Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 25-də “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda iştirak ediblər. Modern.az xəbər verir ki, Prezident Respublika Günü münasibətilə xalqı təbrik edib və bu günün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlət başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını qeyd edən İlham Əliyev bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövrün də Azərbaycan üçün uğurlu olduğunu bildirib.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu deyən Prezident 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı 1993-2003-cü illərdə ölkəmizin böyük, uğurlu yol keçdiyini vurğulayaraq, xalqın görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla yad etdiyini bildirib.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, regional müstəvidə təsir imkanlarının artdığını, iqtisadiyyatın inkişaf etdiyini vurğulayan dövlət başçısı, digər sahələrdə də respublikamızın sürətlə inkişaf etdiyini deyib. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini deyən Prezident ötən il müstəqilliyinin 20-ci ildönümünü qeyd edən gənc respublikamızın 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xarici siyasətimizin düzgün olduğunun bariz nümunəsi kimi səciyyələndirib. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Prezident İlham Əliyev bu istiqamətdə heç bir nəticənin olmamasından təəssüfləndiyini vurğulayıb. Münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların kifayət qədər qətnamə və qərarlarının olduğunu diqqətə çatdıran dövlət başçısı bu istiqamətdə bir neçə gün əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə çox əsaslı və ədalətli qətnamənin qəbul edildiyini deyib.
Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkə olduğunu deyən Prezident beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.
Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarışlıqlı hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışdığını deyən dövlət başçısı ölkənin bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam vardır və biz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacağıq.
Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq, Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edib.
Modern.az