Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova Müsavat partiyasının gənc fəalı Nigar Yaqublunun həbsdə saxlanılmasına münasibət bildirib. Modern.az saytına açıqlamasında millət vəkili bildirib ki, təsadüfən baş vermiş bədbəxt hadisəyə görə, gənc bir xanımın həbsdə saxlanmasını düzgün hesab etmir. Xalq artisti Abşeron rayon Məhkəməsinə müraciət edərək, Nigar Yaqublunu ev dustaqlığına buraxmağa çağırıb.
“Mən müraciət edirəm ki, Nigarın həbsi ev dustaqlığı ilə əvəz edilsin. Məhkəmə onun qadın olduğunu nəzərə almalıdır. Məhkəmə bitənə qədər ev dustaqlığı tətbiq edə bilərlər”-deyə Z.Xanlarova vurğulayıb.
Xatırladaq ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KamAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edirmiş. İstintaq iddia edir ki, qəza bu xanımın təqsiri üzündən baş verib. Keçirilən məhkəmə prosesləri zamanı mülkü iddiaçı iddiasını geri götürüb, hadisəyə şahidlik edən kəslər məhkəməyə gətirilərək dindirilib.
Dekabrın 7-si keçirilən məhkəmə prosesi zamanı Abşeron rayon Məhkəməsinin hakimi İlham Kərimli 16 deputatın müraciətini təmin etməmiş, Nigar Yaqublunu ev dustaqlığına buraxmamışdı. Proses dekabrın 12-də davam etdiriləcək.
Modern.az