Modern.az

”Bu böhtanları yayan yüksək vəzifəli insanlar utanmalıdırlar” - TƏFƏRRÜAT

”Bu böhtanları yayan yüksək vəzifəli insanlar utanmalıdırlar” - TƏFƏRRÜAT

17 Noyabr 2012, 00:20

Prezident İlham Əliyevdən sərt açıqlamalar...

Noyabrın 16-da “Buta” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim təşkil edilib.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə nitq söyləyib. Modern.az-ın məlumatına görə, Prezident nitqində bir sıra məsələlər toxunub.

Yeni Azərbaycan Partiyasının 20 il öncəki təsis konfransını tarixi hadisə adlanıdıran İlham Əliyev deyib ki, təsis konfransının Naxçıvanda keçirilməsi onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı.

”Bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır”.

YAP sədri deyib ki, hakim partiya Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

”1990-cı illərin əvvəllərində isə vəziyyət yenə də demək istəyirəm ki, çox ağır idi. Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur”.

Prezidentin sözlərinə görə, artıq siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün örnəkdir, nümunədir.

”Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ancaq bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq və yeni iş metodları haqqında fikirləşməməliyik. Biz daim axtarışda olmalıyıq, daim yenilikləri tətbiq etməliyik. Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir.
Biz bu gün Azərbaycanda böyük məsələləri həll edirik. Həm ölkə daxilində, həm regionda, həm xaricdə, dünya birliyində gedən proseslərdəki rolumuz artmaqdadır”-deyə YAP sədri qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident deyib ki, Azərbaycan danışıqlar aparır, eyni zamanda, hərbi gücünü artırır və artıracaq.

”Bu gün Ermənistan ilə Azərbaycan arasında yaranmış uçurum artıq çox böyükdür, gündən-günə genişlənir. Azərbaycan ildən-ilə güclənir və möhkəmlənir. Ermənistan isə ildən-ilə zəifləyir və tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə müşahidə olunan kütləvi köç, insanların köçməsi bunun əyani sübutudur.
Biz Ermənistanı təcrid etmək üçün bundan sonra da səylərimizi göstərəcəyik. Bu siyasətin nəticələri vardır. Biz bu nəticələri görürük. Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda bundan sonra da ifşa edəcəyik. Bizim dünyadakı dostlarımızın sayı artır. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz indi xarici ölkələrə müxtəlif istiqamətlər üzrə investisiya qoyuluşuna başlamışıq. Bu, yeni prosesdir. Biz bu prosesi gücləndirəcəyik. Beləliklə, bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr gələcəkdə daha da möhkəm olacaqdır. Artıq üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanımışdır. Bu proses artıq başlanmışdır və davam etdiriləcəkdir. Çalışmalıyıq ki, Xocalı soyqırımını maksimum dərəcədə müxtəlif ölkələrdə soyqırımı kimi tanıtdıraq. Yəni, ortamüddətli və uzunmüddətli perspektiv baxımından Azərbaycanın ərazi bütövlüyünün bərpası heç kimdə şübhə doğurmur. Nə bizdə, nə də ki, bu məsələ ilə məşğul olan vasitəçilərdə. Məhz ona görə də biz hesab edirik ki, son zamanlar beynəlxalq vasitəçilər məsələnin həllində daha da böyük fəallıq göstərirlər. Çünki hamı yaxşı bilir ki, Azərbaycanın artan siyasi- iqtisadi və hərbi gücü məsələnin birdəfəlik Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxaracaqdır.
Biz, bir daha demək istəyirəm ki, danışıqlar prosesində iştirak edirik. Ancaq bununla bərabər bütün başqa tədbirləri görürük, bütün başqa variantlara hazırıq. Azərbaycanın, bir daha demək istəyirəm ki, çox möhkəm hüququ, tarixi və siyasi əsasları vardır. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bu məsələnin həlli məhz bu prinsiplər əsasında ola bilər”.

