“Evrovision-2012" günlərində öz avtomobilləri ilə Azərbaycana gələn bir qrup alman səyyahının Bakıda qoyub getdikləri maşınların taleyi medianın diqqət mərkəzindədir.
Modern.az saytının bir müddət öncə xəbər verdiyi kimi, “Allgeau-Orient” adlı avtorallinin iştirakçıları olan bir qrup alman turist sürüb gətirdikləri 240 ədəd şəxsi avtomobilini qaçqın və məcburi köçkünlərə bağışlayaraq vətənlərinə təyyarə ilə qayıdıblar.
Məlumata görə, almanlar maşınları öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə köçkünlərə bağışlamaq istəsələr də, “Dövlətqaçqınkom” bundan imtina edib. Almaniya ilə münasibətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanın dövlət qurumlarından birinin belə addım atması tamamilə ağlabatandır.
Amma bu arada əməkdaşımız alman səyyahlarla bağlı daha bir məlumat da əldə edib. Məlumata görə, almanların gətirdikləri bəzi avtomobillər Azərbaycandakı “SOS Uşaq kəndi”nə bağışlanılıb.
Məsələ ilə bağlı “SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının” ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İlhamiyyə Rza ilə əlaqə saxladıq. İlhamiyyə xanım bildirdi ki, həqiqətən də Almaniyanın Leypsiq şəhərindən “Makai Europe” şirkəti Bakıda keçirilən “Evrovizion” yarışmasından öncə “SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasına” məktubla müraciət edibmiş. Alman şirkəti bildiribmiş ki, bir qrup alman səyyahın Bakıya sürüb gətirəcəkləri maşınları burada sataraq, əldə olunan pulu Azərbaycandakı “SOS Uşaq kəndi”nin hesabına köçürmək istəyirlər.
“Məktubda onlar komandanın 8 nəfərdən ibarət olduğunu və 4 maşınla gəldiklərini, Xorvatiyadan, Serbiyadan, Bolqarıstandan, Türkiyə və Gürcüstandan keçəcəklərini, 25 mayda Bakıya çatacaqlarını qeyd ediblər. Bildiriblər ki, MDR Jump alman radiosu və bütün səfəri sənədli film üçün videokamera ilə çəkəcək bir nəfər operator da onlarla gələcək. Daha sonra məktubda “Evrovizion”a bilet aldıqlarını və bazar günü öz çeklərini təqdim etmək üçün SOS kəndini ziyarət edəcəklərini qeyd ediblər”.
Almanlar həmin məktubda maşınları burada ücüz sata bilmək üçün gömrük rüsumu ödəmədən gətirmək istədiklərini də vurğulayıblar. “Əks təqdirdə yüksək vergi ucbatından alıcılar üçün onları almaq çətin olacaq”-deyə almanların məktubunda bildirilib. Xeyriyyəçilər bu halda əldə ediləcək məbləğin təxminən 7-8 min dollar civarında olacağını və bütün bu pulları pulu Azərbaycandakı “SOS Uşaq kəndi”nə bağışlamaq istədiklərini bildiriblər.
Amma bəzi səbəblərdən alman xeyriyyəçiləri öz niyyətlərini əvvəlcədən planlaşdırdıqları kimi gerçəkləşdirə bilməyiblər.
İlhamiyyə Rza Modern.az-a deyib ki, “Makai Europe” şirkətinin xeyriyyəçiləri məktubda qeyd olunan vaxtda “SOS Uşaq kəndi”ndə olublar və xeyriyyəçilik aksiyasını həyata keçiriblər.
Amma... onlar maşınlarını heç də məktubda qeyd etdikləri kimi Bakıda yox, Gürcüstanda satıblar.
“Onlar bununla əldə etdikləri puldan 5 min dollarını söz verdikləri kimi, bizim Assosiasiyanın hesabına köçürmək üçün hesab nömrəsini aldılar. Yəqin ki, bir neçə günə həmin pulu “SOS Uşaq kəndi”nin hesabına köçürəcəklər”.
O ki qaldı digər alman turistlərin Bakıda qoyub getdikləri avtomobillərə, həmin 240 maşının taleyi barədə Azərbaycanın rəsmi qurumları hələki ictimaiyyətə bir açıqlama vermək istəmirlər...
Qızılgül Abdinova