Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva Bakı şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin keçirilməsilə bağlı əmr imzalayıb. Bu barədə Modern.az-a BŞTİ-nin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Həmin əmrə uyğun olaraq BŞTİ-nin müdiri Nailə xanım Rzaquliyeva da Bakı şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.
Əmrdə Bakı şəhərinin ümumtəhsil məktəblərində “Song zəng” tədbirlərinin mayın 3-i saat 10:00 -dan başlayaraq üç saat müddətində keçirilməsi qeyd olunub. Əmrdə o da bildirilir ki, “Son zəng” tədbirləri yalnız məktəbin ərazisində keçirilsin. Qeyd edək ki, keçirilən “Son zəng” tədbirində valideynlər, müharibə və əmək veteranları, elm, mədəniyyət, incəsənət xadimləri, tanınmış alim – pedaqoqlar da iştirak edə biləcəklər. Tədbir öncəsi isə “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı siniflərdə şagird və valideyn iclasları keçirilməli, müvafiq izahat işləri aparılmalıdır. Tədbirin rəsmi hissəsi bitdikdən sonra olacaq müxtəlif şənliklər pedaqoji kollektivin bilavasitə rəhbərliyi ilə məktəblərdə təşkil olunmalıdır.