Modern.az

Azərbaycanın siyasi elitasını Qarabağa kim aparırmış? - Sabiq baş prokurordan ŞOK açıqlama

Azərbaycanın siyasi elitasını Qarabağa kim aparırmış? - Sabiq baş prokurordan ŞOK açıqlama

20 Noyabr 2012, 09:11

“Tofiq İsmayılov deyib ki, durun gedək və hamı da utanıb etiraz etməyə, çünki etiraz edənə qorxaq deyəcəkdilər...”

Tamerlan Qarayevlə bağlı deyilənlər yalandır...

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində «Mi-8» helikopterinin erməni silahlı qüvvələri tərəfindən vurulmasından 21 il ötür.
Bu faciə nəticəsində Azərbaycanın tanınmış adamları, bir çox dövlət xadimləri, demək olar ki, siyasi elitası həlak olub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev, digər rəsmi şəxslər, Qazaxıstan və Rusiyadan olan yüksək rütbəli şəxslər olub. Bu qəza nəticəsində 22 nəfər həlak olub.

Bu hadisə ilə bağlı açılan cinayət işinin rəhbəri eks-baş prokuror Murad Babayev olub.

Murad Babayev Modern.az saytına açıqlamasında deyib ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərini öldürənlər ermənilərdir.
Bu cinayət işi ilə bağlı məhkəmə prosesinin olmamasına gəlincə, müsahibimiz “əgər hadisəni törədən ermənilərdirdə, bu işin hansı məhkəməsi olacaq” deyib:

“Azərbaycanın helikopterini ermənilər vurub. Ora isə bizim girmək imkanımız yox idi. Ölənlər arasında arasında azərbaycanlılarla yanaşı, ruslar, qazaxlar, hətta Qazaxıstanın daxili işlər nazirinin müavini də var idi”.

Bu işin istintaqı ilə bağlı M.Babayev ciddi bir yeni xəbərinin olmadığını deyib. Sabiq prokurorda olan məlumata görə, cinayət işinin icraatı dayandırılıb.

“İş cinayətkar bəlli olana qədər dayandırılıb. Amma orada təqribən bilinirdi ki, hətta 3 nəfərin adını çəkirlər ki, helikopteri onlar vurub. İndi onları məsuliyyətə almaq, gedib tutmaq və dindirmək mümkün deyil. Ona görə də məsələ açıq qaldı”. 

Müxtəlif iddialar var idi ki, o zaman Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini Tamerlan Qarayevin bu məsələdən əvvəlcə xəbəri olub və buna görə o da Qarabağa getməli olduğu halda helikopterə minməyib. M.Babayev bununla bağlı yoxlama aparıldığını deyib və həmin iddiaların əsassız olduğunu vurğulayıb.

“Tamerlan Qarayev gedəndə, Müdafiə Nazirliyinin o vaxtkı qərargah rəisi Valeh Bərşadlı Tofiq İsmayılovdan xahiş edib ki, Qarayev qalsın, çünki orada rus silah anbarlarının silahlarını bölüşdürürdülər. Tamerlan Qarayev ağdamlı idi və o vaxt Ağdamda olan silahlı dəstələri də tanıyırdı və s. Bu nöqteyi-nəzərdən orada qalıb. Orada tək Qarayev deyil, ondan başqa ədliyyə nazirinin müavini Akif Rəfiyev, Gəncənin polis rəisi də qalmışdı. O polis rəisi əvvəlcə minib helikopterə, sonra düşürüblər ki, adam çoxdur, sənə yer yoxdur. Tamerlan Qarayev barədə çoxlu yoxlama aparılıb. Onun barəsində deyilənlər cəfəng fikirlərdir”.

Sabiq prokuror sonda onu da qeyd edib ki, o vaxtı Azərbaycanın bütün helikopterləri güllə ilə deşik-deşik edilibmiş. M.Babayev Qarakənddə vurulan helikopterin bizim yox, rusların olduğunu bildirib. Sabiq prokuror deyir ki, o zaman ermənilər bir qayda olaraq rusların helikopterinə çox nadir hallarda güllə atırmışlar:

“Bunlar heç kimə sirr deyildi. Özüm ondan bir ay qabaq 18 oktyabrda Şuşadan Ağdama gələndə təhlükəli vəziyyətlə qarşılaşmışdım. Yanımda artıq rəhmətə gedən Qalib Məmmədov və SSRİ Ali Sovetinin çoxlu başqa deputatları var idi. Həmin gün Dövlət Müstəqilliyinin bərpası günü idi və biz Bakıya gəlirdik ki, parlamentdə müstəqilliyin elan edilməsiilə bağlı toplantıya çataq. Gəldiyimiz vertolyotu güllə ilə dəlmə-deşik etdilər.
O zaman dövlət katibi təyin olunan Tofiq İsmayılov işə təzə başlamışdı və bir az da canfəşanlıqla çalışırdı ki, problemlərin həllinə nail olsun. Hələ onun Dağlıq Qarabağda baş verən hadisələrdən xəbəri yox idi. Tofiq İsmayılov deyib ki, durun gedək və hamı da utanıb etiraz etməyə, çünki etiraz edənə qorxaq deyəcəkdilər. Beləcə heç kim Tofiq İsmayılova etiraz etməyib ki, ora getmək-gəlmək bu qədər təhlükəlidir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?