Fevralın 12-də Dövlət Sosial Müdafiə Fondunda 2009-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, ötən il pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, pensiya islahatlarının təmin edilməsi ilə bağlı xeyli iş görülüb. 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 600 mln. manat təşkil edib ki, bu da 2008-ci ilə nisbətən 205,0 mln. manat və ya 14,7 faiz çoxdur. 2009-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2008-ci ilə nisbətən 8,3 faiz və ya 79,4 mln. manat artaraq 1 milyard 37 mln. manat təşkil edib. Ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 56 faizi qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqlarının payına düşür. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilə nisbətən 1,3 faiz və ya 7,4 mln. manat arıb: “Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslərdən daxilolmalar 25 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 23 faiz artıb”.
S.Müslümov deyib ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2009-cu ildə DSMF-nin xərcləri 1 milyard 675 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1617,6 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 278 mln. manat və ya 20,8 faiz çoxdur. Pensiya xərcləri 2008-ci ilə nisbətən 20,7 faiz və ya 269,1 mln. manat artaraq 1571,2 mln. manat təşkil edib: “2009-cu ildə əhaliyə 46,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 37,7 faizi hamiləliyə və doğuma görə, 31,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,1 faizi dəfn üçün, 13,1 faizi isə digər müavinətlərin payına düşür”.
Fond sədri bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə 2009-cu ilin əvvəlinə 1 275 138 nəfər olub və il ərzində 33294 nəfər artaraq ilin sonuna 1 308 432 min nəfər təşkil edib: “Əmək pensiyalarının orta aylıq məbləği 2009-cu ilin əvvəlinə nisbətən 5,0 manat və ya 5,3 faiz artaraq ilin sonuna 100,4 manat olmuşdur ki, bu da orta aylıq əməkhaqqına nisbətən 34 faiz təşkil edir. Prezidentin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamına əsasən, bütün pensiyaçıların 60 faizinin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunub”.
Fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 154 min nəfər artıb. 2010-cu ildə həyata keciriləcək işlərə toxunan S.Müslümov diqqətə çatdırıb ki, bu il “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən edilən islahatlar davam etdiriləçək. Bununla bağlı Tədbirlər Planının hazırlandıgını bildirən Fond sədri deyib ki, xüsusilə cari ildə islahatların davamı olaraq pensiya təyinatının avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin reallaşdırılması işi intensivləşdiriləcək. 2010-cu il ərzində bu məsələnin gerçəkləşdirilməsi nətiçəsində sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli inkişafının tam təmin olunması mexanizmi ortaya qoyulacaq. “Belə ki, hər bir şəxsin əmək fəaliyyətinə başladığı dövrdən etibarən öz fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir şəxs fondun internetdəki veb-saytında sosial sığorta nömrəsini daxil edərək, fərdi hesabında toplanmış məbləği və bu məbləğin hansı mənbələrdən formalaşdığını görə biləcəkdir,-deyə S.Müslümov vurğulayıb.
Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2009-cu ildəki fəaliyyəti ətraflı təhlil olunub. 2010-cu ildə məcburi dövlət sosial sığorta haqlarının toplanılması istaqəmətində işlərin gücləndirilməsi, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması ilə bağlı müvafiq qurumlarla birgə addımların atılması barədə qərar qəbul olunub.
Modern.az