Modern.az

Elçin Cəfərov: “Bizim siyasətimiz xalça üzərindədir” - MÜSAHİBƏ

Elçin Cəfərov: “Bizim siyasətimiz xalça üzərindədir” - MÜSAHİBƏ

Ölkə

2 İyun 2012, 10:13

“İdmançı elə təkcə qolunun gücünə, əzələsinə güvənməli deyil”

“Tanınmış idmançılarla müsahibə” rubrikası davam edir. Bu dəfə Modern.az saytının suallarını Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov cavablandırır.

Dosye: yunan-Roma güləşi üzrə idman ustası olan Elçin Cəfərov 1959-cu ildə Ağdam rayonunda anadan olub. 2002-2010-cu illərdə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi işləyib. İşlədiyi müddətdə beş dəfə Avropa çempionu (2005-2007-2008-2010), bir dəfə Avropa Çempionatının gümüş mükafatçısı (2010), üç dəfə Avropa çempionatının bürünc mükafatçısı (2006-2009), ikiqat dünya çempionu (2007-2009), iki Dünya çempionatının gümüş mükafatçısı (2002-2006), iki Dünya çempionatının bürünc mükafatçısı (2009), Azərbaycan Yay Olimpiya oyunları tarixində ilk dəfə olaraq yunan-Roma güləşi üzrə Olimpiya çempionu (2004, Afina), Yay Olimpiya oyunlarının iki gümüş mükafatçısı (2008, Pekin) kimi nailiyyətləri əldə edib. 2004-2006-2007-ci illərdə Azərbaycan Respublikasında ilin “Ən yaxşı məşqçisi” seçilib.

– Azərbaycan cəmiyyətində idmançıların imici heç də birmənalı deyil. Ötən illərin bir sıra dəyərləri kimi, idmançıların imici də sarsılıb...

– Hər zamanın, dövrün öz tələbi var. Sovet dövründə idmana münasibət tam başqa idi. Ancaq  90-cı ilin əvvələrində keçmiş SSRİ dağılandan sonra hər bir sahədə olduğu kimi idmanda da pərakəndəlik yarandı. Bir çox adlı-sanlı idmançılar cürbəcür cinayətkar əməllər məşğul olmağa başladı. Elə bu gün də o vaxt həbs olunan bir çox adlı-sanlı idmançılar məhbəslərdədir. Əgər 1997-ci ildə hazırki ölkə prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilməsəydi, yenə də idmanın cinayətkarlıqla eyniləşdirilməsi davam edəcəkdi. İlham Əliyevin MOK prezidenti seçilməsi ilə Azərbaycanda bütövlükdə idmana və idmançılara münasibət dəyişdi. İdmançılara böyük diqqət, qayğı göstərildi və onların məişət problemləri həll olundu. Onlar cəmiyyətdəki ən hörmətli adamlarla bərabər tutuldular.

– İdmana gəlişiniz necə baş verdi?

– Dördüncü sinifdən hazırda Bakıxanov qəsəbəsində yerləşən Olimpiya İdman liseyinin 4-cü sinifinə gəlmişəm. Valideynlərim buna qarşı idi. Çünki böyük qardaşlarım orta məktəbdə əlaçı idilər, amma mənim oxumaqla heç aram yox idi. Bir il liseydə futbolla məşğul oldum. Məşqlərin birində ayağım əzildi və zalın qabağından keçəndə gördüm özüm yaşda balaca uşaqlar güləş öyrənir, bir-birinə fənd atırlar. Sonrakı məqçim İsmayıl Çöpçüyev dedi ki, güləşmək istəyirsən? Dedim, yox, mən futbola gedirəm. Dedi, bəlkə güləşəsən? Güləşdim, fənd bilmədən bir-ikisinin kürəyini yerə vurdum. Beləliklə, günlərin bir günü bir yolluq güləşlə məşğul olmaq barədə qərar verdim. Altı aydan sonra məktəb birinciliyi keçiirildi. Həmin yarışda birinci yeri tutdum. Sonra Bakı və Respublika birinciliyi oldu. Həyatımı bütünlüklə yunan-Roma güləşinə bağladım. Daha sonra “Dinamo” cəmiyyətinə gəldim. Fikrət Tahirov –bir çox dünya, Avropa və Olimpiya çempionlarının məşqçimiz idi. “Dinamo”da Ülvi Quliyev, Füzuli Musayevlə tanş olduq. Onlar SSRİ çempionu idilər və o vaxt bu, hər adamın işi deyildi.

