Nigar Kərimova: “Burada insanlar öz keflərindən qalmırlar, hər gecə barda, restoranda olurlar”
Modern.az saytı “Xaricdəki tələbəmiz” adlı layihəsini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xaricdə təhsil proqramının təqüdçüsü Nigar Kərimovadır. Nigar Böyük Britaniyanın York Universitetində İnsan Resurlarının İdarə edilməsi ixtisası üzrə magistr təhsili alır.
- Əvvəlcə özün barədə məlumat istəyirik.
- 1989-cu ildə Sumqayıt şəhərində doğulmuşam. Xəzər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunuyam. Daha sonra ARDNŞ-nin Kadrların hazırlanması şöbəsində 1 il kadr hazırlığı üzrə mühəndis işləmişəm. 2010-cu ildən isə ARDNŞ-nin İnsan Resursları Departamentində kadr hazırlığı üzrə mühəndis vəzifəsində çalışmışam.
- Xaricdə təhsil almaq qərarını necə verdin?
- Mən iki il kadr hazırlığı sahəsində çalışdım. Amma bu sahəni daha da dərindən öyrənmək istəyirdim. Azərbaycanda isə bu peşə üzrə ixtisas olmadığına görə xaricdə təhsilimi davam etdirmək qərarına gəldim. ARDNŞ-nin xaricdə təhsilllə bağlı proqramından yararlanmaq istədim. Hazırda təhsilimi başa vurmaq üzrəyəm.
- Bu qərarını ailən necə qarşıladı?
- Bu mənim ən yaralı yerimdir. Əvvəl anam icazə vermədi, əslində isə hamı pis baxırdı. Amma atam bu qərarıma çox böyük dəstək verdi. Sonra anam da razılaşdı. Elə ən böyük dəstəyi də onlardan alıram. Təyyarəyə minəndə az qalsın gecikirdim. Anam buraxmırdı. Birtəhər əllərindən qaçıb minə bildim. Düzünü deyim, elə indi də bəzi insanlardan qulağıma xoşagəlməz sözlər çatır.
- Müəllimlər haqqında bir az danışa bilərsən?
- Müəllimlər çox fərqlidir, hər kəsə eyni yanaşırlar. Məsələn, bir mövzu olanda çox böyük məmuniyyətlə sənə görüş vaxtı ayırırlar və hər tərəfli kömək etməyə çalışırlar. Hətta dərsdən əlavə xarici tələbə kimi problemimiz olanda kömək edirlər. Heç vaxt milli, cinsi, dini ayrı-seçkilik salmırlar. Bütün millətlərə, onların adət və ənənələrinə hörmətlə yanaşırlar.
- Tələbələrlə münasibətin necədir?
- Münasibətlərimiz çox əladır, onlar mənə çox hörmət edirlər. Hətta ayrılacağımızı düşünəndə kövrəlirik. Ümumiyyətlə isə, qrupumuzda çox mehribandır, sanki biz bir ailəyik.
- Digər azərbaycanlı tələbələrlə əlaqən var?
- Burada o qədər də çox azərbaycanlı yoxdur. Cəmi 7-8 nəfərik. Amma hər birimiz müxtəlif ixtisaslarda təhsil aldığımız üçün bir-birimizi görmək şansımız o qədər də çox deyil. Ümumiyyətlə isə münasibətimiz yaxşıdır. Ən azından hamımız Azərbaycanı təmsil edirik.
- Azərbaycandakı tələbə həyatınla Böyük Britaniyadakı tələbə həyatın arasında hansı fərqlər var?
- Demək olar ki, çox böyük fərq var. Dərsdən sonra vaxtını səmərəli keçirmək üçün tələbələrə çox gözəl imkanlar yaradılıb. Həftə sonları əyləncəli məclislər, müxtəlif şəhərləri gəzmək üçün turlar təşkil edilir. Ümumiyyətlə, mən həm də həvəskar rəssamam. Boş vaxtlarımda rəsm əsərləri çəkirəm. Bundan başqa, vaxt tapan kimi musiqi ilə məşğul oluram. Elə indi gitara çalmağı öyrənirəm.
- İngiltərənin təhsil sistemi ilə bağlı nə deyə bilərsən? Oxumaq çətindir?
