Bu cür bir mövzuya ötən il də toxunmuşduq. Müxtəlif media qurumlarında yayımlanan “Boks və BBC-nin insan haqları dərdi” adlı yazımızda Böyük Britaniyanın bu media qurumunun Azərbaycana qarşı qərəzli və əsassız münasibətindən söz etmişdik. Həm də onu qeyd etmişdik ki, bu qurum nəyə görəsə davamlı olaraq elə bil ölkəmizi qaralamaqla məşğuldur.Həmin yazının yazılmasına səbəb isə BBC-nin Azərbaycana açıq şəkildə böhtan atması olmuşdu. Bu qurum iddia edirdi ki, Azərbaycan rəsmiləri iki qızıl medal qazanmaq üçün dünya boks rəsmilərinə 10 milyon dollar rüşvət veribmiş. Bu məsələ həm Azərbaycan, həm də xarici mətbuatda müzakirələrə səbəb oldu və təbii olaraq araşdırma tələbi ortaya çıxdı. Və sonuc da bu oldu ki, BBC efirə verdiyi xəbərdəki iddiaları təsdiq edən faktları ortaya qoya bilmədi və deməli, ən azından yalan məlumat yaydığını bununla göstərmiş oldu.
Həmin zamanda BBC-nin yalan məlumatını baş yazıya çevirən Azərbaycan qəzetləri, sosial şəbəkələrdə yaxasını cıran demokratiya və insan haqları “təəssübkeşləri” isə bundan sonra üzrxahlıq edəcəklərinə susmağa üstünlük verdilər. Düzdür, bəziləri bir az da qabağa gedərək Azərbaycan rəsmilərinin BBC-ni də rüşvətlə satın aldığını iddia etmək istədi. Ancaq olan olmuş, əsassız bir xəbər elə BBC-nin özünün faktları ortaya qoya bilməməsi üzündən havaya uçmuşdu.
İndi də İnternet saytlarında bir video dolaşmaqdadır. Bu dəfə də ortalığı “toz-dumana bürüyən” eyni BBC-dir. Düzdür, indi BBC xəbəri öz adından deyil, “SkyNews” adından yayımlayıb. Ancaq, necə deyərlər, yenə də “atan kazaklardır”…
Videoya bir neçə dəfə baxdıq. Cəmi 1 dəqiqə 56 saniyə müddəti olan xəbərdə iddia edilir ki, “Azərbaycan rəsmiləri Londonda olimpiyada oyunlarına bilet satır”. Bunu müxbirin söhbət elədiyi və Azərbaycana heç bir dəxli olmayan bir təhlükəsizlik görəvlisi deyir. Ümumilikdə isə çiyinlərinə Azərbaycan bayrağı salmış bir gənc (əslində daha çox uşağa bənzəyir) heç bir dəlil-sübut olmadan Azərbaycan Milli Olimpiya Komitəsinin (AMOK) işçisi kimi təqdim edilir. Nə adı, nə üzü, nə bir sənədi nümayiş etdirilmədən bu şəxsin küçədə bilet satan AMOK rəsmisi olduğunu iddia etmək, əlbəttə ki, ciddi bir jurnalistika məhsulu sayıla bilməz. Ümumiyyətlə isə, bu qısa videoda diqqətimizi çəkən məqamlar insanı şaşırdacaq dürdəndir…
Elə ilk saniyələrdə köynəyinin üzərində Monqolustan bayrağının şəkli olan birisi London olimpiyadasının logosunu daşıyan köynəkli birisindən pulu alır. Həmin monqol bayraqlı şəxsin əlində bilet də görünür. Düzdür, sonra o, pulu başqa birisinə ötürür, ancaq işin maraqlı tərəfi odur ki, pul götürən şəxsin kimliyi haqqında bilgi verilmir.
