“Hökumət büdcədə hansı sahələrdə əməkhaqqlarının artacağını göstərməyib”

“2013-cü ilin dövlət büdcəsində hökumət daha çox hüquq-mühafizə sistemi, nazirliklər, komitələr və ali dövlət orqanlarında çalışanların əməkhaqlarını artıracaq”. Bunu
Modern.az-a 2013-cü ilin büdcəsini şərh edən iqtisadçı Rövşən Ağayev deyib.
“Təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür”
“Ola bilər ki, ilin ortasında hökumət büdcəyə dəyişiklik etsin və həmin dəyişikliklərdə təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması mümkün olsun. Amma hələ ki, belə bir şey gözlənilmir. İndi təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür”.
R.Ağayevin sözlərinə görə, növbəti ilin dövlət büdcəsində sosial sahələrdə demək olar ki, artım yoxdur. Çünki bu artım 1-2 faiz təşkil edir: “İlin ortasında hökumətin büdcəyə yenidən dəyişiklik etməsi mümkündür. Amma indi görünən odur ki, hökumət daha çox hüquq-mühafizə sistemində xərcləri artırıb. Məsələn, daxili işlər orqanlarının saxlanma xərclərini 40 faizə qədər artırıb”.
Ali dövlət orqanlarında çalışanların maaşları artırıla bilər
Layihəni şərh edən ekspert mərkəzi hakimiyyət orqanlarının saxlanma xərclərinin 202 milyon manatdan 263 milyon manata qədər artırıldığını deyir. ”Təxminən 30 faiz artım var. Bu da onu deməyə əsas verir ki, mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan nazirliklər, komitələr, ali dövlət orqanlarında çalışanların maaşları artırıla bilər. Amma nə qədər artılacağını demək çətindir. Çünki hökumət öz büdcə izahında hansı sahələrdə əməkhaqqlarının artacağını göstərmir”.
İnfilyasiya istisna deyil
İqtisadçı onu da bildirib ki, əməkhaqqı artımının ölkədə infilyasiya yaradacağı da istisna deyil. R.Ağayevin dediyinə görə, əslində normal bazar şəraitində, rəqabət mühitində əməkhaqqlarının qalxması bazara təsir etməməlidir.
“Amma bizdə anormal bazar şəraiti olduğuna görə, bu istisna deyil. Rəqabət olmadıqca, bu risk öz qüvvəsində qalacaq. Amma növbəti ilin büdcəsində əməkhaqqlarında 2-3 faiz artım nəzərdə tutulduğundan bu cür az artım bazara elə də təsir etməyəcək.
Gültəkin Ələsgər