Modern.az

Bakıdakı ev bazarında bu üç regionun sakinlərinə kirayə mənzil vermirlər - ARAŞDIRMA

Bakıdakı ev bazarında bu üç regionun sakinlərinə kirayə mənzil vermirlər - ARAŞDIRMA

30 Avqust 2012, 16:10


“Mənzil bazarında məcburi köçkünlərə, naxçıvanlılara və gürcüstanlılara kirayə mənzil verilmir”. Adətən, alış-verişdə alıcı ilə satıcı arasında ilk sual “Neçəyədir?” olursa, mənzil bazarında bu sualı “Haralısan?” əvəzləyir.

Bir neçə gün öncə dərslərin başlanması ilə əlaqədar mənzil bazarına yollanmışdıq. Kirayə mənzillərin qiyməti ilə maraqlanmaq üçün kimə yaxınlaşdıqsa, Azərbaycanlıların ənənəvi sualı ilə qarşılaşdıq: “Haralısan?”

Düzünü desək, hansı bölgədən olduğumu kirayə evə nə dəxli olduğunu əvvəlcə anlamadıq. Maraq naminə mənzil alqı-satqısı ilə məşğul olanların bir neçəsindən bunun səbəbini soruşsaq da, sualımızı cavablandırmaqdan boyun qaçırdılar. Sonda jurnalist bicliyimizi işə salıb sualımıza cavab tapa bildik.

Uzun müddətdir ki, ev alqı-satqısı ilə məşğul olan Kamran deyir ki, işğaldan sonra məcburi köçkünlərin şəhər və rayonlara axın etməsi bir növ hamının gözünü qorxutdu. Məcburi köçkün ona verilən müvəqqəti evin daimi istifadəçisi oldu. Onlar həmin evlərdə daimi məskunlaşdı və mənzillərdən çıxmadılar.

”Hətta elə insanlar tanıyıram ki, özlərinin evləri ola-ola kirayədə qalmağa məcbur olurlar. Çünki onların mənzillərində məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən də hamı onlara kirayə ev verməyə çəkinir. Bu bir növ mənzil bazarında yazılmamış qanuna çevrilib”.

Azərbaycanda ən “pullu” region hesab olunan Naxçıvan sakinlərinə kirayə ev verilməməsinin səbəbi ilə də maraqlandıq. Həmsöhbətimiz deyir ki, naxçıvanlılar ev sahibi ilə kobud rəftar edir. İcarə haqqını istəyəndə isə mənzil sahibi ilə höçətləşirlər. Bir növ onların üzərindəki “naxçıvanlı” adı mənzil sahiblərini çıxılmaz vəziyyətdə qoyur. Onlar da bundan istifadə edib dikbaşlıq edir, kirayə pulunu verməkdən imtina edirlər.       

Ev alqı-satqısı ilə məşğul olanlar deyir ki, ümumiyyətlə mənzilləri kirayə verəndə hamı istəyir ki, kirayənişin evə öz evi kimi baxsın. Hamı mənzili təmiz, səliqəli, necə deyərlər, verdiyi kimi də kirayənişindən təhvil almaq istəsə də, çox vaxt bunun əksini görənlər də olur.
O da bildirilir ki, hər dəfə gürcüstanlılara kirayə mənzil verənlər arasında da peşiman olanlar az deyil. Onlar sonradan mənzillərində hansısa bir əşyanın əskik gəldiyinə şahidi olublar. Onların hətta qapı və pəncərə cərçivələrinə kimi,  apardıqları deyilir. Odur ki, kirayə mənzil bazarında hamı məcburi köçkünlərə, naxçıvanlılara və gürcüstanlılara mənzil verməkdən imtina edir.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?