Modern.az

Parlamentin komitə sədri pullu təhsili müdafiə etdi: “Ali təhsildə ödənişlər ləğv olunmasın”

Parlamentin komitə sədri pullu təhsili müdafiə etdi: “Ali təhsildə ödənişlər ləğv olunmasın”

14 Sentyabr 2012, 15:00

“Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının ləğvi qeyri-mümkündür”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O, bunun tərəfdarı olmadığını qeyd edib.

“Bəzi ölkələrdə ali təhsil sistemində rəmzi olaraq ödənişlər ləğv olsa da, əksər ölkələrdə ödənişlər var. Özü də bu ödənişlər çox yüksək rəqəmlərlə ifadə olunur. Xüsusilə Avropa, ABŞ, Cənub-Şərqi Asiya ölkələrində təhsil haqqı çox yüksəkdir. Azərbaycanda ali təhsil ocaqlarında təhsil haqqının ləğvi ona görə mümkün deyil ki, bu, çox böyük rəqəmdir və onun ləğv olunması üçün həmin rəqəmin ödənilməsini dövlət öz üzərinə  götürməlidir. Hesab edirəm ki, dövlətdə bu vəsait yoxdur. Ancaq bundan da vacib səbəblər var ki, ali təhsil sistemində ödənişlər ləğv olunmasın”.

Ş.Hacıyev Azərbaycnada təhsil haqqının o qədər də yüksək olmadığını qeyd edib. “Xarici ölkələrlə müqayisə etsək, ümumiyyətlə Azərbaycanda təhsil haqqı yoxdur. Ona görə hesab edirəm ki, yaxın 3 il müddətində təhsil haqqının ləğvi haqqında danışmağa dəyməz”.

Daha sonra komitə sədri “Təhsil krediti haqqında” qanun layihəsinin Milli Məclisin Elm və təhsil komitəsinə daxil olmadığını bildirib. Bu barədə məlumat verən Şəmsəddin Hacıyev deyib ki, sözügedən qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsi tərəfindən hazırlanıb.
“Burada nəzərdə tutulan maddələrin əksəriyyəti “Təhsil haqqında” Qanunda əksini tapıb. Həm də təhsil müəssisələri onsuz da güzəştli təhsili həyata keçirirlər. Buna baxmayaraq, “Təhsil krediti haqqında” qanunun qəbulu olduqca vacib məsələdir”.

Ş.Hacıyev həmçinin qeyd edib ki, “Elm siyasəti haqqında” qanun layihəsində iş başa çatıb. “Bu qanun çox əhəmiyyətli qanundur. Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Qanun Azərbaycanda təhsilin inkişafına töhvə verəcək və təhsil sahəsindəki münasibətlərin qanun çərçivəsində həllinə imkan yaradacaq.  Yaxın 10 gün ərzində layihə aidiyyatı qurumlara göndəriləcək. Onların rəyi alındıqdan sonra Milli Məclisə təqdim olunacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?