Modern.az

Eks-deputat Südeyf İmamverdiyev: “Milli Məclisin üzvü deyiləm, amma özümü deputat hesab edirəm” - MÜSAHİBƏ

Eks-deputat Südeyf İmamverdiyev: “Milli Məclisin üzvü deyiləm, amma özümü deputat hesab edirəm” - MÜSAHİBƏ

21 Sentyabr 2012, 11:09


Modern.az
saytı Milli Məclisin sabiq deputatları ilə silsilə müsahibələrə davam etdirir. Budəfəki müsahibimiz 1995-2000, 2000-2005-ci illərdə deputat olmuş Südeyf İmamverdiyevdir. Qeyd edək ki, S.İmamverdiyev Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professordur. YAP-ın təməlini qoyan məşhur “91-lər”dən biridir.

– 90-cı illərin əvvəlində Azərbaycanda siyasi mühit son dərəcə qarışıq idi və xalqımız üçün çox mürəkkəb bir dövr yaranmışdı. Mənəvi sarsıntılar keçirirdik. Qarabağ hadisələri, 1 milyona yaxın qaçqın... O dövrdə mən vətəndaş olaraq, özü də kafedra müdiri, professor olaraq bu məsələlərə laqeyd qala bilməzdim. Ona görə də bu vəziyyətdən çıxmaq üçün yol axtarırdıq. Düşünürdük ki, biz bu vəziyyətdən necə çıxa bilərik? Kimlər hakimiyyətdə, rəhbərlikdə olmalıdır ki, biz bu çətin, ağrılı dövrdən sovuşa bilək? Bax onda yeni bir partiyanın yaranmasına və ona məhz Heydər Əliyevin rəhbər olmasına doğru biz, Azərbaycanda tanınmış ziyalıları müxtəlif adamlarla fikir mübadiləsi apardıq. “91-lər hərəkatı” baş qaldırdı. Düşünürdük ki, Heydər Əliyev kimi təcrübəli, savadlı, eyni zamanda Azərbaycandan kənarda da çox böyük vəzifə tutmuş SSRİ miqyasında bir insan olaraq, o daha düzgün yol seçə bilər. Xalqın qabağında tərəddüdlə yox, çox etibarla, qətiyyətlə dövləti idarə edib çətin problemli dövrdən çıxarda bilər. Buna görə də Yeni Azərbaycan Partiyasının yaranması məsələsi önə çıxdı.
“91-lər hərəkatı” Heydər Əliyevə müraciət etdi, onun razılığını aldıq və 1992-ci il noyabrın 18-də partiyanın Naxçıvanda qurultayını keçirtdik. Heydər Əliyev artıq o dövrdə Naxçıvana rəhbərlik edirdi. Bu vəzifəyə onu xalqın özü gətirdi. O öz fəaliyyəti ilə sübut elədi ki, artıq o olan yerdə stabillik yaranır. İşlər düzgün qurulur, düşmənlə üz-üzə sərhəddə də qayda yaranır, insanlar bilirlər ki, kimə müraciət eləməlidirlər...
YAP-ın yaranması Azərbaycanda siyasi iqlimə öz təsirini göstərdi, o dövrdə sönük duyğuları canlandırdı. Beləliklə, Heydər Əliyev gəldi, parlamentin sədri oldu, azad seçkilər keçirildi və o,  böyük üstünlüklə qalib çıxaraq Azərbaycan Respublikasının prezidenti oldu. Seçkilər keçirildi, yeni parlament yarandı. Mən də proporsional qaydada Milli Məclisinin deputatı seçildim. 5 il fəaliyyətdə oldum, ondan sonra yenidən 5 il deputat seçildim. İkinci dəfə Heydər Əliyev məsləhət bildi və məni o, siyahıya saldı. Tam 10 il Milli Məclisin deputatı oldum.

– O dövrdə fəaliyyətinizi hansı istiqamətdə qurmuşdunuz?

– Mən çox bölgələrində olmuşam. Digər deputatlarla, siyasi xadimlərlə, partiyamızın liderləri ilə gedərdik, görüşlər keçirərdik. Elə indi də lazım olanda gedirəm. Çünki 1992-ci ildən, partiya yaranan gündən YAP Siyasi Şurasının üzviyəm. YAP-çı deputatlarla görüşlərə xalq çox müsbət yanaşırdı. Regionlarda, kiçik kəndlərdə, şəhərlərdə, qəsəbələrdə hər zaman bizi dəstəkləyirdilər, YAP-a etibar edirdilər.

