Modern.az

700 bal toplayan abituriyent: “Xaricdə oxumaq istəyirəm”

700 bal toplayan abituriyent: “Xaricdə oxumaq istəyirəm”

2 Avqust 2012, 13:00

"Uzun illər kirayələrdə qalmışıq, çətin günlərimdə hər zaman valideynlərim mənə dəstək olub"

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu, IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent Kamran Elçin oğlu Həmidov 700 bal toplamağın sirrini Modern.az-la bölüşüb.
Respublika üzrə rekord nəticə toplayan Kamran Həmidov təhsilini bundan sonra Azərbaycanda deyil, xaricdə davam etdirmək istədiyini bildirib.

“Düzün desəm, 700-ə yaxın bal toplayacağımı gözləyirdim.  Universitetə var gücümlə hazırlaşırdım. Qarşıma məqsəd qoymuşdum ki, yüksək nəticə göstərəcəm. Dərslərimə ciddi yanaşırdım. Hardasa özlüyümdə düşünürdüm ki, 650-700 arası bal toplayaram. Amma konkret 700 bal toplayacağıma tam əmin deyildim.

Suallar normal idi. Amma imtahan o qədər də asan deyildi. İmtahan zamanı özümü çox yaxşı hiss edirdim. Həyəcan yox idi. Bəlkə də ona görə, belə yaxşı yazmışam”, - deyə K.Həmidov qeyd edib.

K.Həmidov digər 700 bal toplayan abituriyentlərdən fərqli olaraq, repititor yanına getmədiyini və imtahanlara özü hazırlaşdığını deyib. Onun sözlərinə görə,  hər bir abituriyent qarşısına məqsəd qoyarsa, özü də repititor olmadan hazırlaşa bilər.

“Mən bu vaxta kimi repititor yanına getməmişəm. Bizim məktəbdə kurslar var orada hazırlaşırdıq. Öz müəllimlərimiz bizimlə məşğul olurdular. Onlar bizim üçün çox əziyyət çəkirdilər. Sözün açığı bizim sinifdən iki nəfərin 700 bal toplayacağı təsadüf deyil. Biz 4 nəfərdən 700 bal gözləyirdik, amma iki nəfər buna nail oldu. Sinifimizdə başqa uşaqlar var ki, 696 bal toplayıb.

Mənim üçün əziyyət çəkən bütün müəllimlərimə minnətdarlığımı bildirirəm. Eləcə də valideynlərimə borcluyam. Biz uzun illər kirayələrdə qalmışıq, çətin günlərimizdə hər zaman valideynlərim mənə dəstək olub. Onlar mənim oxumağım üçün hər bir köməkliyi edirdilər. Üzərimdə işləyirdim. Tez-tez sınaqlarda iştirak edirdim.

Qeyd edim ki, sınaqlarda ən çox 695 bal toplamışam. Tibb Universitetinin Müalicə işi ixtisasına daxil olmaq istəyirəm. Amma təhsilimi xaricdə davam etdirmək istəyirəm”.

K.Həmidov deyib ki, bu il onun üçün uğurlu olub. Buraxılış imtahanlarını da əla qiymətlərlə verdiyinə görə, qızıl medala layiq görülüb.

”Alınsa, təhsilimi xaricdə davam etdirəcəm. Mən bütün abituriyentlərə demək istəyirəm ki, yüksək nəticə əldə etmək istəyirlərsə, qarşılarına məqsəd qoysunlar. Hər şey insanın öz əlindədir”, - deyə Kamran Həmidov əlavə edib.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında III ixtisas qrupu üzrə bir, IV ixtisas qrupu üzrə isə iki abituriyent maksimum nəticə əldə etməklə 700 bal toplayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?