Yeni Azərbaycan Partiyası Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobianın prezident seçkiləri ilə bağlı çıxışına münasibət açıqlayıb. Hakim Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında Roland Kobianın prezident İlham Əliyevin növbəti seçkilərdə daha şanslı olması haqda dediklərini müsbət qiymətləndirib. YAP rəsmisi bildirib ki, nəinki Roland Kobia, həmçinin bütün dünya bilir ki, prezident İlham Əliyevin Azərbaycanda alternativi yoxdur.
“Bu gün nəinki Roland Kobia, bütün dünya, bütün Azərbaycan xalqı, tərəqqipərvər bəşəriyyət bilir ki, İlham Əliyevin Azərbaycanda alternativi yoxdur. Azərbaycanda günü bu gün prezident seçkiləri keçirilsə, 99,9 faiz əhali prezidentimizə səs verərək onu yenidən prezident seçəcəklər. Yəni, bunun əsas bazası var. Prezidentimizin fəaliyyəti dövründə görüdüyü işlər, apardığı siyasət, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil etməsi, ölkəmizə həyata keçirilən genişmiqyaslı islahatlar bunu deməyə əsas verir”, - deyə millət vəkili vurğulayıb.
Prezident İlham Əliyevin Azərbaycanda gördüyü işlərdən söz açan S.Novruzovun fikrincə, beynəlxalq təşkilatlar ölkə başçısının fəaliyyətini müsbət qiymətləndirir.
“Mən bir fakt deyim. Azərbaycanda prezidentimizə qədər ümimmilli lideri çıxmaq şərti ilə 16 nəfər birinci şəxs olub. Yəni 20-ci ildən tutmuş indiyədək. Onların 16-sının birlikdə prezidentimizin regionlara etdiyi qədər səfər etməyib. Prezident İlham Əliyevin 9,10 ildə regionlara etdiyi səfər onların 16-sının birlikdə 70, 80 ildən artıq rəhbərlik elədikləri dövrdəki səfərlərindən çoxdur.
Bunların hamısı göstərir ki, prezident Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bunu beynəlxalq təşkilatlar da, ayrı-ayrı siyasətçilər də görüb qiymətləndirirlər”.
Anar RÜSTƏMOV