- Təhsil sistemi çox mürəkkəb qurulub. Bəlkə də, biz Azərbaycan sisteminə öyrəşdiyimiz üçün çətin gəlir bizə, amma insan yavaş-yavaş alışır. Azərbaycanda fərqli olaraq burada magistratura 1 illikdir və ildə 2 yox, 3 semestr olur. Semestr imtahanı və kurs işləri ilə bir-birinə bağlıdır. Yəni təhsili başa vurduqdan sonra bütün semestrin nəticələri toplanır və müəyyən bir balans yaradılır. Burada təhsil almaq həqiqətən çox çətindir. İlk növbədə tələbə tək yaşayır, daha sonra dil çətinliyi yaranır. Buradakı ingilis ləhcəsinə alışana qədər müəyyən vaxt keçir. Halbuki, mən Xəzər Universitetində təhsilimi ingilis dilində almışdım. Amma buraya gələndə 2 aylıq ingilis dili kursu keçdim. İndi heç bir çətinliyim yoxdur, çünki ən çox istifadə etdiyim və eşitdiyim dil ingilis dilidir.
- İlk günlərdə hansı çətinlikləri yaşadın?
- Əlbəttə ki, buraya gələndə çox çətin oldu. İlk növbədə tanımadığın bir şəhərə düşürsən, insanlarını, küçələrini tanımırsan. Zaman keçdikcə sənə doğma gəlməyə başlayır. Bir sözlə alışırsan. Mən universitetinin yataqxanasında qalıram. Otaq yoldaşlarım müxtəlif millətlərdəndir. Mənə onlarla bir yerdə qalmaq çox çətin gəlirdi amma daha öyrəşmişəm.
Ən böyük çətinliyim isə yemək oldu. Yaxşı ki, özüm yemək bişirə bilirəm. Hətta arada düşbərə, dolma bişirirəm və digər azərbaycanlıları da qonaq çağırıram. Amma burada ən pis odur ki, çörək, qatıq yoxdur. İngilislər demək olar ki, çörək yemir. Daha bir çətinlik isə digər millətlərin bişirdiyi yeməklərdir. Məsələn, çinli tələbələr var ki, onların bişirdikləri yeməklərin iyisi adamı dəli edir. Hərdən bizləri qonaq çağırırlar. Adam getməməyə də utanır. Digər uşaqlar məcbur olub donuz əti yeyirlər. Mən yeməyəndə deyirlər ki, sən ayrı-seçkilik salırsan və s. Amma mən ilk dəfədən dedim ki, belə yeməklər yeyə bilmirəm. Buna görə də mənim gələcəyimi biləndə ayrı yeməklər bişirirlər.
- Problemləriniz olanda necə həll edirsiz? Kimə müraciət edirsiz?
- ARDNŞ-nin London şəhərində nümayəndəliyi var, oranın rəhbəri Rüfət müəllimdir. Tələbələrin nə problemi olursa, həmin an həll edir. Mən hələki elə də böyük problemlər yaşamamışam. Amma bura təzə gələndə, mənə verilən otaq xoşuma gəlmədi onu dəyişmək istədim. Burada da qanun elədir ki, sən otağı dəyişə bilməzsən. Qaldın ya qalmadın, sən 9 ayın pulunu ödəməlisən. Mənə dedilər ki, kampusda boş otaq yoxdur. Mən istədim ARDNŞ-. müraciət edim. Amma sonra öyrəndim ki, universitetdə beynəlxalq tələbələrin problemlərini həll etmək üçün bir nəfər var. Mən onun e-mailinə yazdım, səhəri gün mənim otaq məsələm həll olundu.
- İngilis mətbəxində ən çox nəyi bəyənirsən?
- Ümumiyyətlə, ingilislərin zəngin mətbəxi yoxdur. Burada ən çox məşhur olan italyan restoranlarıdır. İngilislərin ancaq çayı məşhurdur. Pakistan yeməklərini çox xoşlayıram, çünki bizim mətbəxə yaxındır. Əla plov bişirirlər. Türk restoranları da var, amma onlar da artıq inglisləşiblər. Ancaq türk paxlavası və mərci şorbası tapmaq olur. Bir də burada kürdlərin restoranları var, orada dönər hazırlayırlar. Amma həmin dönəri alırsan, dönərə heç oxşamır. Plasmas qablarda çörəksiz qoyun ətiylə pomidoru qarışdırıb qoyurlar. Adını da qoyublar dönər. Ümumiyyətlə isə artıq öyrəşmişəm buranın yeməklərinə.
