Modern.az

Dövlət orqanlarının mətbuat katibləri “Azərbaycan” qəzetinə etiraz etdilər

Dövlət orqanlarının mətbuat katibləri “Azərbaycan” qəzetinə etiraz etdilər

14 Noyabr 2012, 15:44

Hacıbala Abutalıbovun mətbuat xidməti rəsmi qəzetdəki tənqidin haqlı olduğunu təsdiqlədi - Modern.az-ın sorğusuna davranışı ilə


Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti “Mətbuatdan “gizlənən” mətbuat xidmətləri” adlı yazı ilə bəzi dövlət orqanların ictimaiyyətlə əlaqələrə məsul qurumlarını tənqid edib. Qəzetin yazdığına görə, jurnalistlərin narazılıq etdiyi ünvanlardan biri Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidir. Bu qurumdan jurnalistlər daha çox etiraz edir. Rəsmi dövlət qəzeti Nəqliyyat Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi, “Azərsu” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin suallara vaxtlı-vaxtında cavab verməməkdə qınayıb. 

Modern.az-ın əməkdaşı bu məsələ ilə bağlı bir neçə mətbuat xidməti rəhbərindən münasibət öyrənib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, xidmət bütün mətbuat orqanları ilə normal münasibətlər qurmağa çalışırıq. “Heç bir jurnalist deyə bilməz ki, “biz “Azəriqaz”a müraciət etdik və nədəsə mənə cavab vermədilər””.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, bu yazıya şərh vermək niyyətində deyil. Sektor müdirinin sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun fəaliyyətinə jurnalistlər bələddirlər.
“Sizin timsalınızda, təhsildən yazan jurnalistlər buna bələddirlər. Atalarımızın bir misalı var: Görünən dağa bələdçi lazım deyil. O mənada bizim fəaliyyətimiz hər kəsin gözü qarşısındadır. Həmin yazıda bizim mətbuat xidməti ilə bağlı deyilən irada hər hansı bir şərh vermək niyyətində deyiləm”, – deyə sektor müdiri vurğulayıb.

Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov “Azərbaycan” qəzetindən onlara edilən heç bir müraciətin cavabsız qalmadığını deyib. Nazirlik rəsmisinin sözlərinə görə, hətta qəzetin bütün yazılı müraciətlərinə, yazılı şəkildə də redaksiyaya cavab verilib: “Onların heç bir yazılı müraciəti cavabsız qalmayıb. Şəxsən özüm heç bir qəzetdən gizlənmirəm. Orada yazılıb ki, cavab verməyə vaxtları olmur. Ola bilər ki, hardasa vaxtım olmaya bilər. Amma bunu heç vaxt “Azərbaycan” qəzetinə deməmişəm. Hesab edirəm ki, mətbuata məndən açıq mətbuat xidməti yoxdur”.

Qəzetdəki yazıda jurnalistlərin narazılıq etdiyi ünvanlardan biri Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti göstərilib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova yazı ilə tanış olmadığını deyib. Həmin yazını oxuyub cavab verəcəyini bildirsə də, sonra etdiyimiz zənglərə cavab verməyib.

DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov qəzetdə Daxili İşlər Nazirliyi haqqında yazılan müsbət fikirlərə görə, qəzet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?