Şöbə müdiri: “İlk növbədə bazarı tapmaq lazımdır”
Hazırda aqrar sektorun ayrı-ayrı sahələri arasında üzümçülük həmişə xüsusi yerə sahib olub. Belə ki, üzümçülük ölkəmiz üçün ənənəvi sahə olmaqla bərabər eyni zamanda kənd təsərrüfatının sənaye əhəmiyyətli bölməsi kimi də inkişaf edib. Bu inkişaf nəticəsində üzümçülük ölkəmizdə ən gəlirli sahələrdən birinə çevrilmişdi. Hətta 1984-1985-ci illərdə üzümçülükdən gələn gəlir büdcənin 40%-ni təşkil edib və bu göstərici baxımından neft gəlirlərindən öndə dayanıb. Amma SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun alkoqolizmə qarşı apardığı mübarizə və müstəqillik illərində bu sahəyə ciddi diqqət göstərilməməsi nəticəsində üzümçülük ağır zərbə aldı. 1980-ci illərin sonunda 2 mln 124 min ton məhsul toplanıldığı halda ölkəmiz 2011-ci ildə 135,0 min ton məhsul yığmaqla kifayətləndi. 2011-ci ilin statistik məlumatlarına əsasən, respublikamızda üzümün əkin sahəsi 15,4 min hektar, istehsalın həcmi 135,0 min ton olub.
Bəs hazırda üzümçülük sahəsində vəziyyət necədir? Azərbaycanda üzümçülüyü yenə də ən gəlirli sahəyə çevirə bilərikmi?
Unudulmuş kənd təsərrüfatı sahələri haqqında Modern.az araşdırma aparmağa çalışıb.
Kənd Təsərrufatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev sözlərinə görə, son illər bu sahənin yenidən inkişafı üçün ciddi səylər göstərilir.
O, üzümçülük və şərabçılıq haqqında qanunun qəbul olunmasının bu sahəyə marağı artırdığını dedi. Üzüm yetişdirməyin ağır sahə olduğunu deyən şöbə müdir onu da bildirdi ki, Azərbaycan bu sahədə mütəxəssis sarıdan qıtlıq yaşayır. Bundan əlavə üzüm bağlarında karantin tədbirlərinin aparılmaması üzüm məhsuldarlığını aşağı salıb:
“Burada Nobel mükafatına layiqlik məsələsi var. Flaksera zərərvericisi Azərbaycanın hər tərəfinə yayılıb amma karantin tədbirləri aparılmır. Başqa ölkələrdə bir rayonda zərərverici aşkarlananda həmin yerə baryer qoyurlar və karantin elan edirlər. Ölkəmizdə əkilən yeni üzüm bağlarının calaq əkin materialı olmasını təklif edən şöbə müdiri Amerika çalaqaltılarının bir neçə növünün rayonlaşdırıldığını söylədi:
“Azərbaycan üzüm sahələrinə 1925-ci ildə Gürcüstandan gələn bu zərərverici ilə mübarizədə “Amerka çalaqaltıları” deyilən üzüm növlərindən istifadə olunur. Bütün Avropa ölkələri bu metoddan bəhrələnir. Falksera zərərvericisindən qorunmaq üçün biz də bu növdən istifadə etməliyik. Həmin zərərvericiyə qarşı mübarizə aparmaq üçün 16-ci əsrdən Nobel mükafatı müəyyən olunub amma hələ ki, həmin ziyanvericinin məhvi ilə bağlı bir vasitə tapılmayıb. Azərbaycanın üzüm bağlarına qənim kəsilən flakseraya qarşı mütləq Amerika çalaqaıltı üzüm növündən istifadə edilməlidir.
70-ci illərdə biz bunun 4 növünü rayonlaşdırmışıq. Vaxtilə həmin növlər sabiq Yuqoslaviyada çalaq etdirilərək Azərbaycana gətirilirdi. Qorbaçovun qərarından sonra və dövlət özəlləşdirmə proqramı qəbul olunandan sonra ayrı-ayrı şəxslər üzüm əkini ilə məşğul oldular. Bu da həmin sahənin kənarda qalmasına səbəb oldu”.
