“Prezidentin Aşqabada getməməsi Rusiyanın bəzi ambisiyalı planları ilə bağlı ola bilər” .
Bu barədə politoloq Qabil Hüseynli prezident İlham Əliyevin MDB-nin dünən Aşqabadda keçirilən sammitinə qatılmaması ilə bağlı mövqeyini Modern.az-a şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, prezidenti İlham Əliyevin Aşqabad sammitinə qatılmamasının səbəbləri rəsmən açıqlanmasa da bu, bir sıra amillərlə bağlı olar bilər. Q.Hüseynli xüsusən də bu istiqamətdə Rusiyanın rolunu xüsusi qeyd edib. Onun fikrincə, ölkə başçısı MDB sammitinə Rusiyanım bu təşkilatla bağlı ombisiyalı planlarına görə, getməyə də bilər.
“Prezidentin İlham Əliyevin Aşqabad sammitində iştirak etməməsi əlində olan bəzi vacib işlərlə də bağlı ola bilər. Onu da deyim ki, Azərbaycan prezidenti bütün sammitlərdə iştirak etməyib. Elə sammitlər olur ki, prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə əvəz edir. Hesab edirəm ki, bununla yanaşı İlham Əliyevin Aşqabad sammitində iştirak etməməsi Rusiyanın MDB ilə bağlı həyata keçirmək istədiyi bəzi ambisiyalı planlarla bağlı ola bilər. Rusiya özünü Aşqabad sammitində həddən artıq emosional aparırdı. Putin ATƏT-i kəskin tənqid etdi. Görüşdə həmçinin MDB-nin səmərəliliyinin artırılması da qeyd edildi. Hətta iş o yerə çatdı ki, MDB-yə daxil olan ölkələrin vahid valyutasının yaradılması haqqında təklif qəbul edildi. Bir sözlə keçmiş Sovetlər ittifaqının ərazisində yeni inteqrasiya birliyinin yaradılması haqqında yeni bir model təqdim edildi. Bu da kifayət qədər təhlükəli və eyni zamanda başa dövlətlərin suverenliyinə ziyan gətirən məqamlardır. Bu səbəblər onu göstərir ki, hər şey Rusiyanın diqtəsi altında reallaşa bilər. Vladimir Putinin əsəbi bir formada təqdimatında bu özünü göstərdi ki, MDB-nin işində məsələlər artıq əvvəlki kimi deyil. Rusiyanın nöqteyi-nəzərindən MDB işlək bir orqana çevrilməlidir. Dünyada bir siyasi qütbləşmənin getməyə başladığını qeyd etmək olar”, - deyə Q.Hüseynli şərh edib.
Qeyd edək ki, MDB-yə üzv ölkələrin növbəti zirvə toplantısı dünən Türkmənistanın paytaxtı Aşqabadda keçirilib. Sammitdə Azərbaycanı Baş nazir Artur Rasizadə təmsil edib.
Anar RÜSTƏMOV