İlyas İsmayılov hakimiyyətin idman siyasətini incələdi
Millət vəkili: “Bəlli qüvvələr Türkiyə, İran və Pakistan kimi regional müsəlman dövlətlərini parçalayıb, aciz duruma salmaq istəyirlər”
Son hadisələrlə bağlı suallarımızı Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov cavablandırır.
- İlyas müəllim, ötən həftənin sonu iki fərqli hadisə ilə yadda qaldı. Əvvəlcə idmançılarımızın London olimpiadasında uğursuz startından sonrakı qələbələrinin sevincini yaşadıq. Lakin dərhal da Cənubi Azərbaycanda baş verən zəlzələ xəbərinə üzüldük. İlk öncə həmin hadisələrə münasibətinizi bilmək istərdik.
- Əvvəlcə İranın Şərqi Azərbaycan hissəsində baş verən zəlzələ nəticəsində həlak olanlara “Allah rəhmət eləsin” deyir, yaralananlara və zərər çəkənlərə isə şəfa, səbr diləyirəm. Həqiqətən də böyük fəlakətdir, Yaradanın sınağıdır. Amma İran güclü dövlətdir və mən inanıram ki, özünün imkanları və dost ölkələrin köməyi ilə zəlzələnin ağır nəticələrini tezliklə aradan qaldıracaq.
London olimpiadasına gəlincə, ilk günlər bizim idmançılarımız üçün həqiqətən də uğursuz oldu. Ona görə də mətbuatda və cəmiyyət arasında Londona yollanmış idmançılarımız, məşqçilərimiz və ümumiyyətlə Azərbaycan hakimiyyətinin idman siyasəti ilə bağlı müxtəlif, əsasən də tənqidi fikirlər səslənməyə başladı. Əlbəttə, həmin fikirlər arasında əsaslı arqumentlərə söykənən haqlı iradlar da vardı. Məsələn, mən də o fikirdəyəm ki, bəzi idmançılarımızın psixoloji hazırlığı daha yüksək səviyyədə olmalıydı. Yeri gəlmişkən, vaxtilə Napoleon deyirdi ki, mübarizədə qələbənin taleyini dörddən üç halda əsgərin psixoloji hazırlığının necə olması həll edir. Nəzərə alsaq ki, idman mübarizə, idmançı da mübarizə aparandır, deməli, psixoloji amil burada da başlıca şərtlərdəndir. Bundan başqa, psixoloq ondan ötrü lazımdır ki, idmançıya Vətən, bayraq, himn, qələbə və medal anlayışlarının mahiyyətini başa salsın. İdmançı bilməlidir ki, robot deyil və adi metal parçası üçün mübarizə aparmır. O, nəyin naminə və nə üçün mübarizə apardığının fərqində olmalı, qələbə uğrunda bütün iradəsini və əzmkarlığını ortaya qoymalıdır. Təbii ki, söhbət ilk növbədə öz idmançılarımızdan gedir. Yeri gəlmişkən, legionerlərin yığmaya indiki şərtlərlə cəlb edilib-edilməməsi məsələsi üzərində düşünməyə həqiqətən də dəyər. Şəxsən mən özümüzünkülərə üstünlük verilməsinin tərəfdarıyam. Qoy qələbə də, şöhrət də, onların gətirdiyi gəlir də özümüzünkülərə qismət olsun. İnanıram ki, gələcəkdə elə bu cür də olacaq.
- Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Rüstəm İbrahimbəyovun ətrafında baş verən hadisələri izləyirsinizmi? Bu məsələdə kimin haqlı, kimin haqsız olduğu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, müxtəlif təbəqələrə, o cümlədən müxalif düşərgəyə mənsub insanlar arasında tez-tez müşahidə olunan qarşıdurma meyllərinin artmasının səbəbini nədə görürsünüz və bunların qarşısını necə almaq olar?
- Bu məsələ ilə bağlı bizim mövqeyimiz mətbuatda əvvəllər dərc olunub. Bir daha vurğulamaq istəyirəm ki, kimin nə deməsindən asılı olmayaraq, Rüstəm İbrahimbəyov həmişə və hər yerdə ləyaqətli davranış nümayiş etdirib və hər yerdə də xalqımıza başucalığı gətirib. O cür şəxsiyyətlər istənilən cəmiyyətin qazancı hesab olunurlar. Ən azı buna görə onlara və talelərinə diqqətlə yanaşılmalıdır.
Düzü, məni təəccübləndirən və təəssüfləndirən Rüstəm İbrahimbəyovu tənqid edənlərin, onun qaldırdığı problemləri kənarda qoyub özünü hədəfə almalarıdır. Halbuki həmin problemlərin həlli Rüstəm İbrahimbəyovdan çox, cəmiyyətə və iqtidara lazımdır.
