Şəmkir rayonunda naməlum şəxslərin gecələr evlərə hücum etməsinin ardı-arası kəsilmir. Bu barədə yeni xəbərlər var. Rayon sakinləri Modern.az saytına deyiblər ki, evlərə soxulanlar bir neçə saqqalı şəxsdir. Onların vəhabilər olduğunu iddia edənlər də var. Sakinlərin sözlərinə görə, son bir neçə gecədə tanınmayan şəxslər rayonunun Şiştəpə, Morul, Sərxanlı kəndlərində evlərə hücum edirlər. Hücum nəticəsində xəsarət alanlar da var. Məlumatlara görə, evlərə soxulanlar qrup halında hərəkət edirlər və onların əsas hədəfi qadınlar olur. Yalnız qadınlara xəsarət törətməklə kifayətlənirlər. Adları çəkilən kəndlərin sakinləri qorxu, xof içərisində yaşadıqlarını deyirlər. Sakinlərin sözlərinə görə, belə hücumların əhatəsi genişlənərək, artıq Goranboy rayonuna da keçib.
Dünən isə Şəmkirdə “Akkord “şirkətinə məxsus su idarəsinin mühafizəçisi bıçaqlanıb. Hadisə gecə saatlarında törədildiyi üçün polis olay yerində olmayıb.
Şəmkirdə baş verən son olaylarla bağlı Modern.az əməkdaşı rayonun Şiştəpə kəndinin sahə müvəkkili, polis mayoru Aslan Məmmədovla əlaqə saxlayıb. Polis mayoru bildirib ki, baş verənlərdən xəbərsizdir:
”Mən məzuniyyətdəyəm. 20 gündür ki, kənddə deyiləm, baş verənlərdən də xəbərsizəm. Ona görə də sizə heç nə deyə bilmərəm”.
Olayları araşdırıb, oxuculara ətraflı məlumat verəcəyik.
Nihadə Eyyubova