Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Ölkə başçısının qərarını reallaşdıra bilmirik”
Təhsil Nazirliyinin məlumatına görə, 2012-2013-cü tədris ilində respublikada ümumi təhsil məktəblərinin I sinifə 130 min 454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bu şagirdlərin neçəsi ilk məktəb sevincini Bakı şəhərində yaşayacaq?
”Yeni tədris ilində Bakı şəhərində 30 minə yaxın uşaq birinci sinifə qədəm qoyacaq”. Bu barədə Modern.az saytına Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib:
“Demək olar ki, birinci siniflər artıq dolub, sənəd qəbulu may ayından başlayıb. Bakının mərkəzində yerləşən məktəblərin birinci sinifləri artıq formalaşıb. Həmin məktəblərə çox güclü axın var. Valideynlər əsasən, övladlarının həmin xüsusi statuslu, yəni, gimnaziyalarda, liseylərdə təhsil almalarını istəyirlər. Bu məktəblərə də qəbul xüsusi qaydalarla aparılır. Bu il biz ümumilikdə, 30 min birincinin gələcəyini gözləyirik”.
Sektor müdirinin sözlərinə görə, birinci sinifə gedənlərin sayı ilbəil artır: “Son illər birincilərin sayı artır. Hər il 500-1000 birincinin artımını müşahidə edirik”.
Z.Əliqızı bu gün Bakı məktəblərində yaşanan şagird sıxlığından da danışıb:
“Maliyyə Nazirliyinin qərarına müvafiq olaraq, bir sinifdə 20 nəfər olduğu halda, birinci sinif yarana bilər. 20-dən aşağı olduğu halda bu, mümkünsüzdür, amma şagirdlərin sayı 20-dən yuxarı ola bilər, normal isə 20-25 şagirdin olmasıdır. Hazırda elə məktəblərimiz var ki, orada bir sinifdə 40 uşaq var. Ümumiyyətlə, Bakıda şagird sıxlığı var. Bakıda məktəblərin sayı məktəblilərin sayı ilə müqayisədə azdır. Bakının demək olar ki, 326 məktəbindən 50%-i ikinövbəli sistemlə, qalanları isə sıxlıq olduğundan 3-4 növbəli sistem əsasında işləyir. Mərkəzdə yerləşən məktəblərdə isə çox ciddi şagird sıxlığı var və bir sinifdə 30-40 uşaq təhsil alır. Amma bu rəqəm normalda 20-25 olmalıdır. Məktəblərdə sıxlığın olması bugünkü reallıqdır. Ölkə başçısının ümumi orta təhsilin 5 günlük qrafikə keçməsi ilə bağlı qərarı var, amma təəssüf ki, biz bu qərarı, hələ də reallaşdıra bilmirik”.
Z. Əliqızı bildirib ki, Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun olaraq, sentyabrın 15-nə qədər 6 yaşı tamam olanlar istədikləri məktəblərdə təhsil almaq üçün tələb olunan sənədləri təqdim etməlidirlər:
“Sentyabrın 15-dən noyabrın 1-nə qədər 6 yaşı tamam olan uşaqlar, məktəblərdə yaranan komissiyalara müraciət edirlər. O komissiyalarda uşaqların qabiliyyəti yoxlanılır, yalnız bundan sonra birinci sinfə qəbul olunurlar. Noyabrın 1-dən dekabrın 1-nə qədər 6 yaşı tamam olan uşaqlar isə Təhsil Nazirliyində yaradılan komissiyaya müraciət edirlər və komissiya tərəfindən yoxlanırlar, komissiya məqbul hesab etdiyi halda, həmin uşaqlar da birinci sinifdə təhsil ala bilərlər. Dekabrın 1-dən sonuna qədər 6 yaşı tamam olan uşaqlar, birinci sinifə qəbul edilə bilməzlər. Onlar yalnız gələn il birinci sinifə qəbul ola bilərlər”.
Bir daha xatırladaq ki, may ayından başlayan sənəd qəbulu hələ də davam edir və valideynlər övladlarının sənədlərini sentyabrın 15-nə qədər lazım bildikləri məktəblərə verə bilərlər.
Nihadə Eyyubova