Tikintini dayandıran şirkətlər dövlət büdcəsindən ayrılan pulun köçürülməsini tələb edirlər
Bu ilin may ayında Zaqatala-Qax bölgəsində baş verən güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin, məktəb binalarının, bir sözlə, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün prezidentin tapşırığı olmuş və ilkin olaraq 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat vəsait ayrılmışdı.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sonuncu dəfə mətbuata açıqlamasında deyib ki, ümumilikdə zəlzələ bölgəsində 21 min ev və sosial obyekt təhlil olunub.
“Onlardan 2944 ev birmənalı olaraq qəzalıdır və yenidən tikiləcək. Təxminən 3500-dən yuxarı ev təmir-bərpa statusuna düşür. Onların içərisində “qəzalı” statusuna keçən evlər olacaq”-deyə nazir bildirmişdi.
Nazir qeyd etmişdi ki, qəzalı vəziyyətdə olan bir sıra evlər yayın sonuna, bəzilər isə soyuqlar düşənədək tikilib istifadəyə veriləcək.
Ancaq bölgədən gələn məlumatlara görə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün görülən təmir-bərpa işləri zəifləyib. Hətta o da qeyd olunur ki, qəzalı evlərin yerində yenilərinin tikintisilə bağlı ciddi problemlər yaranıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda fəlakət bölgəsində tikinti işlərini aparan 12 podratçı şirkət evlərin tikintisini dayandırıblar. Onlar işin davam etdirilməsinə etiraz edirlər. Səbəb kimi isə tikinti üçün müvafiq vəsaitin hələ də şirkətlərin hesabına köçürülməməsi göstərilir. Aldığımız məlumata görə, tikintiyə cəlb edilən şirkətlər işlərə baylayarkən ilkin vəsait kimi öz maliyyə imkanlarından istifadə ediblər. Amma bir müddət işlədikdərn sonra öz vəsaitlərini xərcləyib qutaran şirkətlərə məlum olub ki, dövlət büdcəsindən ayrılan maliyyənin sifarişçi tərəfindən köçürülməsi ləngidilir. Belədə onlar işləri dayandırdıqlarını bəyan ediblər. Qeyd edək ki, sifarişçi təşkilat Fövqəladə Hallar Nazirliyidir.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Fövqəladı Hallar Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Ancaq nazirliyin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovu həmişəki kimi tapa bilmədik. İndiyədək heç bir jurnalistlə təmas qurmayan, mediadan gizlənən mətbuat katibini tapmaq bizə də müəssər olmadı.
Bununla belə, nazirliyiə etdiyimiz davamlı telefon zənglərinə cavab olaraq bildirildi ki, hər hansı məsələ ilə bağlı şikayətlərə bu ayın 24-də baxılacaq. Problemlə bağlı nazirliyə həmin tarixdə müraciət oluna bilər.
Gültəkin Ələsgər