“Aşura” günü 1602,8 litir qan toplanılıb. Modern.az xəbər verir ki, bu barədə səhiyyə nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, səhiyyə nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü «Aşura günü"ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.
Aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "İçəri şəhər Cümə", "Qaraçuxur", "Hacı Soltan-Əli", Keşlə qəsəbə məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt şəhər Cümə, Mingəçevir şəhər Heydər, Şəki şəhər, Gəncə şəhər İmamzadə, Bərdə şəhər Cümə, Lənkəran şəhər Böyükbazar məscidlərində, və Mərkəzi Qan Bankının Şirvan və Quba bölmələrində keçirilib. Təşkil olunan qanvermə aksiyalarda 4007 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1602.8 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, ötən illərlə müqayisədə bu il qanvermədə daha çox könüllü iştirak edib. Belə ki, 2011-ci ildə 3409 nəfər qan verib və 1363.6 litr qan tədarük olunub.
Modern.az