Azərbaycanı digər ölkələrlə müqayisə edən İlham Əliyev daha sonra deyib:

Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır. On minlərlə insan öz etirazını bildirir.
Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir. Bunu da biz televiziya kanalları ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər. Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır. Bu məsələlər öz həllini ancaq bu yolla tapmalıdır. Yəni, bu kütləvi narazılığın səbəbləri vardır. Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir. Uzun illər iqtisadi əsaslar olmadan böyük xərclər etmiş, borclanmış və ondan sonra borcları qaytara bilməyən, bir-birini əvəzləyən iqtidarlar populist vədlər verməklə faktiki olaraq gələcək nəsillərin ciblərinə girmiş və böyük dərəcədə borclanmışlar. İnkişaf etmiş bəzi ölkələrin xarici dövlət borcu ümumi daxili məhsulun 100 faizinin üstündədir. Bu, əslində o deməkdir ki, bu ölkələr artıq iflasa uğrayırlar. Azərbaycanda isə bu rəqəm 7-8 faizdir.
Bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir. Gənclər arasında 50 faizə çatır. Azərbaycanda isə işsizlik 5,3 faiz, yoxsulluq isə 7,6 faizdir. Beynəlxalq nüfuza malik olan əsas reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salır, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Yəni, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətli iqtisadiyyatdır. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bütün bunlar statistik göstəricilərdir. Bunu inkar etmək olmaz. Bunu nəzərə almamaq olmaz. Bu, reallıqdır. Bu reallıq bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Bu yol 1992-ci ilin noyabrında başlamışdır. Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı növbəti dəfə öz müdrikliyini göstərib ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Əgər onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi. Çünki onların cəmi bir il ərzində talançı, rüsvayçı, biabırçı hərəkətləri artıq Azərbaycan xalqını o həddə çatdırmışdı ki, bir il də dözə bilməyərək onları süpürüb tarixin arxivinə göndərmişdir.
1992-ci ildə əslində bugünkü reallıqların əsasları qoyulmuşdur və biz bunu unutmamalıyıq, bunu daim xatırlamalıyıq. Heydər Əliyev siyasətinin gücü, eyni zamanda, ondan ibarətdir ki, ondan sonrakı dövrdə - doqquz il ərzində bu siyasət yaşayır. Azərbaycan xalqının qəlbində onun xatirəsinə olan hörmət və məhəbbət yaşayır. Azərbaycanın hər bir bölgəsində onun tərəfindən başlanmış islahatlar özünü büruzə verir”.

Prezident bildirib ki, 2003-2005-ci illərdə əslində qanuni seçilmiş hakimiyyəti devirmək cəhdləri olub.
”O cəhdlərin bir ucu xarici antiazərbaycan dairələrinə gedib çıxır. Biz o tarixi yaxşı bilirik. Ancaq Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı o vaxt böyük müdriklik, təmkin və qətiyyət göstərərək müstəqil Azərbaycanın uğurlu inkişafını qorudu, müdafiə etdi.
Əgər kiminsə xəstə beyninə yenə də gücümüzü sınamaq fikri gələrsə, biz hər zaman layiqli cavab verməyə hazırıq. Biz, yenə də deyirəm, Azərbaycan xalqının iradəsinə əsaslanaraq öz siyasətimizi aparırıq və bu siyasət nəticə etibarilə konkret rəqəmlərlə, konkret işlərlə ölçülür. Bizim işlərimizin böyüklüyü o qədərdir ki, onları gizlətmək mümkün deyildir. Bakıya gələn hər bir qonaq Bakıya heyran qalır, Bakıya vurulur. Bakıda gedən inkişafı görməmək mümkün deyildir. Adam gərək gözünü bağlasın ki, bunu görməsin.
Bölgələrdə də vəziyyət çox müsbətdir, ürəkaçandır - hər yerdə canlanma, hər yerdə inkişaf, quruculuq, abadlıq. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu islahatların aparılması üçün çox böyük həvəs, çox böyük maraq, cəmiyyətdə böyük ruh yüksəkliyi vardır. Rayonlar arasında sağlam rəqabət aparılır. Mən rayonlarda tez-tez oluram. Görürəm ki, hər bir rayonda fəallar, icra hakimiyyətinin nümayəndələri çalışırlar ki, onların rayonu daha da gözəl, abad olsun. Yəni, bizim inkişafımız və əslində bütün işlərə yanaşma tərzimiz budur.
İqtisadi vəziyyətimiz çox möhkəmdir. Biz neçə gün əvvəl 2013-cü ilin büdcəsinin layihəsi müzakirə olunarkən bir daha ictimaiyyət gördü ki, bizim nə qədər böyük planlarımız vardır. Mən iqtisadi sahədə gələcəkdə heç bir problem görmürəm, bu, mümkün deyildir. Biz ancaq və ancaq inkişaf yolu ilə gedəcəyik. Siyasi sabitlik tam şəkildə bərqərar olunubdur. Sosial məsələlər uğurla həll edilir. Mən xarici siyasətlə bağlı bayaq qeyd etdim, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək artıq özlüyündə bir göstəricidir. Bundan əlavə nə isə deməyə ehtiyac yoxdur”.

