“Poskrebi kajdoqo Russkoqo, okajetsya Tatarin”
Elmə əsaslanmayan, yalnız emosiyalardan doğulmuş tarixlər çox yazılıb, Rusiyanın tarixi kimi. Bu ölkəni tapmacaya da bənzətmək olar. Tarixinə dair cavablar sadə olsa da, açması çətindir. Çoxları bu səbəbdən araşdırmalar üzərində yarışıblar, sonda gerçəkliklər ortaya çıxıb, amma onu dilə gətirmək heç də asan iş deyilmiş. Bunu edənlər də barmaqla sayılacaq qədərdir. Rusların gerçək tarixindən bəhs etmək üçün cildlərlə kitab yazmaq bəs etməz, onun üçün mən də bu işdən kənaram. Lakin bəzi məqamları qeyd edərək rus tarixini yaradan türk Karamzin haqqında bəhs etməyə dəyər deyə düşünürəm. Çünki bu ad Dostoyevski, Yusupovlar, Geremetyevlər, Turgenev, Bunin kimi Rus dövləti və milləti adına tam mənası ilə bərabər tutula bilən nəhəng adlar siyahısındadır.
Ruslarda yaxşı bir söz var: “Poskrebi kajdoqo Russkoqo, okajetsya Tatarin” . Doğurdan da bu məsəlin gerçək payı kökləri araşdırdıqca meydana çıxır. Və nəticədə anlaşılır ki, türk soyadı rusun tarixində təsadüfi hal olmayıb, bu tarixi faktorların nəticəsidir. Bilindiyi kimi xüsusən son iki əsr içərisində rus adı altında onlarla xalq, xüsusən də türk mənşəli olanlar əsillərini itirdilər. Məlumatlara görə, 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan sildilər, rusların və ya başqa xalqların üstünə yazdılar, çünki o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyətinə onun əmlakına baxılan kimi baxırdılar. Yetinməyib türk adları, soyadları ruslaşdırıldı. Bu əslində sadəcə siyasi hakimiyyətin yox, keçmiş əsrlərdən bəri türkün canlı tarixini yox edən məhz rus tarixşünasları, ədəbiyyatşünaslarının “əsər”i idi. Bu olaylara zəmin yaradanlar içərisində təəssüf ki, Karamzin də var idi.
Saray tarixçisi Karamzin
Karamzin kimi öz kökündən qopub başqa millətlər üçün tarix yaradanlar çox olub. Amma təbii ki, axır-əvvəl doğrular yerini tutacaq. Zarafat deyildi, rusun adından danışmaq bu adama həvalə olunmuşdu. Bəs o kim idi?
Nikolay Mixailoviç Karamzin qədim türk yurdu Simbir əyalətinin Karamzinka kəndində 1766-cı ilin dekabrın 1-də anadan olmuşdur. Soyadının kökü Karataev, Karakozov, Karatiqin soyadlarından gəlir. “Kara “sözü türkcədə böyük, güclü, mötəbər anlamlarındadır. Ulu babaları Kara Murza sərkərdə olub. Onun adından bu soyad törəmişdir. Lakin ailədə artıq həmin qədim baba unudulmuş, özlərini XVI əsrdə yaşamış Semyon Karamzinin törəmələri sayırdılar. Qızlıq soyadı Pozuxina olan anası da məşhur ailədən idi. Oğlunu doğarkən ölmüşdü.
Bəlkə də lap uşaq çağlarından yaşadığı və şahidi olduğu olaylar onu tarix yazmağa vadar etmişdi. Kiçik yaşda Puqaçov üsyanından ailəsi ilə birlikdə qaçan Karamzin az keçməmiş Böyük Fransa inqilabının (1789-1794) şahidi ola bildi.
Ona ən çox səs gətirən əsəri “Bədbəxt Liza” oldu. Lakin o tarixi şeirdən, nəsrdən, hətta jurnalistikadan üstün tutub, bu işə daha ciddi yanaşmağa başlayır. Karamzin keşmiş tarixçilərin əsərlərini çox dərindən araşdırır. O sadəcə tarixi yazmaqla qalmır, eləcə də “yaradır”. O bacardığı qədər rusun kökünü dərinliklərə çəkirdi. Elə bu səbəbdəndir ki, çar ailəsi onun başına fırlanırdı. Hətta Şahzadə Yekaterina onu qubernator təyin etdirmək istəsə də, o bunu qəbul etmir. Aleksandr Puşkin onun istedadı haqqında deyirdi: "Amerikanı Kolumb kəşf etdiyi kimi, Qədim Rusiya da Karamzinlə kəşf edildi".
