Bir neçə il Türkiyədə yaşadıqdan sonra yenidən Azərbaycana qayıdan Müsavat Partiyasının üzvü, TQDK-nın keçmiş sədri Vurğun Əyyub yenidən aktiv siyasətə qoşulacaq. Bu barədə Modern.az saytına Vurğun Əyyub özü məlumat verib. O bildirib ki, bundan sonrakı siyasi fəaliyyəti birbaşa Müsavat Partiyasının proqramı çərçivəsində həyata keçiriləcək. O, başqanlıq mübarizəsinə qoşulub-qoşulmayacağını hələ dəqiqləşdirməyib.
“Təbii ki, hazırda Müsavat Partiyasının Divan üzvü olaraq qalıram. Amma indi universitetdə çalışdığım üçün işlərim bir az çoxdur. Bu baxımdan deyə bilmərəm siyasi fəallığım hansı səviyyədə olacaq. Siyasi fəallığım partiyanın proqram və fəaliyyəti çərçivəsində olacaq. Bu istiqamətdə mən də gücüm çatan qədər, vaxtım imkan verdiyi qədər siyasi partiyama və onun siyasi fəaliyyətinə dəstək verəcəm”, - deyə V.Əyyub bildirib.
Vurğun Əyyub 2010-cu ildə Qars şəhərindəki Qafqaz Universitetində çalışmaq təklifi aldığından maddi problemlərlə əlqədar Azərbaycanı tərk etmişdi. Vurğun Əyyub bu yaxınlarda vətənə qayıdaraq Bakıdakı Xəzər Universitetində çalışmağa başlayıb.
Vurğun Əyyub 1992-93-cü illərdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri olub. Onun rəhbərliyi ilə Azərbaycanda ali məktəblərə ilk dəfə olaraq test üsulu ilə tələbə qəbulu həyata keçirilib.
Anar RÜSTƏMOV