Mənim kabinetimdə Heydər Əliyevin xalça üzərindəki şəkli var. Yanıma gəlib deyirlər ki, professor belədir, elədir, çətinliyin ola bilərmi? Deyirəm ki, sən harada oturmusan? Bax, başının üstündə gör kimin şəkli var? Heydər Əliyev sənin himayədarındır. Ona görə də sənin heç bir problemin ola bilməz...

– Siz millət vəkili seçilməzdən əvvəl, çox məşhur cərrah, akademik idiniz. Heç düşünmüşdünüz ki, nə vaxtsa millət vəkili də olacaqsınız?

– Bir vətəndaş olaraq o vaxtki situasiyaya laqeyd qala bilməzdim. Ölkədəki hərc-mərclik bilavasitə mənim işimə təsir edirdi. Həkim nədir? Xəstələri müalicə edən. Onda isə xəstəxanalarda xəstələri müalicə etmək üçün normal şərait də yox idi. Bütün bunlar bir-birinə bağlı işlər idi. Ona görə də siyasətə qatıldım.

– Seçicilər sizə daha çox hansı problemlərlə müraciət edirdilər?

– İndiyə qədər də mənə müraciətlər davam edir. Hər kəsin bir problemi olur. Həkim olduğum üçün daha çox müalicə üçün müraciət edirlər. Çalışıram ki, köməklik edim, istiqamət verim, yol göstərim. Bu gün Milli Məclisin deputatı deyiləm, amma yenə də özümü həmin adam sayıram.

– İndiki deputatların seçicilərlə münasibəti necədir? Bu haqda nə deyə bilərsiniz?

– YAP-dan seçilmiş deputatlar gözümün qabağındadır. Onlar cəmiyyətdə partiyamızın xəttini dəstəkləyirlər. Bu istiqamətdə çox ardıcıl fəaliyyətdədirlər. Partiyamızın dəstəyini əldə etmiş o insanlara hörmətlə yanaşıram. Onlar bizim partiyamızın sədri, prezident İlham Əliyevi təmsil edirlər. Onun etibarı olmasa, insanlar o deputatlara səs verməz.

– Bəs deputatlıq fəaliyyətiniz həkimlik fəaliyyətinizə mane olurdu?

– Parlament mənim üçün əlavə yük idi, həm də ağır bir yük. Səhər işə gəlirdim, əməliyyatlar aparırdım. Sonra saat 12-də Milli Məclisə gedirdim, 2-də gəlirdim 4-ə qədər əməliyyatlarda olurdum. Yenə də konsultasiyalar edirdim. 4-dən 6-ya qədər yenə də Milli Məclisə gedirdim. Yenə iclasda iştirak eləyirdim. Sonra da elmi işlər, məqalələr, kitablar və s. kağıza köçürmək var idi. Mən 1974-cü ildən elmlər doktoruyam, professoram, kafedra müdiriyəm. Bunlar hamısı ağır işdir. Deputatlıq həkimlik fəaliyyətimə də mane olurdu. Millət vəkili olanda da, cərrahi urologiya işini bir kənara sıxışdırmadım. Özümü tərifləmək üçün demirəm, böyük məktəb keçmişəm, məktəbi elə belə göydən keçməmişəm, bizim xalqımızın, dövlətimizin yaratdığı imkanlar hesabına professional səviyyəyə çatmışam. Mən o işi gərək daim həyata keçirəm, çünki ona insanların həmişə ehtiyacı var. Tələbələrimin tərbiyəsi ilə professional baxımdan, mənəvi baxımdan məşğul olmaq mənim borcumdur. Bu işi mən yaxşı bilirəm. Həyatımda ən yaxşı bildiyim iş budur. Mən bunu kənara qoya bilməzdim. Ona görə də mən daim bu işlə məşğul olmuşam, elə indi də bu işimi davam etdirirəm.

– Bir yerdə fəaliyyət göstərdiyiniz deputatlardan kimlərlə hazırda əlaqəniz var?

