Ölkədə əksər avtomobil sahibləri hər il keçirilən texniki baxışdan heç də razı deyillər. Son vaxtlar bu məsələ ilə bağlı bir neçə fikirdə səsləndirildi. Sürücülərin bir çoxu bunun ləğvini istəsə də, qanunvericiliklə bu prosedura məcburidir. Bir çoxları avtomobillərin texniki baxışının Baş Dövlət Yol Polisi İdarəsindən alınıb, özəl şirkətlərə verilməsinin tərəfdarıdır.
Qonşu Rusiyada avtomobillərin texniki baxışı ləğv olunub. Digər qonşumuz Türkiyədə isə avtomobillərin müayinəsi yol polisindən alınaraq sığorta şirkətinə həvalə edilib. Təzə avtomobillər Fransa, İspaniya, Cənubi Koreya, Rusiya, Qazaxıstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad edilirlər. Fransa və İspaniyada 3 ili tamam olandan sonra istismar müddətinin 10 ilinə qədər maşınlar 2 ildən bir texniki baxışdan keçirilir. Almaniya və Yaponiyada maşın yalnız 11-ci ilinə keçdikdə hər il texniki baxış tələb olunur. Rusiya və Qazaxıstanda 7, Polşada 4 ildən sonra hər il avtomobillərin texniki baxışdan keçirilməsi məcburi xarakter daşıyır. ABŞ-ın 13 ştatında isə avtomobillərin texniki baxışdan keçməsi vacib deyil. Yəni bu, maşın sahiblərinin istəyindən asılıdır. Digər ştatlarda isə ya hər il, ya da 2 ildən bir bütün avtomobillər texniki baxışdan keçmək məcburiyyətindədirlər. Çində isə vahid texniki baxış sistemi mövcud deyil, hər vilayət öz qaydasını tətbiq edir
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hər ölkənin öz qanunvericiliyi var və bu qanunvericiliyə də əməl olunmalıdır. Şöbə rəisinin sözlərinə görə, ölkə qanunlarının tələbinə uyğun olaraq, nəqliyyat vasitələri istehsal olunduğu il istisna olunmaqla, növbəti illərdə hər bir avtomobil ildə bir dəfə texniki baxışdan keçməlidir.
“Avtomobillərin texniki baxışdan keçirilməsi məqsədilə Bakı şəhərində 15 müayinə xəttindən, müasir texniki ölçü cihazları və avadanlıqla təchiz olunmuş böyük bir müayinə mərkəzi bir il yarımdan çoxdur ki, sürücülərin istifadəsinə verilib. Eləcə də ölkənin digər rayonlarında 11 regional qeydiyyat, imtahan və texniki baxış şöbələri yaradılıb. İstənilən avtomobil qeydiyyat yerindən asılı olmayaraq ürəyi istədiyi regional texniki şöbədə və yaxud da Bakıda müayinə mərkəzində texniki baxışdan keçirə bilər. Texniki baxışdan keçirmə birinci növbədə sürücülərin özləri üçün daha əlverişlidir. Çünki 10 manat dövlət rüsumu qarşılığında öz avtomobillərini əməlli başlı müayinə etdirirlər. Yəni onun texniki hissələrinə nəzarət olunur, bundan əlavə müvafiq mühərrik, avtomobilin nömrəsinin onun qeydiyyat şəhadətnaməsindəki nömrə ilə uyğun gəlməsi yoxlanılır. Sözsüz ki, bu bir çox oğurluq hallarının qarşısını alır. Bundan başqa nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə, yolda istismarını təmin edir”.
K. Əliyev texniki baxışın ləğv olunmasının sürücülər üçün əlverişli olmadığını deyib. DYP rəsmisi bildirib ki, texniki baxış özəl sektora verilsə, özəl sektor avtomobilin texniki müayinəsini 10 manata etməyəcək. “Özəl sektorun lazımi avadanlıqları alması o qədər yüksək vəsait tələb edir ki, şirkət həmin məbləğə texniki baxış keçirməyəcək. Onun kommersiya marağı olduğundan o çalışacaq ki, avtomobildə daha çox nöqsan tapsın ki, avtomobilə həm mexaniki ehtiyat hissəsi satsın, həmdə maşın üzərində müəyyən işlərin aparılmasına görə sürücüdən əlavə pul alsın. Burada dövlətin marağı ondan ibarətdir ki, təhlükəsizlik təmin olunsun. Amma özəl sektorda əsas maraq kommersiyadır. Burada həmçinin yol vergisinin yığılması məsələsi var. Bu gün həmin nəzarət yol polisindədir. Bilirsiniz ki, çətinliklə nəqliyyat vasitələrinin təxminən 75 faizini texniki baxışa cəlb edə bilirik. Bu özəl sektora verilsə onu kim cəlb edəcək? Bu gün Avropa dövlətlərinin əksəriyyətində artıq bu məsələni polisin nəzarətinə vermək istəyirlər. Çünki vergidən, icbari sığortadan yayınan sürücülərin sayı həddindən artıq çoxdur və özəl sektor artıq bu işin öhdəsindən gələ bilmir. Bu gün Rusiyanın özündə özəl sektorda də bu işlərin görülməsi bir çox sürücülərdə narazılıq hissi yaradır. Deyək ki, əvvəl onlar 50-60 manata avtomobillərini texniki baxışdan keçirirdilərsə, bu gün 200-250 manata da keçirə bilmirlər. Çünki texniki baxışdan keçirənlər onlara o arayışı vermirlər ki, avtomobildə nə qədər iş görülməlidir”.
Anar Kəlbiyev