“Kişi kimi yaşamışıq, kişi kimi öləcəyik?” şüarı keçmişdə qaldı
“Son dövrlər qadınlarla bərabər kişilər də zorakılığa məruz qalır, hətta öldürülürlər də”. Bunu Modern.az-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması nadir haldır. Amma etiraf etmək lazımdır ki, hərdən kişilər də qadınlar tərəfindən zorakılığa məruz qalır”.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu ilin on ayı ərzində 45 kişi evdə öldürülüb.
“Amma müqayisə aparılarsa görərik ki, qadınlar kişilərdən daha çox zorakılığa məruz qalır. Belə ki, bu ilin oktyabr ayına kimi 47 nəfər qadın əks-cins tərəfindən zorakılığa məruz qalıb. Bunlardan 18-i müxtəlif səbəblərdən zorakılığa məruz qalıblar. Digər 29 nəfər qadın isə zorakılığın qurbanı olaraq öldürülüblər. Bu və ya başqa səbəblər nəticəsində 80 nəfər qadın, 121 nəfər kişi canına qəsd edib. İntihar edənlər arasında isə uşaqların sayı 9 nəfər olub”.
“Sağlam Toplum” İB-nin apardığı bir araşdırmaya görə, bizim ölkədə kişilərin 2,1 faizi tez-tez, 1,2 faizi hərdənbir xanımları tərəfindən fiziki zorakılığa məruz qalır. Kişilər ümumiyyətlə, daha çox mənəvi zorakılığa məruz qalır. Sözügedən təşkilatın məlumatına görə, kişilərin 69 faizi, qadınların 73,2 faizi həyat yoldaşlarına təhqir, lağ etmə, kobud davranma kimi mənəvi zorakılıq göstərir.
Gültəkin Ələsgər