- Xaricdə təhsil almaq, yaşamaq səndə nələri dəyişib?
- Demək olarki, mənim bir çox xüsusiyyətlərim dəyişib. Məsələn, mən çox iyrənən olmuşam. Hətta evdə mənim ayrıca tualetim də var idi. Hər qapıya əl vura bilməzdim. Amma indi hər şeyə alışmışam. Hər şey adidir mənim üçün. Buraya ilk gələndə nə qədər ağlayırdım. Hər yerdən iy gəlirdi, yemək yeyə bilmirdim.
Bundan başqa mən öz ayaqlarımın üstündə dayana bilirəm, özüm öz problemlərimi həll edə bilirəm. İnsanın dünyagörüşü tam dəyişir. Təhsil sistemi insana çox şey verir. Mənə elə gəlirdi ki, nəzəriyyə əsas deyil, əsas təcrübədir. Amma burada öyrəndim ki, əsas nəzəriyyədir. Əgər sən nəzəriyyəni bilməsən, iş həyatında da uğurlu ola bilməyəcəksən. Mən əminəm ki, vətənimə geri qayıdandan sonra çox böyük yeniliklər edə biləcəm. ARDNŞ-də Təlim və inkişaf departementi var. Orada inkişaf gedir, xaricə tələbələrin göndərilməsi və s. Amma təlim getmir. Mən də təlim üzrə oxuduğuma görə istəyirəm ki, orada yeniliklər edim. İstəyirəm ki, universitetlərdə insan resurları üzrə ixtisas açaq. Həmişə deyirdilər ki, kadr yoxdur. Amma indi var. Mənimlə birgə bir oğlan da var, o da bu ixtisası oxuyur. Plan hazırlamışıq ki, gələndə ya Xəzər ya da Qafqaz Universitetində İnsan Resursları üzrə ixtisas açaq. Görək necə olur? O qədər azərbaycanlı tələbə var ki, bu ixtisas üzrə oxumaq istəyir. Amma nə bu ixtisas, nə də xaricə də getməyə imkan var. Onlar üçün şans yaratmaq lazımdır.
- Səncə azərbaycanlı tələbələrin xaricdə təhsil almasına ehtiyac var?
- Hardasa var. Amma xaricdə təhsila alan tələbələrimiz də çoxdur. Məncə onlar yetərlidir. Çoxu da qayıtmaq istəmir. İstəyirlər ki, daha yaxşı şəraitdə daha yaxşı maaş alsınlar. Amma Azərbaycanda da xaricdə təhsil almayan o qədər savadlı uşaqlar var ki, adam şoka düşür. O cür uşaqları görəndə düşünürsən ki, Azərbaycanın özündə də təhsil alan kifayət qədər savadlı gənclər var.
- Azərbaycanı tanıtmaq üçün azərbaycanlı tələbələr hansı işlər görürlər?
- Ən çox Azərbaycan günü keçiririk. Məsələn, mən Azərbaycan günü keçirəndə ARDNŞ məni hər şeylə təmin edir. Nə lazımdırsa yazıb göndərirəm onlara, ARDNŞ də öz nümayəndəsini və lazım olan pulu göndərir. Hətta Bakıdan mənə nə lazımdırsa göndərirlər: paxlava, şəkərbura, milli geyimlər və s . Elə bir müddət əvvəl Mançestr Universitetində azərbaycanlı tələbələr Azərbaycan günü keçirmişdilər. Sonda süfrə açdılar və plov, dolma, paxlava, şəkərbura və s var idi. Belə günlərdə bütün xərcləri ARDNŞ çəkir. Amma bu cür tədbirləri keçirtmək çox çətindir. Əmin deyilsən ki, nə qədər adam gələcək. Çünki, Azərbaycan haqqında heç kim heç nə bilmir. Demək olar ki, “Eurovison” Mahnı Müsabiqəsinə görə bu il tanınmağa başladıq. Müsabiqə keçiriləndə hamı televizordan baxırdı.
Burada çinli tələbələr var. Onlar ümumiyyətlə özlərindən başqa heç bir ölkəni, milləti tanımır. Bizim qrupda 37 nəfər çinli var. Mənim hesabıma onlar Azərbaycanı tanıdı. Hətta Azərbaycanın tarixiylə də maraqlanırlar.