Daha sonra ekranda bir gənc görünür. Çiyinlərində Azərbaycan bayrağı olan bu gənc (yuxarıda da qeyd etdiyimiz kimi, daha çox uşağa bənzəyir) Azərbaycan Milli Olimpiya Komitəsinin təmsilçisi kimi təqdim edilir və küçədə bilet satdığı deyilir. Müxbir qeyd edir ki, bu gənc ingiliscə bilmədiyi üçün ekranda solda görünən şəxs ona tərcümədə yardım edir. Çox maraqlı bur nüans da burda ortaya çıxır. Tərcümə edən şəxsin üzərindəki geyimdə sol tərəfdə “Security” (Güvənlik) yazısı, sağ tərəfdə isə açıq şəkildə Gürcüstan bayrağı görünür. Və Azərbaycanlıların bilet satdığını da bu adam iddia edir. Özü də geniş şəkildə müxbirə izah edir ki, Azərbaycan Nazirliyi (bu ifadəni işlədərkən onun qeyri-ciddi bir şəkildə gülməsi də diqqətdən yayınmır) bu biletləri paylayıb ki, öz komandalarına dəstək olsunlar. Bunlar da biletləri satıb pul qazanırlar. “Tərcüməçi” deyir ki, harada Azərbaycan bayraqlı şəxs görsəniz, ona yanaşıb rahat şəkildə bilet ala bilərsiniz.
Və sonda müxbir qeyd edir ki, artıq 29 nəfər qanunsuz bilet satışı ilə bağlı polis tərəfindən saxlanılıb. Və yenə də maraqlıdır ki, həmin 29 nəfərlə bağlı nə polisin fikri səsləndirilmir, nə də jurnalistin özü onların kim olması haqqında bir söz demir. Jurnalist onu da qeyd etməyi unutmur ki, “Azərbaycanlıların küçədə bilet satması ilə bağlı AMOK rəsmiləri ilə əlaqə saxlamaq” mümkün olmayıb. Küçənin ortasında bilet satan Azərbaycanlıları tapa bilən müxbir nəsə yeri, yurdu, telefon nömrələri, qaldıqları qonaq evi bəlli olan AMOK rəsmilərini tapmaqda “çətinlik” çəkir.
Anlaşılan, senari eynidir. Yenə də kimlərəsə Azərbaycanı gözdən salmaq lazım olub. Bu, məsələnin bir tərəfidir. Necə deyərlər, “su uyuyar, düşmən uyumaz”. Azərbaycanın istənilən addımı bədxahlarımızı hərəkətə gətirir və bu cür hallar yəqin ki, yenə də olacaq.
Yalnız anlamadığımız bir şey də var. Azərbaycan mediasının bəzi kəsimləri bu videonun ağına-bozuna baxmadan, heç bir təhlil aparmadan ingilis mediasının iddialarını təkrarlamağa həvəs göstərir. Niyə, nə üçün? İndi deyəcəklər ki, biz yalnız xəbəri veririk. Axı xəbəri verəndə də onun nə qədər əsaslı olub-olmadığını araşdırmaq gərək deyilmi? Bəs hanı jurnalist tərəfsizliyi, obyektivliyi, qərəzsizliyi? Bir ingilisin uydurduğu xəbəri baş yazıya çevirib öz ölkəsinə qara yaxmaq üçün dəridən-qabıqdan çıxanlar heç olmasa bir anlığa özlərinin də bu millətdən olduqlarını düşünürlərmi heç? BBC-nin yuxarıda da qeyd etdiyimiz boksla bağlı qalmaqalının əsassızlığının sonradan təsdiq edilməsi də dərs almaq üçün yetərli olmadımı? Bəlkə bir xəbəri təkrar yayarkən bir qədər də millət və dövlət təəssübü çəkək, hə? Axı bu dövlət iqtidarlı-müxalifətli hamımızındır. Biriləri hardasa bizi aşağılayan bir xəbər yayırsa, olmazmı ki, həmin xəbərin nə üçün yayıldığının da fərqinə varaq? Olar və lazımdır.