Gələcəklə bağlı planlardan danışan İlham Əliyev “Azərbaycan-2020” proqramının qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycandakı inkişafı, görülən işləri yüksək qiymətləndirənlərlə yanaşı, bunu gözü götürməyənlər də var:

”Elələri də tapıldı ki, ölkəmizə təxribat törətmək üçün gəlmişdilər. Onların təxribat xarakterli missiyasının üstü açıldı. Elə qüvvələr – ermənipərəst, antiazərbaycan və islamofobiya qüvvələri var ki, uğurlarımızı qəbul edə, inkişafımızı həzm edə bilmirlər. Elə qüvvələr var və biz onları tanıyırıq. Ancaq onların səyləri və bizə qarşı qarayaxma kampaniyaları heç bir səmərə verməyəcəkdir. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanda gedən inkişafı gizlətmək və görməmək olmaz. Biz açıq cəmiyyət yaratmışıq. Bizdə bütün azadlıqlar vardır.
Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizə çatmışdır və biz hər bir kəndə internet xətləri çəkirik. Belə olan halda, hansı mətbuat azadlığının boğulmasından söhbət gedə bilər?! Bu, yalandır, bu, böhtandır. Bu böhtanları yayan, xüsusilə, yüksək vəzifə tutan insanlar utanmalıdırlar ki, onlar böhtanla, yalanla məşğul olurlar. Onsuz da bugünkü dünyada heç nəyi gizlətmək mümkün deyildir. Bəlkə 10 il, 20 il bundan əvvəl nəyisə demək, hansısa ölkə haqqında rəy yaratmaq daha da asan idi. Bu gün bu, mümkün deyildir. Azərbaycana yüz minlərlə, milyonlarla xarici qonaq gəlir. Azərbaycan dünyaya çıxıbdır. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bütün müasir prosesləri izləyirik və bizə sərfəli olan məsələləri Azərbaycanda həll edirik. Ona görə, bu böhtanlar, bu şər, bu iftira bizə yapışmır. Ancaq bu nəyi göstərir? Ancaq onu göstərir ki, bizə qarşı mübarizə bundan sonra da aparılacaqdır və bu mübarizənin müxtəlif mərkəzləri vardır. Bu barədə mən əvvəllər də demişəm, bu gün də istəyirəm ki, cəmiyyət də, partiya üzvləri də bilsinlər. Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, heç kimdən çəkinmədən, bizim düşmənimiz erməni lobbisidir. Çünki Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımır. O, faktiki olaraq müstəmləkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir. Erməni lobbisi isə bizim əsas düşmənimizdir və biz də onlar üçün əsas düşmənik. Əslində, bizim onlarla düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır.
İkinci, antiazərbaycan mərkəzi, islamofobiya xəstəliyinə düçar olmuş qurumlardır, dairələrdir. Onlar da vardır. Əfsuslar olsun ki, onların sayı getdikcə artır. Onların sayının artması bəzi ölkələrdə keçirilmiş seçkilərdə də özünü əyani şəkildə göstərir.
