Yeni il tədbirləri ilə bağlı məktəb direktorlarına xəbərdarlıq olunub
“Yeni il bayramı ilə bağlı şənliklərin keçirilməsinə görə şagirdlərdən pul yığılması qəti şəkildə qadağan olunub. Belə hallara yol verən məktəblərin rəhbərliyi barəsində çox kəskin mövqeyimizi ortaya qoyacağıq ”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az-a açıqlamasında belə deyib. O, qeyd edib ki, məktəblərdə Yeni il şənliyi təhsil müəssisəsi tərəfindən təşkil olunmur.
“Bu məsələlərlə bağlı münasibətimiz ənənəvidir” deyən Z.Əliqızının sözlərinə görə, Yeni il şənliyinin keçirilməsi hamının öz istəyindən asılıdır. Sektor müdiri deyib ki, Yeni il şənliyi ibtidai siniflər tərəfindən keçirilir. Bu da həmin siniflərin öz təşəbbüsü ilə baş verir. Belə tədbirlərə təhsil müəssisəsi müdaxilə etmir.
Zəminə Əliqızı bildirib ki, hansısa təhsil müəssisəsində bununla bağlı pul yığılmasını dəstəkləmirlər və heç vaxt da dəstəkləməyəcəklər:
“Ümumiyyətlə məktəblərdə pul yığılması ilə bağlı çox narahatlıq yaranıb. Heç direktorlar da belə məsələlərə müdaxilə etmirlər ki, artıq söz-söhbət yaranmasın. Odur ki, orta məktəblərdə pul yığılması ilə bağlı hələki bizə heç bir müraciət daxil olmayıb. Şagirdlər ayın 29-dan etibarən qış tətilinə çıxacaqlar. İstəyən valideyn öz övladlarının Yeni il şənliyini özü təşkil edir. Müəssisə tərəfindən belə şənliklər təşkil olunmur, əgər valideynlər belə bir şənlik keçirmək istəyirlərsə, təşkil edə bilərlər. Çox xahiş edirik ki, keçirəcəkləri tədbirlərlə bağlı söz-söhbətə əsas verməsinlər”.
Z.Əliqızı onu da bildirib ki, hansısa məktəbdə şagirddən bircə qəpik də istəyərlərsə, 441 06 19 nömrəli “qaynar xətt”ə müraciət edilə bilər. Bu günə kimi “qaynar xətt”ə heç bir müraciətin daxil olmadığını söyləyən sektor müdirinin sözlərinə görə, əgər belə bir hal olarsa, araşdırılacaq və məsələ öz təsdiqini taparsa, çox kəskin mövqe ortaya qoyulacaq.
“Çünki biz həmişə bunun əleyhinə olmuşuq və bundan sonra da mövqeyimiz dəyişməyəcək. Məktəbdə heç bir ad altında pul yığıla bilməz”.
Gültəkin Ələsgər