– YAP-çı deputatlarla əlaqəm var. Başqaları ilə də. İndi cəmiyyətdə hamı ilə mehriban münasibətlərdəyik. Yeri gələndə, başqa partiyaların üzvləri ilə də fikir mübadilələri olur. Hökmən deyil ki, parlamentdə olsun.

–Heydər Əliyev “91-ləri” YAP-ın qızıl fondu adlandırmışdı. Bəs hazırda “91-lər”ə cəmiyyətdə münasibət necədir?


– Bilirsiniz, mən necə başa düşürəmsə, onu da deyəcəm. Bir var ki, sənin hansı dövrdə hansı işlə bağlı fəaliyyətinə qiymət verən böyük bir insanın sözü deyilsin, bu konkret bir fəaliyyətlə, mövqeylə bağlıdır. Bir də var ki, hər kəs o deyilən sözə, etibara layiq özünü aparsın. İndi bir adam “hə, mən filan iş görmüşəm, mənim barəmdə ulu öndərimiz filan söz dedi, mənə mükafat verdi” deyib ondan düzgün istifadə etmirsə, bu artıq insanın mənfi xüsusiyyətidir.

– Necə düşünürsünüz, tibbi sığorta haqqında qanunun tətbiqi vacibdir?

– Düşünürəm ki, tibbi sığorta çox məsələlərə öz müsbət təsirini göstərə bilər. Xalq özü də öz müalicəsini səviyyəli təmin etmək üçün mövqeyini müəyyənləşdirməlidir.

– Bəs səhiyyə sahəsində hansı qanunların qəbul olunmasını istərdiniz?

– Konkret fikir söyləmək çətindir. Amma bir şey çox əhəmiyyətlidir ki, mümkün qədər səviyyəli tibbi xidmətlə əhatə sistem təkmilləşdirilsin. Yəni insan xəstələnən kimi o xidmətlərdən istifadə edə bilsin. Bu çox böyük şeydir.

– Siz Tibb Universitetinin müəllimisiniz. Bir müəllim kimi tələbələrinizin səviyyəsini necə qiymətləndirirsiniz?

– Test sistemi ilə imtahanlar keçirilir və çoxları sınaqdan keçə bilmir, sınaqdan keçənlər artıq nəyisə bacara bilən insanlardır. Tədrisin aparılması sistemin qurulmasından çox şey asılıdır. Deməli, hökmən deyil ki, hamısı parlaq olsun. Amma bu insanları müəyyən səviyyəyə qaldırmaq, formalaşdırmaq olar. Yəni tədris gərək səviyyəli olsun, tədris bazaları gərək hər cəhətdən düşünülmüş olsun, pedaqoqlar gərək düzgün seçilsin, tibb sahəsindəki tələbələrin səriştəli həkim kimi formalaşma prosesinə prezident İlham Əliyevin çox böyük təsiri oldu. O, sərəncam verdi və sərəncama uyğun olaraq Tibb Universiteti üçün klinik bazalar tikildi. Universitetin özünün artıq xəstəxanaları var. Bütün sahələrdə terapevtik xəstəliklərlə bağlı müalicələr almaq olur. Bu müalicələr tələbələrlə birgə aparıldığı üçün tələbələrin bilik əldə etmək imkanları tamamilə genişlənir. İndi də cərrahiyyə korpusu hazırlanır. Artıq bir ilə biz yeni korpusa keçəcəyik. Bu korpus ən müasir avadanlıqlarla təchiz olunacaq və ən yeni müalicə üsulları həyata keçiriləcək. Artıq bizə də yer ayrılıb, nə lazımsa sifariş vermişik. Rektorumuz da buna dəstək verir. Deyən kimi, hara lazımdırsa, tələbələri göndərir və onlar gedib praktika keçirlər.

– Universitetin tələbələri 6 illik təhsili bitirdikdən sonra, rezidenturanı xaricdə davam etdirməyə üstünlük verirlər. Bəs xaricdən gələn tələbələrin səviyyəsindən razısınız?