Bu məsələdə başqa bir məqam da var. Rüstəm müəllimin ünvanına bəzən çox ciddi və sərt ittihamlar səsləndirilir. Əlbəttə, mən bunların nə dərəcədə əsaslı olub-olmadığını deyə bilmərəm, onları məhkəmə araşdırmalıdır. Məni təəccübləndirən “o qədər faktların” indiyə qədər nə üçün və necə “gizli” qalmasıdır. Ola bilməz ki, bir adam o qədər “qanunsuzluqlara” yol versin və heç kim də ona reaksiya bildirməsin. Elə bu faktın özü ona dəlalət edir ki, Rüstəm İbrahimbəyov məlum tənqidi çıxışlarına görə hücumlara məruz qalır. Halbuki insanı, xüsusən də yaradıcı insanı fikrinə və mövqeyinə görə təqib etmək olmaz. Nəhayət, baş açmaq olmur ki, cəmiyyətdə onsuz da gərginliyin yaşandığı bir dönəmdə daha bir və süni gərginlik atmosferinin yaradılması kimə və nəyə lazımdır. Biz əksinə, çalışmalıyıq ki, bu cür gərgin situasiyalar yaranmasın, mövcud narazılıqlar aradan qaldırılsın. Hakimiyyətdəkilər də xalq arasında nüfuzu olan, sözü keçən insanların dediklərini, necə deyərlər, süngü ilə qarşılamamalı, qəribçiliyə salmamalıdırlar. Haqlı iradları və ağıllı təklifləri nəzərə almaq, problemlərin həllində onlardan da istifadə etmək olar və lazımdır.
Sualınızın ikinci hissəsinə gəlincə, bu məsələdə də bizim mövqeyimiz dəyişməzdir. Müxalifət partiyası olsaq da, cəmiyyətdəki mövcud problemlərin zor, qarşıdurma müstəvisində deyil, sivil qaydada, danışıqlar, dialoqlar vasitəsilə həll olunmasının tərəfdarıyıq. Bütün müşkül, mübahisəli məsələlər masa ətrafında, dialoq vasitəsilə müzakirə olunmalıdır ki, ortaq nəticəyə gəlmək mümkün olsun. Üstəlik nəzərə alsaq ki, dialoq həm də ölkədəki gərginliyi azaltmağın yollarından biridir, deməli, onun baş tutmasında və əməli nəticə verməsində hamımız maraqlı olmalıyıq.
- Gərginlik təkcə bizdə deyil. Regionda vəziyyət daha qlobal və təhlükəli xarakter alır. Əvvəlcə “ərəb baharı” dalğası, arxasınca Suriya düyünü, indi də Kürdüstan dövlətinin yaradılması zəruriliyinin qabardılması və sair olduqca dolaşıq situasiyanın yaranmasına gətirib çıxarıb. Sizcə, bütün bunlar nə ilə nəticələnə bilər?
- Bu cür məsələlərdə bizim mövqeyimiz bundan ibarətdir ki, hər bir xalq öz taleyini özü həll etməlidir. Təəssüf ki, bəzən başqa dövlətlər yaranmış situasiyadan öz maraqları üçün istifadə etməyə cəhd göstərirlər. Ya da özləri bilərəkdən qarışıq situasiya yaradırlar.
Məlum olduğu kimi, hazırda dünyada bir neçə regional müsəlman dövləti var: Türkiyə, İran, Pakistan... Hadisələrin gedişi göstərir ki, bəlli qüvvələr bu dövlətləri də parçalayıb, aciz duruma salmaq istəyirlər.
Biz isə əksinə, istəyirik ki, həmin dövlətlər daha da güclənsinlər, ilk növbədə öz xalqlarına, daha sonra müsəlman dünyasına və nəhayət, bütün bəşəriyyətə xidmət etsinlər.
- Müsahibələrinizdə dəfələrlə vurğulamısınız ki, bütün normal ölkələrdə siyasi mübarizənin instrumenti və avanqardı kimi siyasi partiyalar çıxış edirlər, amma təəssüf ki, əksər Şərq ölkələrində olduğu kimi, bizdə də bu rolu çox vaxt hüquq-mühafizə orqanları oynayırlar. Necə düşünürsünüz, bu məntiqsizliyi aradan qaldırmaq üçün nələri etmək lazımdır?
- Bir az əvvəl dialoq məsələsinə toxunduq və mən qeyd etdim ki, biz bütün mübahisəli məsələlərin danışıqlar vasitəsilə həllinin tərəfdarıyıq. Amma təəssüf ki, hamı bu cür düşünmür. Məsələn, bayaq Suriyadan danışdıq. Görürsünüz, orada insanların əvəzinə təyyarələr, digər hərbi texnika danışır və nəticədə əhali qırılır, şəhərlər, kəndlər xarabazarlığa çevrilir.
