Modern.az

“Bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim…” - MÜSAHİBƏ

“Bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim…” - MÜSAHİBƏ

12 Dekabr 2012, 09:48

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov : “İkinci dəfə görüşəndə dedi ki, “Eldar, mən səni öyrəndim, demə, sən mənə yaxın adamsan…””.

“Onunla görüşmək təhlükəli idi və risq tələb edirdi”

- Eldar müəllim, siz hakim partiyanın qurucularından, məhşur “91-lər”dən, ən əsası, sadiq Heydər Əliyevçilərdənsiniz. Bu gün-dekabrın 12-si mərhum dövlət başçısının növbəti anım günüdür. Odur ki, bu ərəfədə sabiq prezidentlə bağlı xatirələnizi bizimlə bölüşmənizi istərdik. Yəni, onu necə xatırlayırsınız, eks- prezidentlə tanışlığınızın tarixçəsi nə vaxta gedib çıxır və sair…

- Xalqımızın  böyük və müdrik oğlu, tarixi şəxsiyyət olan Ulu öndər  Heydər Əlievin hələ gənc, cavan yaşlarımdan pərəstişkarı, onun heyranı idim. Hər zaman da, bir anlıq olsun belə, onunla görüşəcəyim anın, günün xəyalı ilə yaşayırdım. 1982-ci ildə belə bir imkan yaransa da, ancaq son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri  qalan arzum reallaşdı. Bildiyiniz kimi, həmin ilin  iyul ayında Heydər Əliyev keçmiş hakimiyyət tərəfindən Bakıda yaşamağa imkan verilmədiyindən öz döğma elinə-obasına,  Naxçıvana gəldi. Həmin vaxtlar da o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər-təzyiqlər mövcuduydu, yəni, Heydər Əliyevlə görüşmək böyük risq tələb edirdi, qorxuluydu. Düzünü desəm, bunları göz önünə gəririb mən özüm də bir qədər fikirləşirdim, tərəddüd, götür-qoy edirdim, çünki yenə deyirəm, hələ SSRİ dövrü idi, Naxşıvan Muxtar Pespublikası Kommunist Partiyası Mərkəzi Komitəsin Büro üzvüydüm, Nazirlər Soveti sədrinin birinci müaviniydim, yüksək vəzifəm varıyıdı. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər Əliyevə olan məhəbbətim, bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim  və bir gün gedib Heydər Əliyevlə görüşdüm. Görüşdüm, özümü təqdim etdim, ordan-burdan da bir xeyli söhbətləşdik. Dedi ki, “Eldar, sən qorxmadın mənimlə görüşməyə gəldin?” Dedim ki, yox, niyə qorxuram ki?! Heydər Əliyev qayıdıb dedi ki, “axı, mənimlə görüşməyə gəldiyin üçün işdən səni çıxararalar?” Cavab verdim ki, yoldaş Heydər Əliyeviç, dünyada ömür müvəqqətidir, o ki qala vəzifə olsun, mən bu vəzifəyə girəndə çıxacağımı da gözümün qarşısına almışam ki, nə vaxtsa vəzifədən çıxaracaqlar, mən qorxaq adam deyiləm. Siz bizim xalqımızın böyük, dahi oğlusunuz, mənim bir insan kimi haqqım yoxdur ki, sizinlə görüşə gəlməyəm. Hətta, dedim ki,  bəlkə də başqa birisi olsaydı, gəlməyə bilərdim, amma mən naxçıvanlıyam, qeyrətim yol verməz ki, sizin kimi şəxsiyyətin görüşünə gəlməyim.

Bunun üstündən bir ay keçəndən sonra mən yenidən onun görüşünə getdim, ümumiyyətlə, hərdən onunla görüşə gedirdim, ona baş çəkirdim. İkinci dəfə görüşəndə isə dedi ki, “Eldar mən səni öyrəndim, demə, sən mənə yaxın adamsan, özün də Cəhridənsən, rəhmətlik atan Rza kişi də tanınmış dülgər olub” və sair… Sonra gülə-gülə, zarafatyana soruşdu ki, “bura - mənim yanıma yaxın adam kimi gəlirsən, yoxsa, necə?”.. Dedim ki, yox, mən elə sizi xalqımızın böyük oğlu kimi  tanımışam, pərəstiş etmişəm,  həsrətinizi çəkmişəm ki, haçansa sizinlə görüşə biləcəmmi?! Hətta, o vaxtkı söhbəti də açıb ona danışdım…

“Zarafatla dedi ki, bilsəydim, elə  qalxardım yuxarıya- birinci katibin qəbul otağında səninlə görüşərdim”

- Bayaq da qısaca olaraq bu məsələyə toxundunuz, ancaq üstündən  keçdiniz. Söhbət axı, nədən və  hansı baş tutmayan görüşdən gedirdi,elə?..

