2013-cü il seçki prosesində gənc siyasi fəalların rolundan çox şey asılıdr. Modern.az partiyaların gənclər təşkilatlarının rəhbərlərindən seçki prosesi müddətində necə işləyəcəklərini soruşub.
YAP Gənclər Birliyinin sədri Seymur Orucovun fikrincə, hər bir gənclər təşkilatı öz liderinin qalib olmasını istəyər və bu yöndə içlər aparar. “Təbii ki, YAP olaraq biz öz liderimizin arxasınca gedəcəyik. Tam dəstək olaraq bu istiqamətdə işlər aparacağıq. Təbliğat-təşviqat kampaniyasına gəlincə, bunun hansı formatda olacağını demək hələ ki tezdir. Bu taktika seçki ərəfəsində qərarlaşdırılacaq və bununla bağlı işlər görüləcək”.
Müsavat Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı isə bunun gənclər birliklərinin formatından və strukturundan asılı olduğunu bildirdi. “Gənclər təşkilatları formatlarına görə fərqlənir. Elələri var ki, heç bir partiyaya mənsub deyillər. Biz isə əsasən partiya gənclər təşkilatı olaraq, rəhbərliyimizin bizim qarşımıza qoyduğu məqsədlərə xidmət edirik. Müsavat Partiyasının verəcəyi qərarları icra edəcəyik. Gənclər olaraq yəqin ki, bizim üzərimizə daha çox təbliğatı məsələlərlə bağlı məsuliyyət düşəcək. Seçki kampaniyasında bir çox tədbirlərimiz nəzərdə tutulur və bunları həyata keçirməyə çalışacağıq. Eyni zamanda digər planlarımız da var, amma indidən bunları demək məqsədəuyğun olmazdı”.
AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı qeyd etdi ki, seçki günü məntəqələrdə gənclərin müşahidəsi nəzərdə tutulur. “Əgər seçki demokratik və ədalətli olacaqsa, o zaman gənclərin də aktiv iştirakı nəzərdə tutulur. Seçkilərin monitorinqinin təşkili məsələsi də artıq gündəlikdədir. Bu təcrübələrə söykənərək seçki günü məntəqələrdə müşahidəçi qismində çıxış etmək AXCP Gənclər Təşkilatı olaraq fəaliyyət planımıza daxildir”.
Ümid Partiyası sədrinin gənclər işi üzrə müavini Ruslan İzzətli proqramlarının və fəaliyyətlərinin detallarının müəyyən məqamlarını açıqladı. “Regionlarda Ümid Partiyasının rayon şöbələrinin gənclər komitəsi yenidən formalaşdırılır. Çünki hər bir siyasi prosesin aparıcı və dinamik qüvvəsi gənclikdir. Ona görə də çalışırıq ki, gəncləri bu proseslərə sövq edək. Partiyamızın sədri İqbal Ağazadəni “gənclərin namizədi” kimi tanıtmağa çalışırıq. Bununla yanaşı, flaş-moblarımız olacaq və təbliğat-təşviqat kampaniyalarımızın formatını müəyyənləşdiririk. Yanvar ayından sonra bu işlərə start verəcəyik”.
Klassik Xalq Cəbhəsi Partiyasının gənclər məsələləri üzrə müşaviri Sərxan Carçı qeyd etdi ki, bitərəf gənclərin bu prosesə cəlb edilməsi prioritetdir. “2013-cü ildə bitərəf gənclərlə görüşümüz nəzərdə tutulur. Partiyamızın namizədi olacaq şəxsin PiaR kompaniyasının aparılması düşünülür və bitərəf gənclərin bu işə cəlbi də gündəmdədir”.
Ana Vətən Partiyasının Gənclər Təşkilatının sədri Vüsalə Məmmədova bildirdi ki, Azərbaycan Respublikasının prezidenti, İlham Əliyevin namizədliyinə dəstəkləyəcəklər. “Biz YAP namizədi İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik. Partiyamızın bizə verdiyi səlahiyyətlərdən asılı olaraq, lazımi tədbirləri keçirəcəyik. Biz vaxtaşırı olaraq, partiyamızın rayonlardakı gənc üzvləri ilə görüşür və müəyyən tədbirlər keçiririk. 2013-cü il seçki kompaniyasında gəncləri siyasi maarifləndirmə istiqamətində işlər aparacayıq”.
Aqşin Kərimov