Bu şəhərdə divarların rəngi ağ olsa da, hamının üzü qara rəngdədir
Arxaya baxanda küləklər şəhəri Bakıdan, Odlar Yurdunun qədim şəhərindən ürəkaçan, xoş heç nə qalmadığını görürəm. Bu şəhərdə göz açmamışam, amma uşaqlığım, yeniyetməlik dövrüm burada keçib. Acılı-şirinli xatirələrim var.
...Yadımdadır, Bakı küçələrində faytonlar dolaşardı, sevinclə seyr edərdik, indi həmin yollarda, küçələrdə “Jeep”lər şütüyür. Bir vaxtlar bulvarda hamının istifadəsinə verilən səssiz, sakit fırlanan karusellər indi yeniləriylə əvəz olunub: baş döndürən, ürək bulandıran, nəhəng, gur səsli. Bulvardakı faytonları ləğv etdilər ki, guya, mədəni olmaq lazımdır, bulvardan at iyi gəlir. Küçələrdəki tramvay, trollebus xətlərini kiminsə bəlasına tuş gəldiyinə görə ləğv etdilər, “Bakımızı gözəlləşdirəyin” deyib guya avropalaşmaq istədilər. Amma avropalaşmaq istədiymiz Avropanın bir çox şəhərlərində bu gün də tramvay, trollebus fəlaiyyət göstərir... Bakıda isə xarici markalı maşınların yaratdığı tıxaclar yollara “bəzək” vurur.
İndi bulvarda köhnə “Sadko”ların yerini yeni “Toska”lar tutur. Vaxtilə hər kəsin gedə biləcəyi “Azneft“ meydanındakı “Çinar” kafesi indi zənginlər üçün fəaliyyət göstərir. O zaman bulvarın ortasında çox da böyük olmayan hovuz vardı. Pulu olan da, olmayan da kiçik qayığa minib kiçik hovuzda tur atardı. Hazırda “Kiçik Venesiya su şəhərciyi” açılıb ki, bu da kasıblar üçün deyil. 20 dəqiqəlik qayıqla gəzinti bir nəfər üçün 5 manata başa gəlir.
O zaman üstündəki qəpik-quruşla oraları başdan-ayağa dolaşıb, karusellərə minib, dondurma yeyib rahat gəzə bilirdin. Çayxanada çay sifariş edəndə ofisiant çay dəstgahı açıb “bu şokalad, mürəbbə, ləbləbi geri qaytarılmır, çayla bərabər verilir” deyib bir çaynik çay içmək üçün 20 manat hesab kəsmirdi. Bu gün cibində azı 40-50 manat olmalıdır ki həm karuselə minə, həm dondurma yeyə, həm də çay içə biləsən.
... Bulvarda rahat öpüşənlər indi sevgilisindən bir “maç” almaq üçün ona yaxınlaşan polsin cibinə 5-10 manat pul basmalıdır. Ki, paqonlu qaqaş “pasportunuzu göstərin görüm ə, bu qızı alacaqsan ki, öpürsən?” deyə sual verib, sonra da bölməyə aparmaqla hədələməsin. O zaman Bakı küçələrində polis görəndə sevinirdin ki, mənim polisim məni qoruyur. İndi əksinə olub, onlardan özünü qorumaq üçün səkinin o biri tərəfinə qaçırsan ki, sırtıq-sırtıq üzünə gülərək “qəşəng qız nətərsən” deməsin.
...Uzun növbəyə dayanıb yağ və ya “sostran” (Şərqi Avropanın keçmiş sovet respublikaları – L.S. ) mallarını alardıq. Uzun növbələrdə dayanmaqdan əsəbləşsək də, sonunda təmiz kərə yağı və keyfiyyətli geyim almağımıza çox sevinərdik. Bu gün Bakının supermarketləri növbəsiz-filansız “geydirmə Yeni Zelandiya” yağı, geyim dükanları Çinin, Türkiyənin keyfiyyətsiz mallarıyla doldurulub.
... Acanda “qostronom”a girib bir bulkuyla bir fincan kakao içib rahatlaşırdın. Bu gün Bakımızdakı kafelərinin sayı bəlli deyil, hansına istəyirsən girib 5 manat verib qəhvə içir, küçələrdə dönər yeməklə qarnını doydurursan. Addımbaşı avtomat su köşkləri vardı, 3 qəpik salıb sərin və dadlı su içmək olurdu. Bu gün dadı-tamı olmayan fantalar, kolalar və s. küçələrdə meydan sulayır.
... “Tarqovı”nı indi TürkiyənınTekstil anbarlarındakı çürük parçalarından hazırlanan geyim dükanları, butikləri bəzəyir. O zaman yarım dənə çörək iki nəfərlik ailənin iki öylən yeməyi olurdusa, indi iki nəfərin hər biri 1 çörəklə doya bilmir.
Əvvəllər Bakı küçələrində yanğın hidratı (su kəməri, kanal) mövcud idi ki, dar küçələrə yanğınsöndürən maşınlar daxil ola bilməyəndə yanğın hidratından istifadə etmək mümkün olsun. Hazırda Bakının o dar küçələri göydələnlər, restoranlarla əhatə olunub, buna görə də yanğınlar baş verəndə yanğını söndürmək çətiniklə başa gəlir. O zaman qazıntılardan əziyyət çəkmirdik, hamı işini bilirdi. İndi kim haranı istəyir oranı da qazıb-tökür.
... Bir zamanlar Bakıda rus dilində danışa bilməyən nabələd görəndə, “çuşka” deyirdilər. Bu gün Bakıda hamıya “çuşka” deyirlər, çünki hamı bura gəlmədir. O zaman Bakı küçələrindəki binalar ağ əhənglə suvanırdı, hər yerdə hamının üzü ağ olurdu. İndi binalar ağ mərmərə bülənsə də, hamının üzü qara rəngdədir, şəhərin toz-torpağından, insanların çəkdiyi acıdan. O zaman Bakının Qarabağ deyilən dərdi yox idi, hamı deyib, gülür, əylənirdi. İndi Bakının Azərbaycan boyda Qarabağ dərdi var, yenə də hamı deyib, gülür, əylənir.
...Bakımın köhnə ruhunu istəyirəm. Canım, qanım olan Bakının...
P.S. Xalamın qonşusunda bir qadın vardı. “Qostronom”da xəzinədar işləyirdi. Təsadüfən alıcıdan 2 qəpik artıq almışdı, onu buna görə işdən qovmuşdular. Ömrünün sonuna kimi köhnə “Bakı” mehmanxanasında xadimə işlədi. İndi “qostronom”lar marketlərlə əvəz olunub, bir şey alarkən 3-4 qəpik qalıq qalanda qaytarmırlar ki, xırda pul yoxdur. Amma 3-4 qəpik verəndə “”bizdə belə xırda qəpik götürülmür” deyirlər.