Modern.az

“AA” seriyalı nömrəsi olan maşınların sahibləri təkcə məmurlar deyilmiş...

“AA” seriyalı nömrəsi olan maşınların sahibləri təkcə məmurlar deyilmiş...

Ölkə

12 Sentyabr 2012, 09:59

Bəs məmur olmayanlar “AA” seriyalı nömrə nişanlarını necə, hansı yolla, neçəyə ala bilirlər...?

Son vaxtlar Bakı küçələrində nömrə nişanı “AA” seriyası ilə başlayan bahalı avtomobillərə tez-tez rast gəlinir. Maraqlıdır ki, belə avtomobillər dövlətə deyil, fərdi şəxslərə məxsusdur.
Halbuki, əvəllər qanuna görə, “AA” seriyalı nömrələr yalnız dövlət qurumlarına məxsus avtomobillərə verilirdi.

Arayış: Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı – nömrələr Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

Müşahidələr göstərir ki, əksər hallarda yol polisləri Bakıda “AA” seriyalı nömrələri olan avtomobilləri saxlamamağa çalışırlar. Hətta bu cür nömrə nişanları olan  avtomobillər yol hərəkəti qaydalarını pozsa belə, yol polisləri həmin maşınlara güzəştə gedirlər. Yəqin zənn edirlər ki, birdən “AA” seriyalı nömrəyə malik maşınlarda əyləşənlər dövlət qulluğunda yüksək post tutan məmur olar...
Elə Bakı küçələrində şütüyən “AA” seriyalı nömrəyə malik maşınları görən adi vətəndaşlar da onların məmurlara məxsus olduğunu düşünürlər...

Reallıqda isə belə deyil...

Əldə etdiyimiz məlumatlara görə, “AA” seriyalı nömrə nişanlarını dolayı yollarla alan fərdi avtomobil sahibləri bunun üçün 10 min AZN xərcləməli olurlar. Əlbəttə, bəziləri üçün bu, çox böyük puldur. Amma 100-150-200 min manatlıq avtomobil sürən hansısa şirkət sahibi üçün onun maraq dairəsində olan “AA” seriyalı nömrə nişanını almağa 10 min AZN xərcləmək böyük fərq etmir.

Fiziki şəxslərin “AA” seriyalı nömrə nişanı almasının necə mümkün olduğunu araşdırmaq üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə danışdıq.
K.Əliyev Modern.az saytına açıqlamasında bildirdi ki, “AA” nömrəli maşınlar fiziki deyil, hüquqi şəxslərə məxsusdur. Şöbə rəisinin sözlərinə görə, adi vətəndaşlar – fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər:

“Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da “AA” seriyalı nömrə nişanı verilir. Yəni “AA” seriyası artıq hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Hansısa firma və şirkət təsis olunubsa, indi o müəssisələrə məxsus maşına belə seriyadan olan nömrə nişanları verilir”.

Doğurdanmı “AA” seriyalı nömrələrin qiyməti 10 min manatdır?

K.Əliyev bunun həqiqətə uyğun olmadığını qeyd etdi. DYP rəsmisi bildirdi ki, ”bunu deyən şəxsə 10 min manat verirəm, gedib o nömrəni alsın görüm necə alır”.

““AA” seriyalı nömrə nişanının qiymətə heç bir aidiyyatı yoxdur. O nömrələrin də konkret olaraq 18 AZN dövlət rüsumu var. Fiziki şəxs istəsə də “AA” seriyalı  nömrə ala bilməz”.

DYP rəsmisi inkar etsə də, bizə çatan məlumatlarda “AA” seriyalı nömrə nişanı əldə edənlər arasında fiziki şəxslərin də olduğu vurğulanır.

 Anar KƏLBİYEV

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI