AMİP sədri Yusif Bağırzadə tərəfindən müxalifətin vahid namizədi olaraq partiya lideri Etibar Məmmədovun adının irəli sürülməsi müxalif düşərgədə birmənalı qarşılanmadı. ADP sədri Sərdar Cəlaloğlu AMİP liderinin müxalifətin vahid namizədi olması təklifininə münasibət bildirib. Partiya sədri Modern.az-a açıqlamasında Etibar Məmmədovu müxalifətin lideri olaraq seçkilərdə vahid namizəd kimi görmədiyini bildirib. S.Cəlaloğlunun sözlərinə görə, Etibar Məmmədov 20 illik siyasi dönəmdə liderlik iddiasında olmayıb.
“Etibar bəy 1988-ci ildən bəri dəfələrlə seçkilərdə iştirak edib. Heç vaxt da müxalifətin ümumi lideri iddasında olub, nə də bu iyirmi ildə fakt olub ki, üç-beş partiya Etibar bəyi müdafiə etsin. Əgər bu iyirmi illik dönəmdə təcrübədə olmayıbsa bu fikrin real olmasının ehtimalı çox azdır. Bunlar sadəcə təkiflərdir. Qurban Məmmədov deyir ki, vahid namizəd ƏLi Kərimli olmalıdır, Yusif Bağırzadə deyir ki, Etibar Məmmədov olmalıdır. Rəsul Quliyev tərəfdarları da deyir ki, müxalifətin əsas lideri məhz Rəsul Quliyev olmalıdır. Bu normal haldır ki, hərə öz müdafiə etdiyi şəxsi öz lideri kimi görməlidir. Əks halda adam deyərlər niyə onu müdafiə edirsən?”
Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə mətbuata verdiyi müsahibəsində təmsil etdiyi müxalifət düşərgəsinin ən real namizədinin partiya lideri Etibar Məmmədovun olduğunu bildirib.
Anar RÜSTƏMOV