Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan Respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçirilib. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 220 imtahan rəhbəri cəlb olunub.
III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 28151 nəfəri Azərbaycan bölməsi, 2680 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar, 22551 nəfərini isə qızlar təşkil edir. 16028 nəfər orta ümumtəhsil məktəblərini buil, 12363 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat ərzində davam edib.
Qeyd edək ki, III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
Anar RÜSTƏMOV