– İstəyir xaricə getsin, istəyir burada özünü inkişaf etdirsin, hər şey insanın özündən asılıdır. Onun yüksək təfəkkürü, cərrahi meyllik xüsusiyyətləri varsa, o burada da inkişaf eləyir, elə xaricdə də. Fərqli cəhəti isə odur ki, biz sovet dövründə geniş müasir avadanlıqların gətirilməsi, öyrənilməsi çox ləng gedirdi, ona görə bizdə bu gün yubanmış olduq. İndi isə nə yeni üsullar xaricdə varsa, onları tez qavramaq, onları Azərbaycana alıb gətirmək, mütəxəssisləri orada hazırlayıb gətirmək olur. Bu üstün cəhətləridir. Amma o demək deyil ki, xaricə sən getdin, oxudun, hansısa yeni avadanlıqlarla tanış oldun, onun tətbiqini öyrəndinsə, artıq sən böyük həkimsən.

– Tələbələr universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər...

– Mən universiteti bitirdikdən sonra cərrah olmaq istəyirdim. Deyirdim ki, mənə icazə verin mən cərrah olum. Mən institutu qurtarmışam, müəllimim mənə xasiyyətnamə yazıb ki, bu oğlan cərrah işləyə bilər. Deyirdim ki, mənə cərrah işi verin, amma demirdim ki, işi harada verin? Tək istədiyim iş idi. Deyirdim, haraya göndərirsinizsə, göndərin... Universiteti yeni bitirmiş gənc o cür düşünməlidir. Heç kim rayonlara getmək istəmir, hamı Bakıda işləmək istəyir. Bu cür düşüncə olmaz.

– Bəs həkimlərin aldığı maaş, sizcə, qaneedici səviyyədədir?

– Məvacib qaneedici deyil. Praktik həkimlərin maaşı hələ çox aşağıdır. Biz yeni-yeni özümüzə gəlirik, müharibə şəraitindəyik. Biz indi görürük, insanlar bir neçə yerdə işləyir, öz tələbatlarını təmin edə bilirlər. Amma o yaxşı olardı ki, daha çox maaş alsınlar, daha rahat həyat tərzi olsun. Bu da olacaq. Amma biz unutmamalıyıq ki, biz müharibə vəziyyətindəyik. Elə hər şeyi bizə verin, deməklə deyil ki...

– Son dövrlər böyrək çatışmazlığından, böyrək xəstəliyindən eləcə də böyrək xərçəngindən əziyyət çəkən insanların sayı çoxalıb. Bu xəstəliyin bu cür çoxalmasının səbəbi nədir?

– Bütün xəstəliklər ola bilsin ki, indi getdikcə çoxalır. Ola bilsin ki, diaqnostik imkanlar indi artıb. Amma ekoloji prinsiplər var. Eyni zamanda həyat tərzinin də öz rolu var. İnsanlar yeyir-içir, maşınla gəzirlər. Piyada gəzmirlər, buna görə də çəkisi artır. Sidik daşı xəstəliyinin, böyrək daşı xəstəliyinin əmələ gəlməsində artıq çəkinin rolu var. Çox yeyir, çəkisi artır, az hərəkət eləyir, duz-su mübadiləsi pozulur, böyrəkdə daş əmələ gəlir. Hamısı ondan başlayır, sonra da böyrək çatışmazlığı xəstəliyi əmələ gəlir. Mən həkim olaraq, bütün jurnalistlərə deyirəm ki, Azərbaycana bu fikri yayın ki, idmanla məşğul olsunlar. Vacib deyil ki, hamı professional idmançı olsun. Sağlam olmaq lazımdır, fiziki cəhətdən sağlam.

– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ölkədə yaxşı həkim yoxdur. Özəl klinikaların əksəri xaricdən həkimlər dəvət edirlər. İnsanların da o həkimlərə marağı güclüdür.

– Təəssüf ki, bu sahədə bir az pərakəndəlik var, gərək tənzimlənsin. Tanınmış cərrahlarımız var, onların heç biri xaricə gedib işləmirlər. Çünki öz ailəsini, öz mühitini, öz iş şəraitini, xəstələrini qoyub gedə bilmir. Azərbaycanda peşəkar həkim qüvvəsi kifayət qədərdir, ondan səmərəli istifadə olunmalıdır.

– Səhiyyənin hansı sahədə geriləmə var? Bu haqda nə deyə bilərsiniz?

– Bizdə üz köçürmə sahəsində böyük səriştə lazımdır. Köçürmə mərkəzi yaratmalıyıq.

– Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

– Qızım Sevinc tibb elmləri namizədidir, baş elmi işçi, nervpatoloqdur. Oğlum Cavid İmamverdiyev kinorejissordur.


Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?