Bundan başqa, Xocalı soyqırımı günündə azərbaycanlı tələbələr əllərində plakat, “Xocalı” sözü yazılan köynəkdə sakit aksiya keçirdilər. Bütün tələbələr bu aksiyaya qoşulmuşdu. Heç kim də bunun qarşısını almağa çalışmırdı.
Müstəqillik günümüzdə Londonda tədbir təşkil edilmişdi və səfirimiz də iştirak edirdi.
- Ermənilərinlə azərbaycanlıların münasibəti necədir?
- Demək olar ki, mən olan şəhərdə erməni yoxdur. Amma eşitmişəm ki, qorxaq olurlar. Mən bir dəfə hiss etdim ki, bir nəfər erməniydi. Lakin o, erməni olmağını gizlətdi məndən. Bunun səbəbi odur ki, istəmirlər avtoritetlərini itirsinlər. Bilir ki, biz həm ona, həm də digər insanlara faktlarla onların əməllərini deyə bilərik. Buna görə də burada olan ermənilər öz kimliklərini gizlədirlər. Mən belə başa düşürəm ki, öz ölkəsinə görə utanırlar. İstəmirlər ki, ölkələrini işğalçı bir dövlət kimi tanısınlar.
- Bir ayda nə qədər xərcin çıxır? Aldığın təqaüd bəs edir?
- 1200 Böyük Britaniya poundu alıram. Yeməyə ən çoxu 100-150 pound çıxır. Kitabları da universitet özü semestrin başlanğıcında hədiyyə edir. Geyim də çox ucuzdur. Hətta Azərbaycandan 3 dəfə ucuzdur. Burada nəqliyyat, istilik sistemi, işıq, kommunal xərclər bahadır. Amma geyim, ərzaq, internet, telefon xərcləri və s. hamısı çox ucuzdur.
- Böyük Britaniyaya daha çox hansı ölkələrdən tələbələr var?
- Ən çox çinli tələbələrdir. Pakistandan da çox tələbələr var. Amma Türkiyədən o qədər də çox deyil. İngiltərədə daha çox kürdlər var. Özlərinin “Kürdüstan” dövlətinin təbliğatıyla məşğuldurlar. Onlar mənə burada nifrət edirlər. Deyirlər “sən türksən, türk qadınısan. Bizim düşmənimizsən”.
- İngiltərədəki yaşayış tərziylə Azərbaycanı müqayisə edə bilərsən?
- Qərblə Şərq arasında həmişə fərq var. Bizə hər qeyri-adi gələn bir şey burada çox adidir. Məsələn, qız 16 yaşından sonra evdən çıxır, heç ailə maraqlanmır ki, qızım hanı. Çox soyuqqanlı millətdirlər. Biz küçədə görə bilərik hansısa qız barda içib gəlir, küçənin ortasında yıxılıb yatıb. Mən ona baxsam mənə gülərlər ki, sən niyə ona baxırsan? Bu insanlar öz keflərindən qalmırlar. Hər gecə barda, restoranda olurlar. İçki üçün ölürlər.
- Bəs sən əcnəbi vətəndaşla ailə qurarsan?
- Düzün heç vaxt o haqqda düşünməmişəm. Amma belə baxanda xarici millətlər də insandır. Mənim üçün milliyətin önəmi yoxdur. Əsas odur ki, mənim adət-ənənələrinə hörmət etsin, mənim dinimi, qaydalarımı qəbul etsin. Elə bir insan olsa, onunla ailə həyatı qura bilərəm.
- Gənclərə hansı ölkələrdə və universitetlərdə təhsil almağı məsləhət görərdin?
- Xaricdə də elə universitetlər var ki, onu oxumaqdansa oxumamaq daha yaxşıdır. Amma məşhur universitetlərdə oxumaq məsləhətlidir. Hansı universitet ki, ilk onluqdadır, o universitetlər daha yaxşıdır. Amerika, Almaniya, Türkiyə, İngiltərə, Fransada təhsil güclüdür. Türkiyənin Orta Doğu Teknik Universiteti, Sabancı, Boğaziçi, Mərmər universitetləri çox güclüdür. Hər ölkənin bir neçə məşhur universiteti var, araşdırıb ən yaxşılarını seçmək lazımdır.
Sevinc İLTİFATQIZI