– 10-cu sinifi başa vurana qədər respublika çempionu ola bildiniz. O zaman ətrafın sizə münasibəti necə idi?

– SSRİ dönəmində Dünya, Avropa, Olimpiya oyunlarına çıxmaq çox çətin məsələ idi. O zaman Azərbaycan çempionu, ümumittifaq turnirlərinin və dəfələrlə SSRİ birinciliyinin mükafatçısı oldum. Sonra çox böyük zədə aldım və iki dəfə əməliyyat olundum və həkimlər dedi ki, sənə böyük idman olmaz. Beləkilə, 25 yaşında böyük idmanı zədə üzündən tərk etdim. Məsələ burasındadır ki, çox cavan yaşında SSRİ idman ustası oldum. O zaman “Dinamo” cəmiyyətində məşqçi işləməyə başladım. Daha sonra baş məşqçi və Olimpiya ehtiyatı qüvvələri məktəbinin müdiri oldum. Demək olar ki, bu günə qədər güləşlə, idmanla bağlı işimi, fəaliyyətimi davam etdirirəm. Respublikanın əməkdar məşqçisiyəm. Bir müddət respublikada idmana rəhbərlik edənlərdən olmuşam və rəhbər vəzifələrdə çalışmışam. Hazırda Azərbaycan Güləş Federasiyasının vitse-prezidentiyəm.


– İdmanın güləş döşəyindən kənarda sizin köməyinizə çatdığı vaxtlar olubmu? Məsələn, hər hansı bir haqsızlığı görüb ona müdaxilə etmisizmi?

– Elə anlar olub, amma əlbəyaxaya çatmayıb. İdmançı elə təkcə qolunu gücünə, əzələsinə güvənməli deyil. Onun zehni işləməli, dünyagörüşü olmalı və çoxlu kitab oxumalıdır. Hərdən deyirlər ki, gücün var ağıl o qədər də lazım deyil. Amma bunu deyənlər idmana təsadüfən gələn insanlardı.

– Orta məkətdə oxuduğunuz vaxt davakar olmusunuz?

- Uşaq vaxtı çox davakar olmuşam. Ümumiyyətlə, sinif və güləş bölməsində də dava etsəm də, hər zaman haqqın tərəfində olan biri olmuşam. Gücsüzlərin üzərində kiminsə onu sıxmasının qəbul edə bilməmişəm. Durduğum yerdə dava eləyən olmamışam. Görmüşəm ki, mənə aidiyyatı olmayan bir məsələdir, tanımadığım adam olub üstünə iki-üç nəfər düşüb onu müdafiə etmişəm.

– Sizin gəncliyinizin təsadüf etdiyi illərdə məşhur, tanınmış idmançılar çox az olub. Maraqlıdır sizə münasibət necə idi? Qız pərəstişkarlarınızdan anonim məktublar almısınızmı?

– Münasibət isə həmişə yaxşı olub. Hər zaman cəmiyyətdə hörmət sahibi olmuşuq və bu hörmətdən sui istifadə etmirdik. Qızlara gəlincə, vaxtımızın çoxunu məşqlərdə və yarışlarda keçirirdik. Odur ki, əlavə işlərə vaxt qalmırdı.  

– İdmançının güclə keçə bilmədiyi, əldə edə bilmədiyi nə isə varmı?

– Əgər idmançı rejimə, nizam-intizama tabe olmursa onun gücü nə qədər olursa olsun, o çox yüksək nəticələrə nail ola bilməyəcək. İdmançının nəticə qazanması üçün dəmir nizam-intizamı olmalıdır. Əgər idmançı maksimum 10 il ərzində qarşısına qoyduğu məqsədə, yəni dünya, Avropa və Olimpiya çempionu ola bilmirsə, deməli, o, idmanla məşğul olmayıb. Elə-belə gün keçirib.

– Sizcə, niyə biz fərdi idman növündə üstünlüyə malikik və bunu kollektivçiliyə keçirə bilmirik? Bu, milli xarakterimizdən irəli gəlmir ki?


– Məşqçiyə kollektiv komandanı formalaşdırmaq üçün heç olmasa 6-7 il vaxt verilməlidir. Hansı idman  növü olursa-olsun, davamlı məşqçi dəyişikliyi heç vaxt uğur gətirə bilməz. Məşqçiyə vaxt və ehtiyat qüvvə lazımdır. Ancaq bu halda o, mübarizəyə hazır komanda yarada bilər. Sadəcə olaraq bir az çox işləmək lazımdır.