1812-ci ildə başlanan Vətən müharibəsi onun yazdığı "tarix"i yarıda qoyur. Cəbhəyə könüllü gedən Karamzin Moskvadan ən axırıncı çıxanlardan olur. Savaş bitdikdən sonra o yenidən tarix yazmağa davam edir. Beləliklə, 1816-cı ildə Peterburqa yerləşən yazıçı bir daha dönüb Moskvanı görmədi. Ömrünün sonuna kimi (1826) Peterburqda imperatorun Yaylaq sarayında (Çarskoe Seloda) yaşayır. İndi onun və arvadının məzarı Aleksandr- Nevski xiyabanındadır. "Mən təkcə tarixlə məmnunam", deyən Karamzin 12 cildlik "Rus dövlətinin tarixi" kitabını Romanovların tarixinə qədər (1613) işləyib çatdıra bildi.
O Rus üçün tarix “yaratdı”
Tarixçi P.N.Milyukov 1898-ci ildə yazırdı: ” Onlar (rus tarixşünasları) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar. Rus dövləti, Kiyev vərəsəliyi, Moskva hökmdarına aid siyasi sərəncamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu. Beləcə Moskallıq doğuldu.” Günəmuzd akademiklər Rusiyanın tarixini hər dəfə köçürərkən buradan da anlaşıldığı kimi faktları qoyub miflərə əsaslanırdılar. Saxta patriotizm yaratmağa çalışaraq əsl rus tarixinin kökündəki türk izlərini silib tamamilə slavyanlaşmış rus tarixi yaradılır. Bu işi Vladimir Monomax başlamışdı, Nestor Salnaməsi ilə slavyanlaşdrma əməliyyatı davam etdi. Beləcə rus tarixi qıpçaqlardan (türklərdən) təmizləndi. Lakin gerçəklik tamam başqadır:
Axı ilk ruslar slavyan deyildilər! Onlar varyaqlar (isveç mənşəli əhali nəzərdə tutulurdu) idi. Necə oldusa, sonralar salnaməçilər tərəfindən varyaqlar-skandinaviyalılar slavyanlaşdırıldı. Üstəlik bu gün Rusiyada rəsmi baxışa görə, qədim rusların etnik birliyi Kiyev dövlətinin bütövlüyü dövründə(IX-XII əsrlər) formalaşıb. Üç əsrdən az müddətdə necə millət formalaşa bilər ki? Bəs bu gün niyə Kiyevin yerli əhalisi rus adlanmır? Kiyev Rusunun yaranmasına qədər o ərazidə yaşayanlar yad planetlilər deyildi ki?! Bu suallardan yan keçmək rusun adətinə çevrilib. 911-ci ildə Kiyev knyazları ilə Bizans arasındakı müsqavilənin mətnində ruslar(əsl ruslar-varyaqlar) qul kimi satılıb-alına bilməzlər deyə şərtlər yer alır. Slavyanların adı çəkilmir. X əsrdə slavyanların ruslar üçün gəlir mənbəyi olması –bu qul alveri Bizans mənbələrində də qeyd edilir. Tarixçi V.O. Klyuçevski (1841-1911) yazırdı: “İlk rusların –varyaqların və onların druijniklərinin adları skandinav mənşəlidir.”Lakin bu gün heç bir rus bu gerçəyi qəbul etmir.
Rus sözünün özü qədim varyaqcada “avarçılar, dənizçilər” mənasında olub. Hətta bu gün finlər və estonlar qədim qonşuları olan İsveçi “Roussyia” adlandırırlar. Slavyanlar isə qədim venedlər idi. Onlar haqqında ilk dəfə Böyük Plinin məlumat verirdi. Digər Roma tarixçisi Tatsit də bu məlumatı təsdiqləmişdir. Slavyanlarla ruslar qonşu belə olmayıblar, onları Baltik dənizi ayırırdı. Hətta o vaxtların səlnamələrində rusların slavyanlarla döyüşə girdikləri, ruslara vergi verdikləri qeyd olunurdu. Bütün monastırlarda hifz olunan salnamələr çarın icazəsi ilə yalnız Karamzinin əli altında olsa da, o bu gerçəkliklərdən necə bixəbər idi?