Təbii, biz istəyirik ki, siyasi prosesləri siyasi partiyalar tənzimləsinlər. Həmin güc strukturlarının öz funksiyaları var və onlar həmin funksiyaları yerinə yetirməklə məşğul olsunlar. Bunun üçün də ilk növbədə siyasi mədəniyyət inkişaf etməlidir.
Digər bir məqam isə proseslərin həllinə cəmiyyətin, ən azı onun siyasi baxımdan aktiv kəsiminin cəlb olunması ilə bağlı ola bilər. Düzdür, bu yaxınlarda “Siyasi partiyalar haqqında qanun”da müəyyən dəyişikliklər edildi və biz bunu təqdir edirik. Amma çox istərdik ki, proporsional seçki sistemi də bərpa olunsun. Siyasi partiyaların cəmiyyətdəki yeri əhalinin ona göstərdiyi etimadla, seçkilərdə verdiyi səslərlə müəyyən olunur. Bu dəstəyin hansı səviyyədə olduğunu isə dəqiqliyi ilə yalnız proporsional seçki sistemi göstərə bilər.
- İndi deputatların əksəriyyəti istirahətdədir. Amma eşitdik ki, Siz deputat seçildiyiniz rayonlardan-seçicilərlə görüşlərdən qayıtmısınız. Təbii ki, görüşlər haqda da eşitmək istəyirik. Amma bizi daha çox başqa məsələ maraqlandırır: bu isti günlərdə nə əcəb dincəlmirsiniz?
- Əvvəlcə görüşlər barədə. Bu dəfə seçicilərlə üç görüş keçirdik. İlk görüşümüz Qazax rayonunun Xanlıqlar kəndində oldu. Orada əhali yüksək gərginlikli elektrik xətlərinin yaşayış evlərinin lap yaxınlığından keçməsindən narahatdır. İstəyirlər ki, həmin xətlərin istiqaməti dəyişdirilsin. Mən artıq onların istəkləri ilə bağlı “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə müraciət göndərmişəm və ümid edirəm ki, bu problem həllini tapacaq.
İkinci görüşümüz Ağstafa rayonunun Köçəsgər kəndində oldu. Yeri gəlmişkən, əvvəllər orada əhali işıq və qaz problemlərinə görə əziyyət çəkirdi. İndi, şükürlər olsun, vəziyyət xeyli yaxşılaşıb və artıq belə problemlər yoxdur. Hazırda onlar ən çox içməli və əkin suyu sarıdan korluq çəkirlər. Düzdür, yerli rəhbərlik bu problemlə məşğuldur. Bununla belə, biz məsələni daha səlahiyyətli dövlət və hökumət qurumları qarşısında da qaldıracağıq.
Sonuncu görüşümüz Tovuzda, “Sement zavodu” deyilən ərazidə yaşayan seçicilərlə oldu. Oranın sakinləri vaxtilə həmin zavodun tikintisində, sonra da özündə işləyib, baraklarda yaşayıblar. Zavod çoxdandır işləmir. İşçiləin bir qismi düyalarını dəyişib, qalanları isə çox acınacaqlı şəraitdə yenə də həmin baraklarda yaşayırlar. Biz – Tovuzdan seçilən deputatlar bununla bağlı əvvəlcə Baş nazir Artur Rasizadəyə müraciət etmişdik. Sonra mən bu məsələni Milli Məclisdə də qaldırdım. Nəhayət, Prezident Tovuzda səfərdə olarkən deputat həmkarım Qənirə xanım Paşayeva ilə birlikdə ona da müraciət etdik. Çox sağ olsun, müraciətimizə diqqətlə yanaşdı və lazımi vəsait ayırdı. İndi orada 85 ailə üçün iki beşmərtəbəli yaşayış binası tikilməlidir. Yeri gəlmişkən, mən bu addımı yüksək qiymətləndirirəm. Çünki dünyanın heç bir yerində o cür binanı tikib, əhaliyə pulsuz vermirlər.
Şübhəsiz, onların digər problemləri də var. Lakin əksəriyyəti məişət xarakteri daşıdığından yerli rəhbərliklə belə razılığa gəldik ki, bunları özləri həll etsinlər. Daha yuxarı instansiyaların müdaxiləsinə ehtiyac duyulan bir neçə məsələyə gəlincə, təbii, biz onların həlli istiqamətində də zəruri addımları atacağıq.
Sualınızın son hissəsinə isə bir qənaətimi sizinlə bölüşməklə cavab vermək istəyirəm. Bu görüşlərdə bir daha əmin oldum ki, xalqımız həqiqətən də qədirbilən, zəhmətkeş və zəhmətə qiymət verən xalqdır. Ən azı buna görə bu xalqa xidmət etmək hər birimizin borcu olmalıdır. İstər isti yay olsun, istərsə də soyuq və şaxtalı qış...
Modern.az