Dövlət qurumlarında elektron xidmət təşkili ilə bağlı verilən vaxt çoxdan başa çatsa da...
Prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən son iclasda elektron xidmətlərin geniş şəkildə tətbiqinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu vurğulayaraq, bəzi dövlət qurumlarında bu xidmətin olmamasından və ya qismən fəaliyyət göstərməsindən narazılıq edib. İlham Əliyev aprelin 16-dakı iclasda hər bir dövlət qurumunda elektron xidmət yaradılması üçün 2 həftə vaxt vermişdi. Həmin iclasdan iki həftə deyil, 1 aydan çox vaxt ötür... Görəsən vəziyyət nə yerdədir?
Osman Gündüz: “Elə dövlət qurumları var ki, məlum sərəncam onlarda icra olunmur”
Araşdırmalar göstəriri ki, verilən vaxt deyəsən bəzi dövlət qurumlarrına kifayət etməyib. Çünki bir çox dövlət qurumlarının saytlarında elektron xidmətlər tam fəaliyyət göstərmir.
“Hazırda həm yerli icra hakimiyyəti orqanlarının, həm də mərkəzi icra hakimiyyəti orqanlarının informasiya açıqlığı üzrə monitorinqlərini apararırıq. Proses davam edir, 130-dək mərkəzi və yerli icra hakimiyyəti orqanı var ki, biz onların saytlarını bu ayın axırına qədər monitorinq edib qurtarmalıyıq və növbəti ayın ortalarında bununla bağlı geniş hesabat, eyni zamanda informasiya açıqlığı ilə bağlı reytinq cədvəli ictimaiyyətə təqdim olunacaq”.
Bu sözləri Modern.az saytına açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə xeyli sayda dövlət qurumları var ki, onların saytlarında elekron xidmət bölməsi yaradılmasına baxmayaraq, bu iş yarımçıq qalıb.
“Həmin bölmədə siz ancaq onlayn müraciət formasını tapa bilərsiniz, vəssalam və başqa xidmətlər yoxdur. Amma indi bir çox dövlət qurumu var ki, təzəlikcə saytlarındakı elektron xidməti zənginləşdiriblər. Hər iki tendensiya gedir, amma ümumiyətlə gedişat müsbət istiqamətdədir. Bizim hesabat açıqlananda görcəksiniz ki, elə dövlət qurumları var ki, prezidentin bununla bağlı məlum sərəncamı onlarda hələ icra olunmur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Seymur Məmmədov onlarda hələ elektron xidmətlər bölməsinin tam fəaliyyət göstərmədiyini bildirib. O qeyd edib ki, komitənin internet saytında ölkələrarası övladlığa götürmə, vətəndaşların müraciəti, sual və təkliflər bölməsi var.
“Ölkələrarası övladlığa götürmə bölməsi tam işləmir. Ümumiyyətlə, sırf elektron xidmətlər haqqında qayda yoxdur. Orada sistemin təşkili daha dərindir, elə şeylər var ki, onların sayta yerləşdirilməsi bir müddət vaxt alır. Bu uyğunlaşdırılma, xidmətin göstərilməsi təkcə bizdən asılı deyil. Burada qarşılıqlı orqanlar da var. Hansı ki, biz burada Təhsil və Səhiyyə nazirlikləri ilə birlikdə iş aparırıq. Bilavasitə bizim işimiz həmin qurumlardan keçir. Çünki beynəlxalq övladlığa təqdim edilən uşaqlar haqqında məlumatlar Təhsil və Səhiyyə nazirliklərindən komitəyə göndərilir və komitənin bazasında yerləşdirilir. Bu məlumatların sonradan elektron formada keçirilməsi nəzərdə tutulub”.
S.Məmmədov bildirib ki, həmin bölməyə övladlığa götürmək üçün hansı sənədlərin lazım olması, onların hansı formada toplanıb komisiyaya təqdim edilməsi və vətəndaşa elektron formada hansı sənədlərin çatışıb-çatışmaması barədə məlumat verilməsi, sənədlər qeydiyyata alınandan sonra vətəndaşın arzusuna uyğun olaraq uşağın təklif edilməsi və digər prosedurlar daxildir.
“Amma bu sistemin tam formada işləməsi üçün müəyyən bir vaxt tələb olunur. Bu proqqramın həyata keçrilməsini sürətləndirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında agentlik də açılıb. Yaxın vaxtlarda bizdə də bu bölmə tamamlanaraq fəaliyyət başlayacaq”..