Seçkilərin nəticələrinə baxmaq kifayətdir ki, islamofobiya qüvvələrinin reytinqinin artmasını görmək mümkün olsun. Gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi Azərbaycan onlar üçün problemə çevrilib, yəni onların stereotiplərinə sığmır. Onların stereotipləri dünyada müsəlmanları geridə qalmış millət, xalq kimi göstərməkdir. İslam müqəddəslərinin təhqiri, bizə qarşı təxribat xarakterli addımların məqsədi məhz ondan ibarətdir ki, savadsız kütləni hərəkətə gətirsin və ondan sonra kütləvi informasiya vasitələri hesabına onların timsalında dünyaya göstərsin ki, bax, müsəlmanlar belədirlər. Biz bilirik ki, nədir bunun təməlində. Bu, sadəcə olaraq, hansısa qəzetin öz təşəbbüsü, yaxud da ki, sərt addım deyildir. Bu, vaxtı seçilmiş təxribat xarakterli addımlardır, dünyada müsəlmanlara qarşı mənfi fikri daha da möhkəmləndirmək və genişləndirməkdir. Əfsuslar olsun ki, savadsız təbəqələr bu təxribatlara uyurlar, buna uymamalıdırlar. Biz mübarizəni sivil yollarla aparırıq və biz sübut etməliyik və edəcəyik ki, müsəlman aləmində inkişaf var, müasirlik var, mərhəmət var, dözümlülük var ki, bəzi ölkələrdə bu, artıq çatmır.
Əlbəttə, bu qüvvələrin çərçivələrinə bugünkü Azərbaycan elə bil ki, uyğun gəlmir. Necə ola bilər ki, qısa müddət ərzində, iqtisadi-maliyyə böhranına baxmayaraq, Azərbaycan inkişaf edir, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır?! Tolerantlıq, humanitar məsələlərin həlli üçün beynəlxalq tədbirlər keçirilir və özlüyündə Azərbaycan nümunə göstərir ki, müxtəlif xalqların, dinlərin nümayəndələri bir yerdə, dostluq, qardaşlıq şəraitində necə yaşamalıdır. Dərhal bizə qarşı o mərkəzlərdən də hücumlar, təzyiqlər, təxribatlar başlayır və biz bunun təzahürlərini müxtəlif formalarda görürük.
Digər dairələr vardır ki, sadəcə olaraq, kimsə özünü dünya xəritəsində ləyaqətli aparmağa öyrəşməyibdir. Öyrəşiblər ki, müstəmləkə olsun, metropoliya olsun və bu təfəkkürlə yaşayırlar. Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. Yenə bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər başlayır. Mən nəyə görə bunu deyirəm? Mən bunu deməklə birinci növbədə fikirlərimi bildirmək istəyirəm və mənim dediklərim, sadəcə olaraq, hər hansı bir emosiyalara əsaslanan sözlər deyildir. Bu, mənim son bir neçə il ərzində apardığım dərin təhlilin nəticəsidir. Burada təhlil aparmaq üçün məndə kifayət qədər geniş imkanlar var və beynəlxalq təmaslar, görüşlər, məlumat müxtəlifliyi və sair. Yəni, bu, mənim, necə deyərlər, şüurlu seçimim və fikrimdir. Ona görə ki, bizim cəmiyyətdə də bu cür addımlara çox da böyük reaksiya verilməsin. Çünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır.
Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla! Ancaq biz öz işimizi möhkəm tarixi və ideoloji əsaslar üzərində qurmalıyıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?