Ekspert: “Bu qurumların sərəncamverici səlahiyyəti olmayacaq”
Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən ölkənin iri şəhər rayonlarında sahə inzibati-ərazi dairələri yaradılacaq. Belə bir qurumun yaradılmasına nə dərəcədə ehtiyac var və idarəetmə sahəsində ölkəyə nə verəcək?
Milli Məclisin regional məsələlər daimi komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, iri şəhər rayonlarında sahə inzibati-ərazi dairələrinin yaradılması idarəetmə sahəsində mümkün qədər təkmilləşməyə səbəb olacaq. Hazırki şəraitdə iri şəhər rayonlarında idarəetmə prosesi çox çətindir. Bunun əsas səbəbi əhalinin məskunlaşdığı bəzi ərazilərin rayon mərkəzlərindən uzaq olmasıdır: “Təsəvvür edin, hər bir kəndin idarəetmə orqanı var, ancaq Yasamal kimi böyük bir rayonda yalnız rayon icra hakimiyyəti fəaliyyət göstərir. Bu isə idarəetmə sahəsində müəyyən boşluq yaradır. Odur ki, əhali ilə idarəetməni yaxınlaşdırmaq üçün belə bir qurumun yaradılmasına ehtiyac var”. Komitə sədrinin bildirdiyinə görə, iri şəhər rayonlarında sahə inzibati-ərazi dairələrinin yaradılması əhalinin inzibati strukturlarla təmasını təmin edəcək.
Millət vəkili, parlamentin regional məsələlər daimi komitəsinin üzvü Fəzail İbrahimli bildirib ki, iri şəhər rayonlarında sahə inzibati-ərazi dairələrinin yaradılması idarəçiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatın tərkib hissəsidir: “Bununla iri şəhər raionlarında idarəetmə sadələşdiriləcək, kifayət qədər yeni iş yerləri açılacaq. Belə bir qurumun yaradılması icra hakimiyyətlərinin yükünün azalması baxımından əhəmiyyətlidir. Hazırda isə vətəndaşlar adi bir məsələ üşün icra hakimiyyətlərinə müraciət edirlər”.
Qeyd edək ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunada nəzərdə tutlan dəyişikliyə görə, rayon bölgüsü olmayan şəhər inzibati-ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati-ərazi vahidinin ərazisinin inzibati-ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati-ərazi dairələri yaradılır. Sahə inzibati-ərazi dairələri azı 20 min əhalisi olan ərazidə yaradılacaq, yalnız istisna hallarda əhalisi 20 mindən daha az olan ərazilərə şamil ediləcək. Sahə inzibati-ərazi dairələri nömrələnəcək və yerləşdiyi əraziyə uyğun ad veriləcək. Onun sərhədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müəyyən edəcək.
Dəyişikliklərin zərurətini şübhəyə alan hüquqşünas Mirzə Manafov bildirib ki, əhali ilə inzibati strukturların təmasını yaxınlaşdırmaq üçün kifayət qədər qurumlar mövcuddur. Bunlar mənzil-istismar sahələrindən tutmuş bələdiyyələr və onların məhəllə komitələrinə qədər strukturları əhatə edir. Sadəcə, sözügedən orqanlar fəaliyyətsiz quruma çevrildiklərindən əhali ilə təmasları qırılıb. Digər tərəfdən, bu qurumlar vətəndaşlarla işləmək ənənəsini unutduqlarından əhalinin onlara etimadı azalıb: “Elə yeni yaradılacaq inzibati-ərazi dairələrinin də bundan irəli gedəcəyi inandırıcı görünmür. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, bu qurumun sərəncamverici səlahiyyətlari olmadığından sadəcə, vasitəçi rolunu oynayacaq. Yəni əhalinin hər hansı problemi ilə bağlı məsələdə vətəndaşın sənədlərini icra hakimiyyətinə təqdim edəcək. Yerli problemlərin həllinə gəldikdə isə hələ də mənzil-istismar sahələri ilə bələdiyyələrin məhəllə komitələri bu səlahiyyətlər uğrunda mübarizə aparırlar”.
Natiq