Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Bu dəyişiklikdən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, lazımi orqanlar bu məsələyə hələ də ciddi yanaşmırlar. Şəhərdə gəzərkən apardığımız müşahidələr də bunu sübut edir. Yalnız böyük parklarda zibil qutularına rast gəlmək mümkündür. Bu böyük parklar da tam Bakı demək deyil. Bakının bir neçə rayonunda elə parklar var ki, heç orada 1000 metrdən bir də zibil qutusu yoxdur. Parklardan başqa əksəriyyət səkilərin ətrafında da zibil qutusuna rast gəlmək müşkülə çevrilib.
Bəs görəsən qanuna edilən dəyişikliyə niyə əməl olunmur?
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Elmira Axundova Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin payız sessiyasında mütləq bu məsələni yenidən qaldıracaq. Bundan başqa, xanım deputat bu qanunla bağlı geniş bir məqalə yazdığını deyib. Deputat yazdığı məqalədə qanunun icra olunmamasına toxunduğunu bildirib.
“Biz gözəl qanunlar qəbul edirik, amma bu qanunun timsalında görürəm ki, ona əməl olunmur. Hətta elə bil ki, bu qanun yoxdur. Əgər bu qanunun tətbiqi normal olsa, respublikamızın yarısını cərimə etmək lazımdır. Respublikanın yarısı hara gəldi zibil atır, digər tərəf məmurlar, buna cavabdeh olan qurumlar isə zibil qutuları və poliqonları hələ də təşkil etməyiblər. Hər iki tərəfi qınamaq lazımdır”
Milli Məclisin üzvü “Təmiz Şəhər” ASC-nin, bələdiyyələrin və icra hakimiyyətlərinin buna cavabdeh olduğunu deyib. Deputatın sözlərinə görə, bilmək olmur ki, konkret olaraq kim bu məsələyə cavabdehdir: “Biz adi vətəndaşlar bilmirik ki, sadəcə bu işlə kim məşğul olmalıdır. Kimin öhdəsində olduğunda bilmirik. Demək olar ki, bütün bu icraçıların arasında batmışıq. Zibili yığışdırmaq üçün İcra hakimiyyətinə zəng edirsən deyirlər ki, bələdiyyənin işidir. Bələdiyyə deyir ki, imkanımız yoxdur və insanlar pul ödəmir. “Təmiz Şəhər” ASC isə işlərinin yalnız konteynerdən zibili çıxarmaq olduğunu deyir. Biləsən və həmin adamın yaxasından yapışıb deyəsən ki, sən özünsən cavabdeh”.
E.Axundova deputatı olduğu Masallı rayonunda özünün, İcra hakimiyyətinin və ərazi nümayəndəliyinin sayəsində bu məsələni 80 faiz həll etdiklərini deyib.
“Artıq Masallıda zibil poliqonu var və ərazi nümayəndəliyi bununla çox ciddi məşğuldur. Gün ərzində bu zibilliklər yığışdırılır. Hətta kənd yerlərində bunu təşkil edirdik. İndi nə olub gözəl Bakı şəhərində biz bunu təşkil edə bilmirik?”.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.
Anar Kəlbiyev