Böyük Quruluş Partiyasının sədri (BQP), millət vəkili Fazil Mustafa paytaxt küçələrində yerləşdirilən reklam lövhələrindən narazılığını bildirərək Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcək. Modern.az-ın məlumatına görə, bu barədə Facebook səfihəsində məlumat verən deputat məşhur parodiya ustaları Rafael və Coşqunun qadın paltarında çəkildiyi reklam lövhələrinin yol kənarlarından yığışdırılması ilə bağlı paytaxt merinə məktub göndərəcəyini bildirib.
“Son vaxtlar Bakı şəhərinin əksər ictimai yerlərindəki reklam lövhələrində “Azərsell” Şirkətinin fəaliyyətini təbliğ edən reklam çarxından götürülmüş müxtəlif afişalar yerləşdirilmişdir. Bu afişalarda yer alan şəkillər Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında ciddi müzakirə mövzusuna çevrilmişdir. Belə ki, konkret bir reklama aid afişalarda qadın geyimi geymiş bəzi kişi cinsinə mənsub aktyorların gülümsəyərək şirkətin təbliğatını həyata keçirməsi cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac vermişdir. İnsanlar bir tərəfdə Olimpiya çempionlarının reklam çarxları ilə qürur duyur, digər tərəfdən isə qadın paltarı geymiş kişilərə baxıb xəcalət hissi keçirirlər. Onsuz da şəhərimizdəki nəqliyyat tıxaclarından təngə gəlmiş vətəndaşlarımızın üstəlik bu cür bədnam reklam afişalarından da psixoloji sarsıntılar yaşamasına yol vermək olmaz. Bakıya gələn xarici qonaqların da Azərbaycan kişilərinin qadın geyimində şəkillərini görüb ölkəmiz haqqında başqa cür düşünə biləcəklərini də diqqətə alaraq, cəmiyyətimizə hörmətsizlik gətirən bu afişaların dərhal yığışdırılması üçün tərəfinizdən tədbirlər görüləcəyinə ümid edirəm”, - deyə F.Mustafa paytxat merinə müraciət edib.
Anar RÜSTƏMOV