Karamzinin Rusiya tarixi üçün ən böyük səyi əlbəttə ki, dil sahəsində də oldu. Onun “İlk slavyan əlifba müəllimləri” haqqındakı qeydləri bu gün nə Bizans, nə də başqa sənədlərdə təsdiqini tapır. Burada söhbət Kiril və Mefodin qardaşlarından gedir, guya imperator Mixail 898-ci ildə onları göndərir ki, slavyan dilinə kitablar tərcümə etsinlər. Əfsanənin qədim slavyan tərcüməsində yazılır: “Xersonesdə Kiril rusun yanında rusca savad və dil öyrənirdi” Elə bu söz özü Kirilin rus olmadığını göstərir. Mixail üstəlik 867-ci ildə öldürülmüşdü.Və təbii ki ölümündən 31 il sonra heçkəsi heç hara göndərə bilməzdi. İkinci bir önəmli məqam alman alimi L.Müller qeyd edirdi ki, bu əfsanədə rus tarixçiləri suriyalı ( sur) kəliməsini rus ilə əvəz ediblər. Kiril kimi bir çoxları Suriyalı alimlərdən dərs alır, bu dili öyrənirdilər. Bu da normal idi. Üstəlik Kiril əlifbası- “xüsusi slavyan əlifbası” Kirilin ölümündən sonra meydana çıxıb. İddia edildiyi kimi əvvəl yox! Çünki əfsanənin ilk slavyan tərcüməsində qeyd edildiyi kimi qoca ölümündən cəmi bir neçə gün əvvəl Kiril adını götürür. Ömrü boyu o Konstantin adı ilə yaşamışdı. Beləliklə Karamzin öz “maarifçiliyini” Nestorda olduğu kimi davam etdirərək təəssüf ki, yeni bir yanlışlığın əsasını qoyur.
Karamzin və bir çox tarixçilərin iddia etdiyi kimi Qədim Kiyev slavyan deyildi. Arxeoloji qazıntılar burada V-VI əsrlərdə məskunlaşma olduğunu təsdiqləyir. Bunu ərəb mənbələri qeyd edir. Amma rus səlnaməçiləri və tarixçiləri 300-350 illik bir zaman müddətini sıfıra endirib 854-cü ildə bu şəhərin bina edildiyini söyləyir. Məhz IX əsrdə Kiyevdə varyaqlar-əsl ruslar ağalıq edirdilər. Bəs necə oldu ki, qul averində istifadə olunan slavyanlar birdən-birə ağa oldular? Çox bəsit. İlk öncə səlnaməçilər və tarixçilər Varyaq hakimlərinin adlarını dəyişdirdilər.
Əslində isə heç Kiyevin varyaqlara da bir dəxli yoxdur. Onlar hazır şəhər tutdular. İşğal tarixini şəhərin bina olunması tarixi kimi qeyd edirdilər. IX əsrdə hamı yaxşı bilirdi ki, kiyevlilər qədimdən türkcə danışıblar. Çünki onlar türk-qıpçaq olublar. Kiyev türkcədə “kürəkən yurdu” deməkdir. (“Kiy”-göy, kürəkən “ev”- ev). Başqa bir versiyada qeyd edilir ki, şəhərin adı “qıy, kiy” sözündəndir. Bu da məhz türkcədir. Hüdud, sərhəd, qıraq, kənar mənalarındadır. V əsrdə şəhər gömrük mövqeyində idi, sərhəd idi. Görünür həmin türkcə məna slavyanca okraina (kənar, qıraq) kimi tərcümə olunmuş və ölkəyə Okraina deyilmiş, sonra Ukraina şəklini almışdır.
Kiyevin hakimləri Qonşu Avarıstanın, Xəzəristanın hakimləri kimi xaqan adlanıblar. Bu isə Dəşti-Qıpçaq ölkəsini təşkil edirdi. IV əsrdə yaranan bu ölkə Xalqların Böyük Köçünün nəticəsində XVIII əsrə qədər yaşayıb.
Əcdadları necə var elə qəbul etmək gərəkir, nə şişitmək, nə də kiçiltmək. Türk Karamzin təəssüf ki, Rusiya tarixini tam bunun əksinə əvvəlki yoldaşlarına sadiq qalaraq dolanbaclarla “yaradır”. Əslində isə deyirlər ki, hər xalqın tarixini öz oğlu yazmalıdır. Özgəsi öz xalqının və dövlətinin mənafeyi baxımından təsvir edir. Demək Karamzin əslində bizdən olsa da, bizim deyilmiş.