Təbrizi heç zaman görməsəm də, bu şəhəri mənəvi paytaxtımız, arzularımın şəhəri kimi hiss edirəm. Bəlkə də bu fikirlər Təbriz haqqında yalnız kitablardan oxuduqlarıma görə yaranıb. Təbii ki, bu yazını xəyalən Təbrizə həsr etmək fikrində deyiləm.
Ancaq son dövrlər İranda, xüsusilə, Təbrizdə Azərbaycanın əleyhinə təşkil olunan mitinqlər, etiraz aksiyaları məni bu yazını yazmağa vadar etdi.
“EURVİSİON -2012” musiqi yarışması artıq bitdi. Ancaq belə təxrbatçı addımlar çətinki bitsin. Əslində sivil bir musiqi yarışması haqqında bu qədər qərəzli addımlar atmaq heç kimə başucalığı gətirmir. Əgər bu aksiyalar islam təəssübkeşliyindən qaynaqlanırdısa, onda vaxtı ilə Türkiyədə keçirilən eyni adlı müsabiqə yarışması niyə görə qıcıq yaratmırdı?
Bakıda keçirilən bu müsabiqəni izləyən milyonlarla tamaşaçı bir daha şahidi oldu ki, bu yarışma sözün yaxşı mənasında mədəniyyət hadisəsidir. Heç bir sərhəd tanımayan, dəyərli musiqi insanlara yalnız zövq verir, istirahət verir.
Deməli, problemi İranın daxilində axtarmaq lazımdır. Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, qapalı, totalitar rejimlərdə cəmiyyət daha da aqresiv olur. İnsanların enerjisi sıxılır. Sıxılmış enerjinin nəyəsə sərf olunması tamamilə mümkündür.
Ötən il ərəb ölkələrində başlayan inqilablar, silahlı qarşıdurmalar bunu bir daha sübut edir. Ancaq bu inqilablar daha ağır fəsadlar verməkdədir. Ümumiyyətlə, XX əsrdə ən çox inqilab İranda və Güney Azərbaycanda olub. Təəssüf ki, bu çevrilişlərdən sadə əhali daha çoz əziyyət çəkib. 1979-cu il İranda şah rejiminin devrilməsi ilə başa çatsada, orada yaşayan xalqlar o cümlədən bizim 30 milyondan artıq soydaşlarımız öz istədikləri cəmiyyəti bərqərar edə bilmədilər.
Son dövrün hadisələri təsdiqləyib göstərir ki, İranın daxilində növbəti bir inqilab kabusu dolaşır. Cənub qonşumuzda inqilabın və yaxud hər hansı hərbi müdaxilənin baş tutması birinci növbədə İranın özü üçün fəlakətdir. Digər tərəfdən qonşu ölkələr üçün də ciddi problemlər yarada bilər. İnqilabların və hərbi müdaxilələrin ağır nəticələrini Misirdə, Liviyada və sonda isə Suriyada görürük.
Sivilizasiyalı islam dünyadan təcrid olunub yaşamağı, ümumilikdə, insan azadlığını boğmağı, insan hüquqlarını tapdalamağı qəbul etmir. Sivil islamdan uzaq düşən, Avropanı qəbul etməyən İran bəs, onda necə ola bilər ki, Avropa stilində tikilən kostyumlardan, Qərb ölkələrində istehsal olunan son dərəcə zəruri olan müasir avadanlıqlardan, informasiya, kommunikasiya texnologiyalarından istifadə etsin?
Əgər dünyanın bu kəsimini qəbul etmirsənsə, o zaman onun texnologiyasından da imtina et. Bu sadəcə olaraq mümkün deyil. Deməli, burada əsas məsələ başqadır. Bu da ondan ibarətdir ki, Azərbaycanın müstəqiliyini, dövlət kimi möhkəmlənməsini qəbul etmək, həzm etmək problemi var. “EURVİSİON -2012” problemi yoxdur.
İranda bəzi dairələr Azərbaycan Respublikası sözünü dilə gətirmək istəmir. Bu dairələr Azərbaycanın müstəqilliyini heç vəclə qəbul etməyərək Azərbaycan dövlətini Baku höküməti adlandırır.
Ancaq bütün yollar qapanmayıb. Bu inqilablardan qurtulmaq, cəmiyyətdəki sıxılmış enerjini düzgün istiqamətə yönəltmək üçün ən optimal yol islahatdır, təkamüldür, qonşu Azərbaycanla mehriban qonşu kimi davranmaqdır. Görəsən, Ermənistan kimi terrorçu dövləti bağrına basmaq, onu bütün sahələrdə himayə etmək, Azərbaycana qarşı belə xoşagəlməz siyasət həyata keçirmək hansı islami dəyərlərə uyğundur.
Onu da qeyd etmək lazımdır ki, İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsi beynəlxalq təhlükə mənbəyidir. Mətbuatın yazdığına görə, Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti, ticarəti və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Şübhəsiz ki, bu zona hüququn təsir dairəsindən kənarda olduğuna görə, qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək çətin məsələdir.
Digər tərəfdən artıq mütəmadi olaraq eşidirik ki, İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik maddə müsadirə olundu. Burada artıq qramdan söhbət getmir. Böyük həcmlərdən, hətta bəzən tonlardan söhbət gedir. Müşadidələr göstərir ki, bu işlər yüksək səviyyədə idarə olunan, çox mütəşəkkil, böyük dəstələrin Azərbaycan xalqına və ümumilikdə insanlığa qarşı təxribatıdır. Görünür, burada bir azca islam təəssübkeşliyi olsaydı bu məsələlərin qarşısını alamaq mümkün olardı.