
Sumqayıt şəhərində vətəndaşlara mal əti adı altında at əti satılması cəmiyyətdə ajiotaj yaradıb. Əslində belə faktlar nadir hallarda aşkar edilsə də, paytaxt bazarlarında mənşəyi bilinməyən ət məhsullarının satışına tez-tez rast gəlirik. Bizdən fərqli olaraq Orta Asiya ölkələrində at ətindən gündəlik qida rasionunda istifadə edilməsinə baxmayaraq, Azərbaycanda bunu qida mədəniyyətimizə zidd hesab edirlər.
Mütəxəssislər isə deyir ki, sovet dövründə Azərbaycandakı kolbasa istehsalında at ətindən istifadə olunsa da, hazırda at ətinin ölkəyə idxalı və yerli istehsalı yoxdur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli ölkəmizdə at əti satışınının qanunla qadağan edilmədiyini deyir. Onun sözlərinə görə, at ətinin bazarlara satışa çıxarılması qadağan deyil. Amma bu ətin mal əti və ya başqa ət adı altında satılması artıq cinayət tərkibi daşıyır:
“Ölkəmizə at əti idxalı yoxdur. Yerli təsərrüfatlarda da at əti istehsal edilmir. Amma at ətinini yeyilməsinin orqanizm üçün heç bir ziyanı yoxdur. Məsələn, bir sıra Asiya ölkələrində, eləcə də Qazaxıstanda at ətindən qida rasionunda istifadə olunur. Bu ətin orqanizm üçün heç bir təhlükəsi yoxdur. Əgər at sağlamdırsa və müayinəsi aparılıbsa, həmin atın ətindən istifadə edilə bilər. Amma hələki bizdə bu ətin qida rasionumuzda istifadəsi müşahidə olunmayıb”.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyir ki, at əti bir çox türk dövlətlərinin gündəlik qida rasionuna daxildir. Ondan müxtəlif qidalar, həmçinin kolbasa hazırlayırlar. Assosiasiyanın rəhbəri onu da bildirdi ki, at əti bütün sanitar-gigienik tələblərə cavab verirsə, o halda həmin ətin istifadəsi insan orqanizmi üçün heç bir təhlükə yaratmır: “At ətinin insan orqanizmi üçün heç bir ziyanı yoxdur. Azərbaycanlılar yeganə xalqdır ki, at ətini yemirlər. Həmin heyvanı özlərinə daha yaxın bildiklərindən onun ətindən imtina ediblər. Amma Xəzərin o tayındakı qazaxlar, türk xalqlarından olan tatarlar at ətindən, südündən gündəlik qida kimi istifadə edirlər”.
Gültəkin Ələsgər