Şöbə müdiri onu da bildirdi ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu üzüm sahələrinin genişləndirilməsi üçün fermerlərə 200 milyon vəsait ayırıb. Onun sözlərinə görə, kənd təsərrüfatının bu sahəsini genişləndirmək üçün böyük bir proqram var. Həmin proqrama əsasən üzüm sahələrini 50 milyon sota çatdırmaq fikrindəyik. Şöbə müdiri onu da dedi ki, yaxın illərdə üzüm bazarını tapsaq sözügedən kənd təsərrüfatı sahəsini ən gəlirli sahəyə çevirə bilərik: “Hazırda 15 min hektar üzüm sahəmiz var. Hər hektardan 60-70 ton məhsul götürsək hələlik bizə bəs edər. Amma gələcəkdə üzüm satışı bazarını tapsaq bu sahənin daha genişləndirilməsinə ehtiyac olacaq. Prezident də dəfələrlə çıxışında bildirib ki, köhnə bazarları yenidən bərpa etmək lazımdır. Vaxtilə bizim tünd şərablarımız Rusiyanın bazarlarında brend markaya çevrilmişdi. Hətta büdcə gəlirlərinin 40-45 faizini məhz üzümçülük təsərrüfatı verirdi”.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov isə deyir ki, üzümçülük bütün inkişaf etmiş ölkələrdə gəlirli sahə sayılır. İtaliya, Almaniya, Fransa, İspaniya və digər bu kimi inkişaf edən ölkələrdə kənd təsərrüfatının əsas gəlirli sahəsi məhz üzümçülükdür. V. Məhərrəmov söylədi ki, üzümçülük xüsusi elmi yanaşma tələb edən sahə olduğundan bunun inkişafında fərdi qaydada məşğul olmaq mümkün deyil. Üzümçülükdə son nəticə nə qədər məhsul toplamaq yox, keyfiyyətli məhsul əldə etməkdir.
Ekspert onu da bildirdi ki, istehsal etdiyimiz üzüm üçün ilk növbədə bazarı müəyyənləşdirməliyik: “Əgər biz texniki sort istehsal ediriksə, ilk növbədə onun bazarını tapmalıyıq. Biz ilk növbədə öz tələbatımızı ödəmək üçün süfrə sortunu müəyyən etməliyik. Keyfiyyətli məhsul istehsal etsək onda həmin məhsulumuzu xarici bazara da çıxarmaq olar. Xüsusən, Rusiyanın iqlimi orada üzüm istehsal etməyə imkan vermir. Moldova, Ukrayna, İtaliyadan Rusiya bazarına spirtli içki ixrac edilir. Biz də bu fürsətdən istifadə etməliyik. Regionda Moldova və Gürcüstan da iqlim şəraitinə görə üzümçülük sahəsində inkişaf edib. Amma biz Rusiyaya daha yaxın olduğumuzdan bu bazarı əldən verməməliyik”.
Hələ ki hər hektardan 8 ton məhsul əldə edildiyini deyən ekspert onu da bildirdi ki, məhsuldarlıq həddindən çox aşağıdır. Ona görə də gələcəkdə bu sahədən gəlir götürməyimizdən söhbət gedə bilməz: “Ümumiyyətlə hazırda kənd təsərrüfatında 40 adda məhsulumuz var ki, onları dünya bazarına çıxara bilərik. Çünki qonşu ölkələrin bu məhsulları istehsal etmək imkanı yoxdur. Qlobal iqlim dəyişikliyi də bizi müxtəlif məhsullar istehsal etmək imkanı verir. Amma hələlik üzümü öz tələbatımızı ödəmək üçün istehsal etməliyik. Əgər yeni texnologiyalardan istifadə olunarsa və aqro-texniki qaydalara riayət edilərsə məhsuldarlığı istənilən səviyyəyə qaldıra bilərik. Bu qaydalara əməl olunarsa məhsuldarlığı 40-50 tona, ən yaxşı halda 60 tona çatdıra bilərik”.
Gültəkin Ələsgər