– Məşqçi olaraq hər zaman tələbkar olmusunuz. Fərid Mansurov artıq yığmanın məşqçisidir. O sizin bu ənənəni davam etdirə bilirmi?

– Yaxşı idmançı olmaq hələ yaxşı məşqçi olmaq demək deyil. 10 ilə yaxın müddətdə yığma komandaya məşqçilik etdim. Sağlamlığımdan tutmuş, uşaqlarımın böyüməsinə kimi hər şeyi idmana qurban vermişəm. Tələbələrimdən neçəsi Avropa və dünya çempionları olub. Yetirmələrim iki Olimpiya oyunlarında iştirak edib. Onlar Azərbaycana biri qızıl, ikisi gümüş olmaqla 3 medal gətiriblər. Ona görə də mən həm idmançı kimi, həmdə məşqçi kimi idmanda olan nəticələrimdən çox razıyam. İkincisi mənə bu işi etimad göstərib bu işə cəlb edənlərə cənab prezident İlham Əliyevə, o vaxt bu işə gəlməyimə xeyir-duanı verən Əbülfəs Qarayevə, bu günə qədər idmanın başında duranların hamısına Güləş Federasiyasının prezidenti Fazil Məmmədova təşəkkür edirəm.

– İdman həm də tərbiyə vasitəsədir. Sizin təcrübəniz müddətində çətin tərbiyə olunan uşaq olubmu ki, idmanla ona tərbiyə verə bilmisiniz?

– Bəziləri dildə, bəziləri isə qolda güclü olur. Təbii ki, qoldan güclü olan hər bir sahədə ona qalib gələ bilir. Burada da idmana gedənlərin çoxuda çox çətin tərbiyə olunanlardan gəlirlər. Eləsi olur ailəsində, sinifində özünü güclü sayır. Gəlir düşür milliyə və onda görür ki, ancaq öz kəndində, yaxud çevrəsində birincidir. Sonra isə respublika var, ondan sonra Avropa, dünya və Olimpiya yarışları. Başa düşür ki, səhv yoldadır. Amma elələri də olur ki, Avropa və Dünya birinciliyinin qalibi adını qazzana biliblər. Halbuki bir vaxtlar barələrində deyirdilər ki, o avaranın, pozğunun, tərbiyəsizin biridir. O qədər beləsini düz yola gətirmişik ki...

– Qarşıdan Olimpiya oyunları gəlir. Azərbaycanın rəqibi kimi hansı ölkəni görürsünüz?

– Bütün ölkələri. Artıq Azərbaycanı idman ölkəsi kimi qəbul ediblər. Bu da təsadüfi deyil. 2020-ci ilin olimpiya oyunlarına əsas ev sahibliyi etməyə namizəd dövlətlərdən biri də Azərbaycandır.  Azərbaycanın artıq 40 yaxın rayonunda olimpiya kompleksləri, şəhərimizin mərkəzində nə qədər olimpiya qurğuları var. Demək istəyirəm ki, bütün dünya bizə rəqibdir. Bu yarışlarda iştirak etmədən Azərbaycana qarşı münasibətin necə olduğunu bilməyəcəksiniz. Həm qorxurlar, çəkinirlər, həm də istəmədən hörmət edirlər. Bunların hamsını keçə-keçə özümüzü sübut edirik ki, bəli, biz də varıq. Biz bunu sübut etmək üçün artıq 53 lisenziya qazanılıb. Onun 13-ü Azərbaycan Güləş Federasiyasının payına düşür. 6-sı sərbəst güləşdə, 5-i yunan-Romada, 2-si qadın güləşində.  

– Ən çox hansı idmançıya inanırsınız?

– Bu Olimpiya oyunları elə bir məsələdir ki, bu yarışma göstərmə bir şeydir. Orada gözlədiyin idmançıdan heç nə gözləyə bilməzsən. Ani bir vəziyyətdir. Gözüvü açıb-yumursan və görürsən ki, o, uduzub gəlib oturub sənin yanında. Gözləmədiyin idmançı elə bir sensasiya edir ki, dəhşətə gəlirsən. Bütün idman növündə belədir. Görürsən 10 dəfə  dünya çempionu olub, amma adi bir idmançıya uduzur. Olimpiya oyunları yeganə bir turnirdi ki, orada proqnoz vermək olmaz.

– Bunun səbəbi nədir?