- Bilirsiniz, 1982-ci ildə Heydər Əliyev Naxcıvana  gəlməli idi.  O zaman Heydər Əliyev hələ Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyirdi. Qeyd edim ki,  o zaman, yəni, 1982-ci ilin may ayında da Naxçıvana möhkəm qar düşmüdü. Heydər Əliyev də həmin vaxt  Gürcüstana səfərdən  birbaşa Naxçıvana gəlmişdi. O vaxt  “obkom”un ikinci katibi məni yanına çağırıb dedi ki, Heydər Əliyev gələcək, sən də birici katibin qəbul otağında növbətçi duracaqsan,  Heydər Əliyev gələndə bu sözləri deyəcəksən, məruzə edəcəksən, filan-filan… Mən də yuxarıda dediyim kimi, Heydər Əliyevin pərəstişkarı idim və  bu xəbərdən həm sevindim, həm də məsuliyyət hiss edirdim, qorxurdum, yəni, Heydər Əliyevlə necə görüşəcəyəm və sair fikirlər məni məşğul edirdi. Axı, dediyim kimi, Heydər Əliyevin ömrü boyu həsrətində olmuşdum, bəzən öz-özümə deyirdim, görəsən, haçansa onunla görüşə biləcəmmi ki, əlim onun  əlinə dəysin. Eyni zamanda,  Heydər Əliyev necə  geyinir, necə qalstuk bağlayır, yerişi-duruşu necədir. Bir sözlə, həm çox sevinirdim, həm də qorxurdum. Ancaq qismət  elə  gətirdi ki, Heydər Əliyev gəldi, yuxarıya-ikinci mərtəbə qalxmadı və  birbaşa iclas zalına daxil oldu, oradan da çıxışını edib getdi. Onunla görüşmək istəyim beləliklə baş tutmadı, bir növ arzum ürəyimdə qaldı. Ancaq sən demə, necə deyərlər, Allah bu arzumu sanki eşidibmiş, onunla görüşmək qisməntini mənə nəsib edibmiş… Nə isə, bunu danışandan sonra Heydər Əliyev özünəməxsus tərzdə zarafatla dedi ki, bilsəydim, elə  qalxardım yuxarıya- birinci katibin qəbul otağında səninlə görüşərdim. Eyni zamanda  öz növbəmdə onu da dedim ki,  məhz bu mənada sizin yanınıza gəlmnişəm, qohumluq da  öz yerində. Çox sağ olun ki, yaşca  məndən böyük olduğunuz üçün siz  özünüz bunları deyirsiniz, mən desəydim, başqa cür çıxardı. Yəni, həmin vaxtdan  Heydər Əliyevlə bizim aramızda belə çox səmimi bir münasibət yarandı və qismət elə gətirdi ki, 1990-cı ildə Azərbaycan SSP Ali Sovetinə deputat seçkiləri  zamanı  Heydər Əliyev  Babək rayonunun Nehrəm kəndindən - 340-cı dairədən deputat seçildi, mən  isə həmin rayonun 342-ci Cəhri seçki dairəsindən deputat seçildim. Yeri gəlmişkən, mən o vaxt  vəzifədə işləyərkən, təvazökarlıqdan uzaq olmasın, kəndimizə, elimizə-obamıza çox köməkliklər etmişdim. O vaxt həm də belə bir məsələ də var ki, hansı vəzifəli şəxs hansı kənddən idisə və  öz kəndi üçün nəsə etsəydi, bu, özü böyük bir iş idi. Buna yaxşı baxırdıılar. Düzdür, qabaqlar  buna pis baxırdılar, ancaq sonradan artıq buna yaxşı baxırdılar.

