Hövsan qəsəbəsində toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub.
Komitədən Modern.az-a verilən məlumata görə, daxil olan məlumata əsasən 6 avqust 2012-ci il tarixində Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi 16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılmış və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib. Bununla da istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılmış və istehlakçı hüquqları kobud şəkildə pozulub. Məhsullardan və boyaq maddəsindən nümunələr götürülərək, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.
Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib. Araşdırmalar davam etdirilir.
Gültəkin Ələsgər