– Səbəbi odur ki, fala baxmaqla, kart açmaqla Olimpiya oyunlarına hazırlaşmırlar. Bunun üçün ciddi hazırlaşmaq lazımdır. O hazırlığın da əvvəlcə sinənə döysən, uduzub dala qayıdacaqsan. Diqqətin ancaq nəticəyə olmalıdır. Fikirləşməlisən ki, oradan medalla qayıtmalıyam. Konkret olaraq düşdüyün rəqibin işini həll etməlisən. Ona görə sənlə düşəndə sənin, o birisi ilə düşəndə o birisinin məsələsini “həll etməlisən”. Ondan sonra təbii ki, sən qalibsən. Ona görə də Olimpiya oyunları nəticəsi gözlənilməz, surprizli oyunlar adlanır. Güclü idmançılarımız olub ki, sovet dövründə də, indi elə olub Olimpiya çempiyonudur. Kim istəməz ki, ikiqat Olimpiya çempionu olmasın. Ancaq elə olur ki, uduzurlar. Bunun da bir sıra səbəbləri var. Çəki salma, xəstələnmə prosesi, yaxud yarışa iki gün qalmış zəhərlənmə. Dünya və Avropa çempionatları elədir ki, bir-iki gün qalmış idmançını digəri ilə dəyişmək olar. Amma Olimpiya oyunları belə deyil. Elə idman növləri var ki, hər idmançının özünün adına gəlir. O idmançı da gedib orada öz adını doğrutmalıdır. Uduzan idmançı dediyimiz səbəblərdən uduzur. Sonra da deyirlər ki, filan idmançı ulduz xəstəliyinə tutulub. Belə çıxır ki, idmançı qalib gələndə özü gəlir, məğlub olanda hamı günahkardır. Ona görə də idmanda yazılmamış qanunlar var və bu həmişə olacaq.

– Sərbəst güləşlə müqayisədə yunan-Roma növündə ağır çəkili idmançılarda qalib gəlmək problemi var. Bunun səbəbi nədir?


– Sərbəst güləşlə yunan-Roma güləşini müqayisə etmək olmaz. Bu mümkün deyil. Yunan-Roma güləşi ən qədim idman növüdür. İlk dəfə olaraq 1896-cı ildə Olimpiya oyunlarının proqramına daxil olub. Həmin vaxt Olimpiya oyunlarında yeddi növ üzrə mübarizə aparıblar. Səkkizinci güləş olub ki, kim qalib gəlirdisə, o, Olimpiya çempionu olurmuş. Sonralar Olimpiya oyunlarının proqramı dəyişdirildi, böyüdüldü, gəldi idman növlərinə də bölündü. Təbii ki, yunan-Roma güləşində dünyanın heç bir ölkəsi yeddi çəkinin hər birinddə nəticə verə bilməyib. Amma sərbəst güləşdə Azərbaycan, Rusiya və İranda 4-5 çəki qalib gələ bilər. Amma yunan-Roma güləşində bir az çətindir. Buda onun ağırlığından, hazırlığından, çətinliyindən. Burada qurşaqdan yuxarı güləşirsən və onların da hər birinin müdafiəsi var. Bunların hamısını da bilib, böyük ustalıqla həyata keçirəsən. Bu da bir elmdir. Yəni ola bilməz ki, bir insan bir neçə sahədə elmlər doktoru olsun. İdmançı da idmanda bu qədər fəndləri, nəticələri göstərir və gəlib bunu qazanır. İdmançı cavanlığını, sağlamlığını və biliyini verib idmana. Bu da idmanın alimidir.

– Azərbaycanın yaxın qonşuları arasında Rusiya, Türkiyə kimi idmana həssas ölkələr var. Onlar sizin uğurlarınızı görüb, sizi öz komandalarına məşqçi kimi dəvət ediblərmi?

– Bir çox idmançılarımız keçmiş SSRİ ölkələrində, Ukrayna, Belarus, Rusiya kimi ölkələrdə çıxış edirlər. Kamandar Məcidov, Vüqar Orucov Belarusa, qılıncoynadan İlqar Məmmədov isə Moskvaya getdilər. Bizim məşqçilərimiz Türkiyə, İran, ərəb ölkələri və Avropada işləyiblər. Bu gün məşqçilərimizə tələbat böyükdür. Hətta bir neçə məşqçimiz Braziliyaya dəvət alıb. Şəxsən mənə gəldikdə, dəvətlər olub, Avropa ölkələrinə, 2008-ci il Olimpiya oyunlarından sonra isə Londona dəvət ediblər. Amma başqa yerlərdə yaşamağım çətin məsələdir. Bu daha çox səhhətimlə bağlıdır.





Anar Kəlbiyev
Elçin Ağayev         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!