Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması üçün ölkə başçısına əfv ərizəsilə müraciət etməsi haqda məlumat yayılıb. Lakin xəbər portallarında yer alan məlumat yalan çıxıb.
Sabiq nazirin vəkili Toğrul Babayev Modern.az saytına açıqlamasında deyib ki, elə bir qədər öncə o, Əli İnsanovun yanından gəlir və mətbuatda yayılan məlumatları təkzib edir.
Vəkil T.Babayev həmçinin bildirib ki, Əli İnsanov ona prezidentə müraciət etmək fikrində olmadığını şəxsən vurğulayıb.
“Mən Əli İnsanovun yanından indi gəlmişəm. Əli İnsanov azadlığa buraxılması üçün ölkə prezidentinə müraciət etməyib, heç müraciət etmək fikri də yoxdur. Mətbuatda bu haqda yayılan məlumatlar yalandır. Mən şəxsən Əli müəllimin özü ilə görüşüb bu məsələni söhbət etdim. O, belə dedi: “Mənim azadlığa buraxılmaq üçün kiməsə məktub yazmaq, müraciət etmək fikrim yoxdur””.
Vəkil sabiq nazirin səhhətinin də normal olduğunu qeyd edib.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Anar RÜSTƏMOV