Modern.az

“Əsas məsələ Putinin dostu olmaq deyil, Azərbaycanı sevməkdir”

“Əsas məsələ Putinin dostu olmaq deyil, Azərbaycanı sevməkdir”

Ölkə

7 Dekabr 2012, 10:20

İlham Rəhimov kimdir - Putinin dostu, yoxsa..?

Azərbaycanlı tanınmış iş adamı, professor İlham Rəhimovun ara-sıra mətbuatda ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildirməsi və eləcə onun ölkə miqyasında “Putinin dostu” kimi tanıdılması siyasi müstəvidə birmənalı qarşılanmır. İlham Rəhimovun belə bir təqdimatla siyasi divident qazandığını düşünənlər də az deyil. Bəziləri hesab edir ki, İlham Rəhimovun Putinlə şəxsi münasibətləri ölkə üçün də mühüm əhəmiyyətə malikdir. Bu baxımdan onun Azərbaycan namimə böyük işlər görmək imkanı qaçılmazdır.

Amma bir qisim də düşünür ki, iş adamı bu dostluqdan daha çox sui-istifadə edir, nəinki Azərbaycanın mənafeyi üçün...  Bəs, İlham Rəhimov Putinin dostu kimi Azərbaycan naminə nə edib? Onun ölkə siyasətinə “Putinin dostu” kimi inteqrasiyasının pərdəarxasında hansısa siyasi məqam dururmu? “Putinin dostu” olmaq Azərbaycanda siyasi karyera üçün hansı anlamı özündə ehtiva edir?

Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün bir neçə siyasi partiya rəhbərindən münasibət öyrənib. Onlar professor İlham Rəhimovun “Putinin dostu” kimi təqdimatını necə qarşılayırlar?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun professor İlham Rəhimovun ölkədə “Putinin dostu“ kimi təqdimatına münasibəti fərqlidir. O, Modern.az-a açıqlamasında İlham Rəhimovun Rusiya prezidentlə yaxın ailəvi münasibətlərinin olduğunu bildirsə də, tanınmış iş adamının Azərbaycan üçün rəsmi Moskvaya təsir imkanına malik olmadığını bildirib.

“İlham Rəhimov Putinin dostu olsa da, buna gücü çatmaz...”

“Bu faktdır ki, o universitetdə Putinlə bir qrupda oxuyub. O, bunu dana bilməz. İlham Rəhimov Putinlə dostluğunu da dana bilməz. Onların çox yaxın ailəvi münasibətləri var. İlham Rəhimov bu dostluqdan niyə də siyasi divident kimi istifadə eləməsin? Amma burada əsas məsələ odur ki, dövlət dostluqla idarə olunmur. Bu baxımdan çoxları İlham Rəhimovdan Azərbaycan üçün çox şey gözləsə də, mən düşünmürəm ki, onun Azərbaycanla bağlı Rusiyaya təsir etmək imkanı olsun. Hətta Putinin özünün belə, Rusiyanın Azərbaycanla bağlı siyasətə təsir etmək imkanı yoxdur. Ona görə ki, Rusiyanın kimin idarə etməsindən asılı olmayaraq, burada əsas amil dövlətlərin bir-birlərini olan münasibətləridir. Odur ki, İlham Rəhimovun Putinlə dostluq əlaqələri ola bilər, amma bu, onun Rusiyaya təsir imkanı demək deyil”, - deyə S.Cəlaloğlu bildirib.

“Biz Putinlə dostluqdan imkan daxilində istifadə etməliyik”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa da isə İlham Rəhimov-Putin dostluğunun ölkəmiz üçün mühüm əhəmiyyətə malik olduğunu düşünür. Partiya sədrinin sözlərinə görə, azərbaycanlı iş adamının Putinin dostu kimi cəmiyyətdə tanınması heç də qəbahət deyil.

“Hər kəsin özünün dostu da, yaxını da olduğu insan ola bilər. Hər kəsində Azərbaycan üçün gördüyü işi kimsə bilməyə bilər. İlham Rəhimov Azərbaycan üçün bəlkə elə işlər görür ki, bizim xəbərimiz yoxdur. İlham Rəhimovla Rusiya prezidenti arasında dostluq varsa, o, çalışmalıdır müəyyən mənada bütün imkanlardan ölkəmiz üçün yararlansın. Bu onların şəxsi münasibətləridir, hesab edirəm ki, burada belə bir təqdimatda da qəbahət yoxdur”.

F.Mustafa daha sonra İ.Rəhimovun siyasətə qoşulmaq istəyi ilə bağlı şərhlərə münasibət bildirib. Millət vəkilinin sözlərinə görə, İlham Rəhimovun bu addımına irad bildirmək yersizdir.

“Onun siyasətə qatılması ilə bağlı deyə bilərəm ki, siyasət hər kəsin seçə bildiyi bir peşədir. İlham Rəhimov da belə bir adla siyasi meydana qoşulmaq istəyirsə, məncə, nəyisə irad bildirmək də düzğün olmazdı. İlham Rəhimov fərq etməz Putinin dostudur və yaxud da dostu deyil. Əksinə biz çalışmalıyıq ki, Rusiyada belə bir dostluq əlaqəsi olan insandan bütün Azərbaycan naminə istifadə edilib, Rusiya ilə münasibətlərimizdə faydalana bilək”, - deyə deputat bildirib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?