“Bu gün Kərbəla meydanı Azərbaycandır”
C.Məmmədquluzadə
Dağıdıcı zəlzələ Güneyə fəlakət gətirdi; yüzlərlə ölən, minlərlə yaralı var. Dünyanın zəlzələ mərkəzlərindən biri də İrandır və bu dəfə bu ölkədə baş verən zəlzələdən zərər görənlər, özümüzə doğma saydığımız, müqəddəs bildiyimiz torpaqların sakinləridir.
Bu dəhşətli fəlakətin doğurduğu ab-hava Azərbaycanda da hiss olunur. İstər media, istərsə dövlət qurumları və ya ictimai-siyasi təşkilatlar məsələ ilə bağlı müxtəlif formalı yanaşmalar nümayiş etdirirlər. Və bu yanaşmalarda baş vermiş faciyəyə bir ortaqlıq, bir qardaşlıq, soydaşlıq yanğısı hiss olunur. Azərbaycan cəmiyyəti İranda baş verən faciəni özününkü hesab etdi.
Azərbaycan dövləti atılmalı olan ilkin addımı vaxtında atdı. Rəsmi başsağlığının ardından yardım dolu maşın karvanı Güney Azərbaycanın qədim Əhər şəhərinə göndərildi.
Azərbaycan dünyanın bir çox ölkələrinə təbii fəlakətlər zamanı humanitar yardımlar və xilasedici missiyalar göndərir. Ötən ilin dekabrında Türkiyənin Van şəhərində baş verən zəlzələ zamanı humanitar yardımdan daha çox Azərbaycan xilasedicilərinin oradakı qabiliyyətli fəaliyyəti yaddaşlarda qaldı.
İndi Azərbaycan dövləti də yalnız 25 avtomobil karvanından ibarət yardımla kifayətlənməməlidir. Çünki bu dəfə faciə millətimizin başına gəlib. Oraya ediləcək istənilən yardım özümüzə, öz vətəndaşımıza verilmiş sayılır. Necə ki, Qəbələdə sel kəndləri basanda, Biləsuvar, Salyan, Saatlı su altında qalanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməyə tələsirdi, bu gün Təbrizdə, Əhərdə, Herisdə, Ərdəbildə, Urmuda zəlzələnin yaratdığı dəhşətli mənzərəni aradan qaldırmaq üçün imkanlar maksimum səfərbər olunmalıdır. Xilasedici briqadalar, tibbi yardım, zəruri tələbatlar... Bu gün bunlara daha çox ehtiyac var.
"Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların Vətənidir". Ölkə prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Qurultayında səsləndirdiyi bu sözlərinin bu gün gerçək nümunəyə çevrilməsi üçün zəlzələdən zərər çəkmiş soydaşlarımıza məhdudiyyətsiz (daha doğrusu, İran hakimiyyətinin "Dayan!" dediyi miqyasda) dəstək göstərilməlidir.
Eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələri də yardım kampaniyaları başlada bilərlər. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti "yuxarı"dan kiminsə göstərişini gözləmədən belə bir kampaniyanı başlamaqda artıq gecikir. Həm də bu nə üçün lazımdır. Bu gün bəzi qurumlar belə bir faciəli vəziyyətdən də siyasi məsələlərdə istifadəyə yol verirlər. Hökuməti ciddi tədbirlər görməyə, həmvətənlərimizə yardım məqsədi ilə imkanlardan maksimum istifadə etməyə çağırırlar. Ancaq qoy, Qırmızı Aypara Cəmiyyəti yardım kampaniyasına başlasın və siyasi mövqeyindən asılı olmayaraq hər kəsi əlindən gələn səviyyədə bu kampaniyaya qoşulmağa çağırsın.