Bir ayın içində bir şəxsin iki önəmli məsələ ilə bağlı təkzib verməsi diqqətimi çəkdi.
Avqustun əvvəlində ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanın 6 rayonunun işğalı ilə bağlı məsələni gündəmə gətirərkən bu məsələdə mənbə kimi Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun adını çəkmişdi. Demişdi ki, İlyas İsmayılov vaxtilə ona Zəngilan və Qubadlının Abbas Abbasovun göstərişi ilə boşaldıldığını, torpaqların düşmənə verildiyini açıqlayıb.
Həmin vaxt İlyas İsmayılov bu məsələni qəti şəkildə təkzib etdi. S.Cəlaloğluna bu haqda heç nə demədiyini, deyilənlərin yalan olduğunu söylədi.
Avqustun sonudur və İlyas İsmayılov yenə də təkziblə çıxış etməli olub. Mövzu isə media gündəmini “zəhərləyən” eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiasıdır.
Bu dəfə hüquqşünas Adil Minbaşı öz iddiasında söykənəcək kimi İlyas İsmayılovu seçib. Demə, hüquqşünas vaxtilə İlyas İsmayılova Elçibəyin zəhərlənməsi ilə bağlı daha geniş bilgilər veribmiş.
İlyas müəllim isə Adil Minbaşının bu barədə ona heç nə demədiyini söyləyir.
Bir ayın içərisində baş verən bu təsdiq-təkzib söhbətində niyə məhz İlyas müəllimin adının mötəbər mənbə kimi göstərilməsi maraqlı məsələdir.
Bu seçim nədən irəli gəlir? İ.İsmayılovun professional hüquqşünas və ya keçmiş baş prokuror olmasındanmı?
Yəqin, düşünürlər ki, İlyas müəllim dəqiqliyi sevən, məsələlərə münasibətdə ədaləti və hüququ əsas götürən şəxs olduğundan onun adının hansısa mövzuda keçməsi, bu mövzuya inandırıcılıq dərəcəsi qazandıra bilər...
Bəlkə, İlyas müəllimin müəyyən qədər səbrli, ağırtaxtalı, ağayana kişi olması? Elə hesab edirlər ki, o, abırına qısılaraq belə məsələlərə reaksiya verməyəcək, bununla da irəli sürülən iddia cəmiyyətdə mötəbərlik qazanacaq.
Axı, məsələn, Adil Minbaşı desəydi ki, Elçibəyin zəhərlənməsi haqda o vaxtilə Hafiz Hacıyevlə uzun söhbətlər edib, bu söhbət elə ilk səslənişindən qeyri-ciddi qarşılanardı...
Ona görə də, cənab hüquqşünas zəhərlənmə mövzusu ilə bağlı gah, indi haqq dünyasında olan Elçibəyi, gah da bu dünyada haqq arayan İ.İsmayılovu “sirdaş” seçir.
İndi rəhmətlik Elçibəyin bu mövzuda kiminləsə söhbət etdiyini təsdiq və ya təkzib etmək imkanı yoxdur. Amma İlyas İsmayılovun təkzibi elə Elçibəyin də çatdırmaqda imkansız olduğu təkzibini ortaya qoyur hardasa...
Heç olmazsa, bundan sonra çalışın sirdaş seçimində yanılmayın, cənab iddiaçılar. BÖYÜK KİŞİLƏRİN adından yararlanıb öz arqumentlərinizi gücləndirməyə çalışmayın.
O dünyadan hay gəlməsə də, bu dünya bizə çox yaxındır...