Milli Televiziya və Radio Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Tohid Əliyev onlarda yalnıız “qaynar xətt” və email ünvanlarının fəaliyyət göstərdiyini bildirib.
“Bundan əlavə, iclaslar, qərarlar qəbul olunanda, qanuna dəyişikliklər ediləndə də yenilənmə gedir. Media üçün də məlumatlar qoyulur. Hər hansı tender olanda biz həmin tender üçün lazım olan sənədlərin siyahısını, onların elektron formasını da sayta yerləşdiririk ki, müraciət edən şəxs hər hansı sənəd üçün bir neçə dəfə gedib-gəlməsin. Amma onların elektron formada qəbul edilməsi mənə elə gəlir ki, düzgün deyil. Televiziya bir qədər ciddi sahədir və ona görə də tenderdə iştirak edəcək şəxsləri görmək, onlarla danışmaq lazım gəlir”.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev texniki problemlərin qaldığını, onların da yaxın vaxta kimi həll olunacağını və elektron xidmətlərin tam fəaliyyət göstərəcəyini qeyd edib.
“Texniki problemlər artıq həll olub, yəqin ki yaxın vaxtlarda internet saytında bu xidmətin göstərilməsi aktivləşdiriləcək. Bu gün hər kəsə ərizə ilə müraciət etmək şəraiti yaradılıb, amma birbaşa elektron xidmətin göstərilməsi çox qısa müddət ərzində həyata keçiriləcək”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin rəisi Asəf Əliyev bildirib ki, onlarda elektron xidmətlər bölməsi ilə bağlı işlər hələ tam yekunlaşmayıb.
“Hardasa gələn həftəyə qədər işlər tam yekunlaşdırılacaq və elektron xidmətlər bölməsi tam olaraq insanların istifadəsinə veriləcək”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov hal-hazırda onlarda bununla bağlı işlərin aparıldığını qeyd edib.
“Çox təcili, sürətlə işlər aparılır. Elektron xidmətin yaradılması ilə bağlı aidiyyatı şirkət tərəfindən komitədə avadanlıqların alınması, serverlərin quraşdırılması üçün müvafiq şöbələrin otaqları müəyyən edilib. Yəni komitə tərəfindən daxili şəbəkənin qurulması üçün çox sürətlə işlər aparılır və aidiyyatı şirkət bunun üzərində işləyir”.
E.Qədimov vurğulayıb ki, elektron xidmətlə bağlı tapşırıqların təcili icra edilməsi üçün Baş nazirin müavini Əli Həsənov aidiyyatı şöbələrin əməkdaşlarının iştirakı ilə mayın 22-də müşavirə keçirib.
“Yəni Əli müəllimə işlərin hansı vəziyyətdə olması barədə müşavirədə müəyyən məlumatlar verildi və bununla o da öz tapşırıq və tövsiyyələrini verdi.
Hal-hazırda isə bizim tərəfimizdən göstəriləcək elektron xidmətlərin inzibati reqlamentlərinə baxılıb və təsdiq olunub. Elektron xidmətlə məşğul olacaq şəxsin sənədləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib. Bundan əlavə, elektron imzanın alınması bizdə tam təmin edilib. Yəni bütün komitə əməkdaşlarının, məhz bu sahə ilə işləyən əməkdaşların hamısının imzası var. Hesab edirik ki, tezliklə, yaxın zamanlarda bu sahədə görülən işlər tam yüksək səviyyədə başa çatdırlıacaq”- deyə E.Qədimov qeyd edib.
Bakı Metropoliteni, Dövlət Neft Şirkəti isə ümumiyyətlə elektron xidmətlə hələ heç bir iş görməyib. Milli Təhlükəsizlik Nazirliyi də bu sıraya daxil olan dövlət qurumlarındandır.
Yuxarıda adları çəkilən dövlət qurumları elektron xidməti yaxşı fəaliyyət göstərməyən mərkəzi icra hakimiyyəti orqanlarının yalnız bir neçəsi idi. Bu sıra xeyli genişdir.
Xatırladaq ki, hər bir dövlət qurumunda elektron xidmətin yaradılması üçün prezident hələ 2011-ci ilin may ayında sərəncam imzalamışdı.
Aytən ƏLİYEVA