biz də o zaman deyəcəyik ki, “Salam Bakı”.
Modern.az