Müstəqil Azərbaycanın ilk ədliyyə naziri: “ O vaxt rəhmətliklər - Ziya Bünyadov və Murtuz Ələsgərov, eləcə də Sirus Təbrizli bir neçə dəfə yanıma gəlmişdilər, deyirdilər ki...”
Xəbər verildiyi kimi, bu gün paytaxtdakı məşhur “Buta” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi təntənəli şəkildə qeyd olunur.
Mərasimdə Azərbaycan hökumətinin, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər. Tədbirə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.
Maraqlıdır ki, yubiley mərasiminə respublikanın aparıcı müxalifət partiyalarının – Müsavat və AXCP-nin rəhbərləri dəvət olunmayıblar. Hakim partiyanın niyə belə ayrı-seçkilik etməsinin səbəbi əslində başadüşüləndir. YAP onunla eyni və ya oxşar platformadan çıxış etməyən siyasi qüvvələrlə təmasdan həmişə qaçıb. Amma adıçəkilən partiyaların funksionerlərinin fikrincə, YAP başbilənləri başqa mövqe də tuta və ən azı hakimiyyətdə olduqları dövrdə bu partiyanı dövlət qeydiyyatına aldırdıqlarına görə onları yubiley tədbirinə dəvət edə bilərdilər.
Yeri gəlmişkən, bu, YAP-ın qeydiyyat məsələsinin qabardıldığı ilk hal deyil. Bu yaxınlarda “Yeni Müsavat” qəzetinin YAP icra katibinin müavini Səyavuş Novruzovdan müsahibə götürən müxbiri də onun “partiya AXC-Müsavat hakimiyyəti dövründə yarandı və yeganə partiyadır ki, konfransını keçirməyə Bakıda yer vermədilər, məcburiyyət qarşısında konfrans Naxçıvanda... fövqəladə vəziyyətdə keçirildi” gileyinə rəğmən “Bu da var ki, əgər Elçibəy hakimiyyəti YAP-ın yaradılmasına mane olmaq istəsəydi, heç dövlət qeydiyyatına almazdı” demişdi. Lakin S.Novruzov həmin arqumenti də əsassız saymışdı: “Qeydiyyat məsələsi elə idi ki, bu prosesdə iştirak edən insanlar elə şəxslər idi ki, artıq orda bir dənə girişməyə və ilişməyə yer yox idi...”.
Xatırladaq ki, YAP Ədliyyə Nazirliyində dövlət qeydiyyatından 18 dekabr 1992-ci ildə keçib. Həmin dövrdə isə müstəqil Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılov olub. Onu da qeyd edək ki, İ.İsmayılov hazırda Ədalət Partiyasının sədri və Milli Məclisin deputatıdır.
Sözügedən məsələ ilə bağlı Modern.az-a açıqlamasında “Ədalət” sədri-sabiq ədliyyə naziri bildirib ki, doğrusu, bu məsələdə kimin kimə, nəyi və niyə sübut etmək istədiyini başa düşə bilmir:
“Düzdür, deputat həmkarım Səyavuş Novruzovun dediklərindən görünür ki, o vaxt bu partiyanın yaradılması və formalaşması prosesinə müəyyən maneçiliklər törədilib. Amma bir nazir kimi şəxsən mənə qeydiyyatla bağlı o vaxt siyasi rəhbərlikdən heç kim heç nə deməyib. İstər qeydiyyata köməklik göstərmək, istərsə də imtina etməklə əlaqədar. Görünür, şəxsi və iş keyfiyyətlərimə bələd olduqlarından buna ya risk etməyiblər, ya da ehtiyac duymayıblar. Amma siyasi dairələrdə belə bir fikrin olub-olmadığını da tam əminliklə deyə bilmərəm. Bir onu dəqiq bilirəm ki, o vaxt rəhmətliklər - Ziya Bünyadov və Murtuz Ələsgərov, eləcə də Sirus Təbrizli bir neçə dəfə yanıma gəlmişdilər, hiss olunurdu ki, nigarandılar, deyirdilər ki, qeydiyyat məsələsi necə olacaq? Təbii ki, onları başa düşürdüm: partiya birbaşa Heydər Əliyevin adı ilə bağlı idi və mövcud hakimiyyət üçün hardasa təhlükə yarada bilərdi. Şübhəsiz, onun da fərqindəydim ki, bu, həm də mənim özüm üçün risk deməkdi. Bütün bunlara baxmayaraq, cavab verirdim ki, nigaran olmasınlar, hər şey qanun çərçivəsində həll olunacaq. Yəni sənədləri düzgün tərtib olunubsa, müvafiq tələblərə cavab verirsə, partiya dövlət qeydiyyatına alınacaq. Axırda elə də oldu... Hə, o da yadımdadır ki, dediklərimin tam inandırıcı olması üçün hətta YAP-dan əvvəl AMİP-in qeydiyyata alındığını da xatırladırdım.
Bir də, başqa cür ola da bilməzdi. Azərbaycan o vaxt təzəcə müstəqil olmuşdu. Keçmiş İttifaqa daxil olan digər respublikalar kimi biz də təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçirdik. Cəmiyyətdə demokratik dəyərləri tədricən də olsa tətbiq etməyə başlamışdıq. Elə bir vaxtda kim və hansı əsasla, ən ümdəsi isə hansı cürətlə belə bir şeyi tələb edə bilərdi? Özü də, təvazökarlıqdan uzaq olmasın, həmişə qanunun aliliyini hər şeydən uca, üstün tutan mənim kimi nazirdən?!”.
Modern.az