Dünəndən etibarən Modern.az saytı “Estafet” rubrikasına start verib. Rubrikanın ilk qonağı “Ulduz” jurnalının baş redaktor müavini, şair Qulu Ağsəs oldu. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, tanınmış alim Rafiq Əliyevə öz suallarını ünvanlamışdı.
Xatırladaq ki, qaydalara görə, rubrikamızın qonağı ona ünvanlanan sualı cavablandırandan sonra özü də istənilən bir şəxsə sual vermək iqtidarında olacaq. Müsahib arzu etdiyi şəxsdən bizim sayt vasitəsi ilə öz suallarına cavab alacaq. Bir sözlə, hər dəfə sualları cavablandıran şəxs öz növbəsində estafeti növbəti qonağa ötürəcək.
Qulu Ağsəsin Rafiq Əliyeva ünvanladığı suallar bunlar idi:
– Rafiq Əliyevin öz dünya şöhrətli həmkarı və dostu Lütfi Zadə ilə birgə ixtira elədikləri ikiqat qeyri-səlis riyazi məntiq nəzəriyyəsini biz təmiz Azərbaycan dilində nə vaxt, harda tapıb oxuya bilərik?
– Qeyri-səlis riyazi məntiq nəzəriyyəsini Azərbaycanın ixtira etməsində hansısa bir rəmz varmı?
Rafiq Əliyev Qulu Ağsəsin suallarına cavab verməzdən öncə rubrikamız haqqında olan fikirlərini bölüşdü: “Modern.az saytını yeni və çox maraqlı rubrika açmağı münasibətilə təbrik edirəm. Ləyaqətli insanların geniş ictimaiyyət tərəfindən tanınmasına bu rubrika inşallah böyük töhfə verəcək. Həmçinin dəyərli şairimiz Qulu Ağsəsə estafeti mənə verdiyi və mənalı sualları ünvanladığı üçün dərin təşəkkürümü bildirirəm”.
Rafiq Əliyeva Qulu Ağsəsin ünvanladığı suallara belə cavab verdi:
– Qeyri-səlis məntiq Aristotel məntiqindən fərqli olaraq, tolerantlıq məntiqidir. Real həyatda Tanrıdan başqa hər bir şeyin dərəcəsi olduğundan bu məntiq real həyatı daha adekvat əks etdirir. Klassik məntiqdən fərqli olaraq, bu məntiqdə hər bir müddəanın doğruluğunun dərəcəsi var. Onu da qeyd edim ki, qeyri-səlis məntiq təbii dildə və ya qəliblənmiş təbii dildə verilmiş informasiyanın işlənməsi üçün əsas nəzəriyyədir (klassik məntiqdən fərqli olaraq). Elə buna görədir ki, bu nəzəriyyə astanasında olduğumuz yeni inqilabın – intellektual maşınlar inqilabının nəzəri təməlini təşkil edir. Bu inqilab dövründə maşınlarla təmas qeyri-səlis məntiq istifadə olunmaqla təbii dildə, o cümlədən poetik dildə olacaq. Qeyri-səlis məntiq haqqında populyar formada qısa informasiya bizim ümumtəhsil məktəblərinin 10-11-ci sinifləri üçün yazdığımız və 2004-ci ildə “Maarif” nəşriyyatında çap olumuş “İnformatika və hesablama texnikasının əsasları” adlı dərsliyin 5 nəşrinin 30-35-ci səhifələrində verilib. Daha ciddi elmi informasiya isə bizim “Çaşoğlu” nəşriyyatında 2004-cü ildə çap etdirdiyimiz ali məktəblər üçün yazılmış “Soft Komputing” kitabının 15-199-cu səhifələrində yer alıb.
– İkinci sualda “Azərbaycanın” əvəzinə “azərbaycanlıların” dəyişikliyini edərdik, çünki Lütfi Zadə ABŞ vətəndaşıdır. O ki qaldı rəmzə, Vikipediyada, müxtəlif beynəlxalq elmi jurnallarda, simpoziumlarda belə sözlər yazılır: “Lütfi Zadə Azərbaycanda, Bakı şəhərində doğulub”; “Rafiq Əliyev Azərbaycanda, Ağdam rayonunda doğulub”.
Rafiq Əliyev suallara cavab verəndən sonra estafeti hörmətli şairimiz Ramiz Rövşənə ötürdü.
Rafiq Əliyevin Ramiz Rövşənə ünvanladığı suallar:
- Bu qədər böyüklüyü bu qədər sadəlikdə necə uzlaşdıra bilirsiniz?
- Poeziyanızın qüdrətinə görə və qeyri-standartlığına görə kimə minnətdarsınız: Tanrıya, yoxsa .....?
Tezliklə Ramiz Rövşənin suallara cavabını saytımızda oxuya bilərsiniz.
Könül Səid