Ona görə mən də imkanlarımdan istifadə edib, “Aqroprom”da varlı təşkilat, imkanlarm da geniş idi, məktəb binası, uşaq bağçası tikirirdim, artezian quyusu qazdırırdım, su çəkdirirdim-öz kəndimizə su çəkdirmişəm. Beləliklə, çoxlu işlər görmüşdüm, camaat da xətrimi çox istəyirdi və elə oldu ki, nəticədə alternativ qaydada  öz kənimizdən Azərbaycan SSR Ali Sovetinin deputatı seçildim. Deptuat olandan sonra bizim Heydər Əliyevlə münasibətlərimiz daha da yaxınlaşdı, istiləşdi. Ali Sovetin sessiyalarında da bir yerdə otururduq, söhbətləşirdik, dərdləşirdik. Çalşırdım ki, ona mənəvi dayaq olum, əlimdə elə bir imkan olmasa da. Xatirinizdədirsə, 1991-ci ilin fevral-mart sessiyalarında da ona qarşı hücumlar olurdu. Mənim isə əlimdən nə gələ bilərdi?.. O zaman   rəhmətlik  Afiyəddin Cəlilovun- o həm də keçmiş Ali Sovetin sədr müavinlərindən biriydi - yanına  getdim və dedim ki, fasilədən sonra çıxış edəcəyəm, Heydər Əliyevin çörəyini yeyib, indi onun üzünə ağ olanların, ona hücum edənlərin  cavablarını verəcəyəm. Onu  deyim ki, əsəbimdən də bir qədər  kövrəlmişdim, söyüş söyürdüm...

“Rəhmətlik Afiyəddin dedi ki, amanın günüdür...”

- O, sizə nə cavab verdi, bəs?

- Rəhmətlik Afiyəddin də bunu görüb dedi ki, amanın günüdür, sən belə etmə, sənin işin yoxdur, özüm danışacağam və sair. Afiyəddin mənə onu da demişdi ki, fasilədən sonra yenə hücumlar olacaq. Mən də fasilədən qayıdıb iclas zalına daxil olanda dedim ki, Heydər Əliyeviç, sizə qarşı yenə hücumlar olacaq, əlacımız dözməkdir, başqa əlacımız yoxdur.  Həmçinin dedim ki, gücüm sadəcə, ona çatdı getdim Afiyəddinə dedim,  eləcə də, özümü  saxlayammadım,  gücüm elə ağlmağa çatdı. Heydər Əliyev də güldü, dedi ki, “Eldar, neyləyək, birtəhər dözərik”. Gəlib oturanda da gördüm ki, sarı-balaca bir dərmanı çıxarıb dilinin altına qoydu. Mən əvvəl başa düşmədim, sonra bildim ki, ürək dərmandır, onu qəbul edir ki, dözə bilsin...

Bakıdan, Ali Sovetin iclasından qayıdandan sonra da tez-tez məni çağırırdı, görüşürdük.  Onu da nəzərinizə çatdırım ki, mən o vaxt vəzifədən çıxmışdım-Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən getmişdim. Kommunist Partiyası axır-axırda mənə qənim oldu...

“ Bakıdan gələnlərə dedim ki, Heydər Əliyev nə deyibsə, camaat da onu deyəcək”

- Nəyə görə?

- Məlum olduğu kimi, 1991-ci ilin mart ayında SSRİ-nin qorunub saxlanması ilə bağlı referendum keçirilirdi. Həmin vaxt Naxçıvan bu referenduma getmədi. Həmin vaxt, hətta, Bakıdan - Mərkəzi Komitədən bir nəfər katib və Nazirlər Soveti sədrinin müavini rəhmətlik Zülfü Hacıyev Naxçıvana gəlmişdi. Onlara  da dedim ki, heç nə alınan deyil. Qeyd edim ki, məni də Afiyəddin Cəlilov onlara təhkim etmişdi. Dedim ki, özünüzü də heç nahaq yerə yormayın, Heydər Əliyevlə də görüşmək istəyirdilər, qəbul etməmişdi, bildirim ki, heç görüşməyin də xeyri yoxdur, Heydər Əliyev nə deyibsə, camaat da onu deyəcək və doğrudan da, biz referenduma getmədik. Ola bilsin bunların, eləcə də, Heydər Əliyevin yaxın adamı olmağım nəticəsində yuxarılar, Naxçıvanın yeni rəhbər şəxsi - vaxtı ilə mənim yaxşılıq etdiyim şəxs - mənim vəzifədə qalmağımı istəmirdilər və sonradan vəzifəmdən də getməli oldum...Sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Düzdür, o ilk dövrdə buna razılıq vermirdi və deyirdi  arzum budur ki, atamın yanında dəfn olunum. Ancaq sonra bir daha ağsaqqalları onu yanına göndərdik və onu birtəhər razı sala bildik və beləliklə o Ali Məclisin sədri oldu. Sonrası isə məlum...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?