İnsan təbiət etibarı ilə vicdanlı olmalıdr, şəraitə görə yox
Mark Avreli
Sinifli cəmiyyət yaranandan bəri əxlaq və siyasət, siyasətdə əxlaq bəşər övladını düşündürən əsas məsələlərdən biridir. Siyasətdə hər zaman əxlaq normalarına riayət etmək zəruri şərtlərdəndirmi? Məqsəd vasitəyə haqq qazandırmalıdırmı? Siysətçiləri, onların addımlarını qiymətləndirərkən əxalq normalarına istinad etməliyikmi?
Bu suallar əsrlərdir ki, səslənir və verilən cavablar, onlar ətrafında mübahisələr səngimək bilmir. Bununla belə əvvəlki dövrlər, epoxalarla müqayisədə çağdaş dünyamızda siyasətdə qismən də olsa, əxlaq normalarına riayət olunduğuna inananların da sayı az deyil. Şübhəsiz ki, bu daha çox insan övladının zamanla müsbətə doğru dəyişdiyinə inananların fikridir. Bədbinlər isə əksinə ümumi yanaşdıqda siyasət və siyasətçilərin dəyişmədiyini, yenə siyasətçilərin əsas motivi kimi hakimiyyət yanğısı, şan-şöhrət, yüzminlərə hökm etmək, zirvəyə qalxmaq istəklərinin olduğunu israrla vurğulayırlar. Doğurdan bu gün dünya miqyasında baş verənləri müşahidə edərkən ikinci mövqedən çıxış edənlərə opponentlik etmək çox çətindir. Bəşər övladı özünə sadiqdir və inadla dəyşimək istəmir....
Amma etiraf etmək gərəkdir ki, insanlığın keçdiyi yol, üzləşdiyi fəlakətlər, dünya müharibələri hər dəfə siyasətdə əxlaq problemini daha da qabardıb və müsbət nəticələr də yox deyil. Ayrı-ayrı ölkələrin, siyası liderlərin timsalında biz doğurdan da əxlaq və siyasətin uzlaşmasının şahidi ola bilərik. Bir həqiqət də danılmazdır ki, siyasətdə əxlaq normalarına riayət edildiyi, əxalq normalarının siyasi liderlər, siyası qüüvələr üçün “qırmızı xəttlər” çəkdiyi cəmiyyət və ölkələr çox inkişaf ediblər, daha demokratik və daha güclüdürlər.
Çünki, siyasətdə əxlaq ilk növbədə düşmənçiliyin, qisasçılığın qarşısına sədd şəkir, kompomiss və konsensus üçün zəmin yaradır. Əxlaq normalarını tapdalaya bilməyən, yaxud tapdalamaq istəməyən siyasi qüvvə və liderlər hər zaman barışmağa və bağışlamağa, yenidən başlamağa hazır olurlar. Çünki, ümumqəbul olunmuş əxlaq normaları bunu diktə edir.
Bu gün Azərbaycan siyasətində məhz əxlaq problemi var. Daha doğrusu əxlaqın olmaması problemi var. Hətta baş verən ən adi hadisələrə münasibətdə bu özünü qabarıq biruzə verməkdədir. Bəzən elə epizodların şahidi oluruq ki, doğrudan da azərbaycanlı olduğumuz barədə öz-özümüzə sual verməyə bilmirik. Ən adi hadisələr ətrafında elə müzakirələr açılır və elə fikirlər söylənilir ki, sanki, bu ölkə dini, milliyəti, dili ayrı olan və yalnız bir-birini aşağılamaq haqqında düşünən insanlardan ibarətdir. Onların sitayiş etdiyi və hər zaman sadiq qaldığı bir prinsp var-məqsəd vasitəyə haqq qazandırır.
Sanki, siyasətçilər, jurnalistlər, ictimai fəallar Azərbaycan tarixini, mentalitetini, folklor və tarixini unudublar. Əcdadlarımızdan miras qalan kişilik, mərdlik, basdığını kəsməmək prinsipləri arxa planda qalıb. Dildən isə ünsiyyət vasitəsi kimi deyil, savaş aləti kimi istifadə edirlər. Siyasi çıxışları, siyasətçilərin, ictimai fəalların müsahibə və açıqlamalarını təhlil etsək, görərik ki, onların əksəriyyəti yalnız keçmişin təftişi və ittihamlardan ibarətdir. Sankı, dünya gözümüzün önündə dəyişmir, torpaqlarımızın 20 faizi işğal olunmayıb, düşmənlərin əhatəsində, qonşuluğunda deyilik...
Hamımız Don Kixot kimi yel dəyirmanları ilə vuruşuruq...
Gənc nəsli də məhz bu ruhda tərbiyə edirik. Gənclərin bizlərdən öyrənəcəyi daha yaxşı və tutarlı ittiham etmək məharəti olacaq. Sabah bu günün gəncləri bizləri ittiham edəndə, bir-biriləri ilə düşmənçilik edəndə, unutmayaq ki, onları biz öyrətmişik. Zamanında kifayət qədər əxlaqlı olmağı bacarmamışıq.
Zaur İbrahimli